Rusiyadakı səfirliyimiz müraciət yaydı
- 21 fev 2017, 09:09
Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib.
Milli.az-ın
yaydığı xəbərə görə, müraciətdə bildirilib ki, Azərbaycan Respublikasının
Rusiya Federasiyasındakı səfirliyi vətəndaşların nəzərinə aşağıda qeyd edilənləri
çatdırır.
Son zamanlar Rusiyada müxtəlif yerlərdə (ticarət obyektləri, hava limanları, dəmir
yol və avtobus vağzalları, soydaşlarımızın daha çox məskunlaşdığı ərazilər və
s.) mənsubiyyəti bəlli olmayan şəxslər tərəfindən nağd pul müqabilində müxtəlif
sənədlərin (şəhadətnamə, arayış və s.) hazırlanıb-verilməsi üzrə xidmətlərin təklif
olunması qeydə alınır.
Səfirlik bir daha izah edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən,
bütün rəsmi sənədlərə görə dövlət rüsumu tutulur. Həmin rüsum səlahiyyətli dövlət
orqanı tərəfindən verilən qəbz əsasında yalnız bank ödənişi yolu ilə yerinə
yetirilə bilər. Xarici ölkələrdə sözügedən səlahiyyətli orqanlar Azərbaycan
Respublikasının səfirlikləri və konsulluqlarıdır.
Rusiyada bu, Moskvada yerləşən səfirlik, eləcə də Sankt-Peterburq və
Yekaterinburq şəhərlərindəki Baş Konsulluqlardır. Burada toplanılan konsulluq
haqları hər ayın yekunlarına dair bank köçürülməsi yolu ilə xəzinəyə ödənilir və
Azərbaycan dövlətinin mənfəətinə çevrilir. Digər yerlərdə nağd şəkildə ödənişlərin
istənilməsi qanunsuzdur. Bunu təklif edən şəxslər fırıldaqçılardır və onlar
insanların etimadından sui-istifadə edirlər. Onların vətəndaşlara verdiyi sənədlər
isə saxtadır. Belə sənədlərdən istifadə edilməsi vətəndaşlar üçün ciddi
problemlər yarada bilər.
Bununla əlaqədar səfirlik təkrar bəyan edir ki, hər hansı arayış, şəhadətnamənin
alınması, rəsmi sorğunun edilməsi və s. məqsədlərlə, yalnız Səfirliyə və Baş
Konsulluqlara müraciət edib, orada verilən ərizə-anketlərin doldurulması və
alınan qəbzlərin bankda ödənilməsi yolu qanuna uyğun hərəkət etmək lazımdır.
Demokratik.Az