İqtidar oliqarxiyasız hökumət modelinə keçir?

  • 17 fev 2017, 12:02

Rəşad Həsənov: "Rəqabətli biznes mühitinin yaradılması üçün oliqarxların idarəetmədən uzaqlaşdırılmasına ehtiyac var”

Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatının inkişafının önündə duran ən böyük əngəllərdən biri də oliqarxiya və məmur biznesidir. Ölkə iqtisadiyyatı demək olar ki, bir neçə məmur arasında bölüşdürülüb. Bu isə qeyri-neft sektorunun inkişafı üçün keçirilən islahatların müsbət nəticələr doğurmasını imkansız edir.


Son olaraq Nəqliyyat Nazirliyinin ləğv edilməsindən, Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılmasından sonra mediada oliqarxların idarəetmədən uzaqlaşdırılması mövzusunda müzakirələr başlayıb. Bundan öncə də ölkə başçısı bəzi nüfuzlu və oliqarxlaşmış nazirləri vəzifədən çıxararaq onların yerinə gənc, korrupsiyaya bulaşmamış kadrlar gətirilmişdi.


Görünən odur ki, iqtidar oliqarxları mərhələli şəkildə iqtisadiyyatın müxtəlif sektorlarından uzaqlaşdırmaq istiqamətində iş aparır. Prezident İlham Əliyevin idarəetməni "ASAN xidmət" modelinə çevirməklə bağlı planlarının olduğu da dəfələrlə bildirilir. Elə ölkə başçısının özü də çıxışlarında bu haqda bəhs edib.


Bəs görəsən, bu proses davam etsə, iqtisadiyyata və ümumilikdə ölkənin sosial-siyasi mühitinə necə təsir edəcək?


"Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu addım liberal iqtisadi mühitin formalaşması üçün çox önəmlidir: "Bu məsələ Azərbaycanda uzun müddətdir müzakirə olunur. Əgər biz liberal iqtisadi mühit formalaşdırmaq istəyiriksə, qısa müddət ərzində ölkəni inkişaf etdirmək istəyiriksə, bu kimi məsələlər aradan qaldırılmalıdır. Burada istənilən formada biznesə törədilən əngəllərdən söhbət gedir, xüsusilə də geniş yayılmış məmur biznesindən. Məmur biznesinin məhdudlaşdırılması, beləliklə də oliqarxların idarəetmədən, qərar vermədən uzaqlaşdırılması son nəticədə mərhələli şəkildə iqtisadi mühitin liberallaşmasına şərait yarada bilər. Belə ki, əvvəlki dövrdə Azərbaycanda əsasən istehlak iqtisadiyyatı istiqamətində inkişaf müşahidə olunurdu. Bu sahədə nəzarət də oliqarxların və bizneslə məşğul olan məmurların nəzarətində idi. Bu da son nəticədə ölkə iqtisadiyyatının qeyri-rəqabətli inkişafına səbəb olurdu. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün üçün xaricə məhsul çıxara bilmir və ya daxili bazarda yerli istehsalın rəqabət gücü yoxdur”.


İqtisadçının sözlərinə görə, yerli istehsal daha çox asan başa gələn məhsullara fokuslanıb: "Buna da süd məhsullarının, hansısa şirələrin istehsalı daxildir. Çox primitiv formada hissələrin birləşdirilməsi ilə son məhsulun ortaya çıxarılmasına yönələn istehsal sahələri mövcuddur ki, bunlar da ciddi mənada əlavə dəyər yaratmır. Son nəticədə bu məhsulların istehsalı ölkədə ümumdaxili məhsulun yaradılmasında böyük çəkiyə malik olmur. Ümumiyyətlə götürəndə, Azərbaycanda ümumdaxili məhsulda əsas pay təxminən 30-35 faiz yüngül sənayeyə aiddir. Bunun da böyük bir hissəsi emal sənayesinə aiddir, təbii sərvətlərin hasil edilməsidir. Bütövlükdə rəqabətli biznes mühitinin formalaşdırılması və yerli məhsulların istehsalının təmin edilməsi məqsədilə oliqarxların iqtisadiyyatdan və qərar vermədən uzaqlaşdırılmasına ehtiyac var. Əgər bu ikisi arasında əlaqə məhdudlaşdırılarsa, mərhələli şəkildə məmur biznesi aradan qaldırılarsa, son nəticədə Azərbaycanda iqtisadi mühitin liberallaşması və beləliklə də qeyri-neft sektorunun inkişafına səbəb ola bilər”.


Milli Məclisin deputatı Fazil Mustafa isə düşünür ki, əsas kriteriya gətirilən yeni kadrların islahatlara meylli olmasıdır: "Hesab etmirəm ki, yaşlı kadrların yerinə gənc kadrların gəlməsi nəyisə dəyişə bilər. İslahatçı düşüncəyə sahib olan gənc kadrlar vəzifəyə gətirilərsə, bu yolla nəyəsə nail olmaq olar. Əks halda, yaş məsələsi islahatlar aparmaq üçün heç bir halda kriteriya deyil. Bu baxımdan, mən bu məsələdə bir qədər ehtiyatlı davranmağın tərəfdarıyam. Daha səviyyəli və hazırlıqlı kadrların, cəmiyyət arasında müəyyən reputasiyaya malik kadrların vəzifəyə gətirilməsi daha müsbət nəticələr verər. Bir çox belə kadrlar var. Amma onların heç də özünü doğrultduğunu söyləmək olmaz. Bu baxımdan, məsələyə gənclik deyil, keyfiyyət prizmasından baxılmalıdır. Ümid edək ki, yeni təyin olunan kadrlar bu keyfiyyət göstəricisinə cavab verəcək”.


Deputatın fikrincə, oliqarxların vəzifədən kənarlaşdırılması, monopoliya imkanlarının əllərindən alınması iqtisadiyyata əsaslı şəkildə təsir göstərə bilməz: "Bu prinsiplə məsələyə yanaşmaq doğru deyil. Çünki hakimiyyətdə qalanların içində də oliqarxiyaya daxil olan insanlar var. İndiyə qədər həbs olunanlar da oliqarx idi, onlar vəzifədən getdikdən sonra oliqarxiya dayanmadı ki... Ona görə də məsələni daha fərqli kontekstdə götürməliyik, islahatçı xarakterə sahib olan insanlar vəzifəyə gətirilməlidir. Ola bilər ki, yeni kadr korrupsiyaya bulaşmayıb, oliqarxiyaya daxil deyil, ancaq islahatların əleyhdarıdır”.


Nərgiz LİFTİYEVA

Oxşar xəbərlər