“Heyrət, ey büt...”- Xətainin heykəli ortada qalıb

  • 17 fev 2017, 10:03

Sabir Rüstəmxanlı: "Görmüsünüzmü ki, Xətainin heykəlini kimsə əllərində gül ziyarət etsin...”; Zəlimxan Məmmədli: "1993-cü il iyul ayının 4-də heykəlin açılışını edəndə düşünürdük ki...”

Bakıda Şah İsmayıl Xətainin heykəli ucalan Yusif Səfərov küçəsində genişləndirmə işləri başlayıb. Bu məqsədlə yolu ikiyə bölən park aradan götürüləcək. Üçzolaqlı yol altızolaqlı olacaq. Bunu "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mətbuata açıqlamasında bildirib. Mediada Xətai Rayon İcra Hakimiyyətinə istinadla, heykəlin yaxınlıqdakı "Lalələr” parkına köçürüləcəyi deyilsə də, rəsmi qurumdan bu məlumatı yalanlayıblar.

İcra başçısının köməkçisi Əlican Əhmədov AzadlıqRadiosuna deyib ki, icra hakimiyyətindən belə açıqlama verilməyib və onlar heykəlin hara köçürüləcəyini bilmirlər: "Heykəllər Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Yolun genişləndirilməsi Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilir”.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şixəmmədov isə "Yeni Müsavat”a açıqlamasında onlara bu barədə rəsmi müraciət olunmadığını dedi: "Bizə hansısa qurum, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rəsmi müraciət olunanda biz onun yerdəyişməsi ilə bağlı məsələlərə baxa bilərik. Ancaq Xətainin heykəlinin yerinin dəyişməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə heç bir rəsmi müraciət edilməyib”.

 

 


Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, Xətainin heykəli elə yerində qalsa yaxşıdır: "Xətainin heykəlini Şəhidlər Xiyabanının sağ tərəfində qoya bilərlər. Amma təəssüf ki, indi orada çayxana və yeməkxana tikilir. Xətainin heykəlinin bir yeri də elə indiki yeri, Xətai rayonu idi. Vağzaldan yuxarıda vaxtilə ”Qarabağ" adlandırılan mehmanxananın yerində ola bilərdi. O mehmanxana tikilməzdən əvvəl deyirdim ki, o qayalığın üstü Xətainin heykəli üçün gözəl yerdir. Təəssüf ki, Bakıda hər hansısa bir yüksəklikdə simvolik bir heykəl yoxdur. Xətai belə bir simvol ola bilərdi. Amma indiki heykəllə yox. İndiki heykəli oturan yerdə və düşüncəli vaxtının heykəlidir. Bu heykəlin yol ayrıcında olması bəlkə də elə ən yaxşısıdır. Çünki düşüncəsi onun yollar ayrıcında olduğu vaxtın düşüncəsidir ki, bir əlində qılınc, bir əlində qələm hansını seçsin, hansı yolla getsin. Ona görə də Xətainin elə heykəli orada qala bilər. Amma onun daha böyük və başqa cür düzəldilmiş heykəli dediyim yüksəkliklərdə ola bilər. Bu yol Bakının ana yollarından biridir və burada həmişə sıxlıq olub. Düşünürəm ki, yollar genişlənsə də, Xətainin heykəli orada görüntüsünü itirməyəcək. Gələcəkdə başqa bir heykəl seçilsə, məncə, daha uyğun bir yer seçmək olar".


S.Rüstəmxanlı heykəllərin ziyarətgah olmadığını dedi: "Heykəllərin üstünə ziyarətə getmirlər. Bu heykəllər daha çox görüntü üçün yaradılır. Bakıya gələn və Bakıdan gedən bütün xətlər oradan keçir. Görmüsünüzmü ki, Xətainin heykəlini kimsə əllərində gül ziyarət etsin, üzərinə gül qoysun. Olsa gözəl olardı. Ancaq təəssüf ki, bu ənənə bizdə yoxdur. Bayram və xatirə gününü çıxmaq şərtilə, belə bir ənənə formalaşmayıb. Amma görüntü üçün heykəlin orada qalması yaxşıdır”.

 

 


"Borçalı” Cəmiyyətinin sədri, Xətai rayonunun keçmiş icra başçısı Zəlimxan Məmmədli bildirdi ki, heykəl Bakının ən görkəmli yerində olmalıdır: "Mən 1993-cü ilin iyul ayının 4-də onun açılışını etmişdim. O zaman düşünürdük ki, bu magistral yoldur, hava limanından Bakıya girən qonaqlar ilk olaraq ”bu kimdir?" deyə sual verəcəklər və siyasətçilərimiz, rəsmilərimiz tariximizi onlara danışacaq. Yəni Bakının tanıdılması Azərbaycanın tarixi ilə başlasın düşüncəsi var idi. O zaman ideya gələndə ki, bu heykəli hara qoyaq, məhz həmin ərazinin üzərində durduq. O zaman oradan bir tramvay xətti də keçirdi. O xəttin bağlanacağını və buranın artıq toxunulmaz bir prospekt olacağını bilirdik. Burada da bizim tariximizi olduğu kimi təqdim etmək imkanlarımız yarana bilər. Keçən il bir milyon vəsait xərclənib fontan qurulması, sonra fontanın uçurulmasına ehtiyac, zərurət vardımı? Xətai Azərbaycan türkünün dövlətçilik tarixində şanlı səhifələrdən biridir. Buna kim hansı bucaqdan baxırsa, bu onun təfəkkürünün məhsuludur. Ancaq Azərbaycan türk dilinin sarayda olduğu və urfan dünyasının saraya daşındığı bir dönəm mənə elə gəlir ki, indiki zamanda da bizə nümunə olacaq dönəmlərdən biridir. Şah İsmayıl Xətai yenə də ən görkəmli yerlərdən birində olmalıdır. Əgər burada yol 6 zolaqlı olacaqsa, heykəli ziyarət imkanları sıfıra bərabər olur. O zaman mən Xətainin heykəlinin Bakının mərkəzi və görkəmli yerində olmasını istərdim ki, biz onu dünyaya təqdim edə bilək. Ancaq konkret harada olsun deyə bilmərəm"


Xatırladaq ki, Şah İsmayıl Xətai Səfəvilər dövlətinin qurucusudur. Eyni zamanda Xətai təxəllüsü ilə şeirlər yazıb. Məhz onun dönəmində Azərbaycan türkcəsi dövlət dili kimi istifadə olunub. 1990-cı illərdə müstəqillik qazanan Azərbaycanda Şah İsmayıl Xətaiyə Bakıda onun şərəfinə adlandırılan rayonda heykəl qoyulub. Heykəlin müəllifi İbrahim Zeynalovdur. O zaman da heykəlin yeri mübahisələrə yol açmışdı.


P.S. Sərlövhəyə verilən Məhəmməd Füzulinin "Heyrət, ey büt” adlı qəzəlindəndir.


Günel MANAFLI

Oxşar xəbərlər