Xəbər lenti
Bütün xəbərlər

“Mənimlə zorla cinsi əlaqədə olub videoya çəkmişdi”

  • 12 fev 2017, 15:57

Bakıda sabiq məmurun güllələnməsini sifariş verən qadın və onunla birlikdə sifarişi yerinə yetirən Ramil Hüseynli hakim qarşısına çıxarılıb. Bu iş üzrə daha üç nəfər təqsirli bilinərək həbs edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu iş üzrə Günelin atası Rasim Süleymanov da həbs edilib. Digər həbs edilən şəxslər isə Həsənov Ramin və Kübarov Kübardır. Onların güllələdiyi şəxs isə Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi Hüseyn Qasımov olub.

Məhkəmə prosesində prokuror ittiham aktını elan edib. İttihama görə, 2016-cı ilin aprelində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilib.

Qətlin sifarişinə görə 40 min manat

Müəyyən edilib ki, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə qabaqcaqdan əlbir olub cinayət əlaqəsinə girərək, Hüseyn Qasımovu 40 min manat müqabilində öldürməsi barədə razılığa gəlib. Bu məqsədlə də sabiq məmuru izləyərək onun yaşadığı mənzilin qarşısına gəliblər.

İttihamda qeyd edilir ki, Hüseyn Qasımov yaşadığı binadan çıxaraq avtomobilinə oturmaq istəyib. Bu zaman Ramil Hüseynli qanunsuz olaraq gəzdirdiyi "Kalaşnikov” markalı avtomat silahdan Hüseyn Qasımova bir neçə dəfə atəş açaraq onu qəsdən öldürməyə cəhd edib. Amma o, iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib.

Sabiq məmurun oğlu həbsdədir

O da məlum olub ki, sabiq məmura qarşı sui-qəsdlə yanaşı dələduzluq da edilib. Belə ki, Günel Süleymanova atası Rasim Süleymanovla əlbir olaraq Hüseyn Qasımovun etibarından sui-istifadə ediblər. Sabiq məmurun həbsdə olan oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına kömək edəcəklərini vəd edərək onun külli miqdarda pulunu ələ keçiriblər.

Həbs edilən digər şəxslər əlavə olaraq bir neçə maddə ilə də ittiham olunurlar. Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarov sui-qəsd planından bir neçə gün əvvəl Bakıda "AS Club” barında dava salmaqda və bar sahibini döyməkdə təqsirləndirilir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə),186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham edilirlər.

"Hüseyn mənimlə zorla cinsi əlaqədə olmuşdu”

Sonuncu məhkəmə prosesində sabiq məmurun qətlini sifariş verməkdə təqsirləndirilən Günel Süleymanova ifadə verib. Elan olunmuş ittihamla özünü təqsirli bilməyən G.Süleymanova qeyd edib ki, zərərçəkmiş Hüseyn Qasımovu öldürtmək fikri olmayıb və onun qətlə yetirilməsi ilə bağlı Ramil Hüseynliyə sifariş verməyib. Günel Süleymanovanın sözlərinə görə, Hüseyn Qasımovu döyməyi və gözünün odunu almağı Ramil Hüseynliyə tapşırıb. Məqsədi isə ondan qisas almaq olub. Günel Sülymanovanın dediyinə görə, sabiq məmur hadisədən bir müddət əvvəl onunla cinsi əlaqədə olub və bunu gizli şəkildə lentə alıb. "Hüseyn mənimlə zorla cinsi əlaqədə olmuşdu. O, bu hərəkətlərinin video çəkiliş etmişdi. Bilirdim ki, mənim Hüseyndə intim hərəkətlərimlə bağlı disk var. Ondan həmin diski almaq istəmişəm”- deyə G.Süleymanova ifadəsində deyib.

Günel Süleymanova qeyd edib ki, bu məsələni Ramil Hüseynliyə danışıb. Ramil Hüseynli isə snayperinin olduğunu sabiq məmuru uzaqdan vuracağını deyib.
Ramil Hüseynli isə Günel Süleymanovadan fərqli ifadə verib. O, Güneldən sabiq məmuru öldürmək sifarişi aldığını deyib.
"Günel ilə danışdım, dedim ki, bu məsələni həll edəcəm. Danışanda bildim ki, Güneldə yaxşı pul var. Ona özümü təriflədim, dedim ki, bu işi problemsiz görə bilərəm. Məndə silah olmayıb. Onun pulunu ələ keçirmək üçün silahımın olduğunu demişəm. Həmin vaxt da pula ehtiyacı var idi. Bunu tanışım Raminə danışdım. Ramin də dedi ki, "nə məsələdir, gətir, görüşək”. Raminə dedim ki, Günelin babat pulu da var. Dedi ki, "aldat, gətir, onun pulunu fırladaq, əlindən alaq”. Dedim ki, söhbət 30-40 min manatdan gedir. Dediyi şəxsi döyəndən sonra 30-40 min manatı bizə verəcək. Sonra Günel ilə görüşdüm. Günel dedi ki, öldürmək lazım deyil, döyün, məni diskə çəkib, həmin diski ondan alın. Günel deyirdi ki, ona ancaq disk lazımdır. Mən də onunla razılaşdım”.

"Niyə silahla vurmusuz, işlər korlanıb”

Ramil Hüseynli ifadəsində bildirib ki, əvvəlcə silahı almaq üçün lazım olan 1200 manatı Güneldən alıb. O, daha sonra ifadəsində Hüseyn Qasımovu öldürmək məqsədilə özündə olan tapança ilə vurduğunu deyib: "Hüseyni vurandan sonra evə gəldim. Həmin gün səhər Günel ilə görüşdük. Günel dedi ki, "niyə silahla vurmusuz, işlər korlanıb”. Günel dedi ki, onu döyməyi tapşırıb. Sonra Günel saat 12-də görüşməyi, pulu verməyi təklif edib. Biz görüşə bilmədik, həbs olunduq”.

Adam oğurluğuna görə 12 il həbsdə yatan Ramil Hüseynli onu da deyib ki, hadisə zamanı istifadə etdiyi "AKM” markalı silahı vaxtilə Qazaxıstandan 28 min rubla alıb: "Avtomat silahlı həmişə meşədə saxlamışam. Ondan ancaq meşədə istifadə etmişəm”.

Ramil Hüseynli daha sonra ifadəsində "AS Club”da və "Günəş” hamamında baş verən dava ilə bağlı ifadə verib. O, qeyd edib ki, hamamda olduğu zaman beş nəfərin bir nəfəri döydüyünün şahidi olub və müdaxilə edib.

Növbəti məhkəmə prosesi fevralın 15-də davam edəcək.

İlkin Muradov
Musavat.com

Oxşar xəbərlər