Xəbər lenti
Bütün xəbərlər

Mehman Hüseynovun məhkəməsi təxirə düşdü

  • 10 fev 2017, 18:11

Bloqqer Mehman Hüseynovun məhkəməsi təxirə salınıb.

Bu barədə jurnalistlərə bloqqerin vəkili Elçin Sadıqov məlumat verib. Vəkil deyib ki, proses fevralın 17-si saat 10:30-a təxirə salınıb: "Baxmayaraq ki, biz məhkəmə iclasına hazır idik. Xüsusi ittiham qaydasında şikayət tam əsassızdır. Mən artıq dəftərxanaya bununla bağlı şikayət verdim”.

Demokratik.Az-ın "Azadlıq Radiosu”a istinadən məlumatına görə, vəkil prosesə jurnalistlərin buraxılmamasına da münasibət bildirib:

"İşə Suraxanı Rayon Məhkəməsində baxılır. Məhkəmə zalında cəmi 7-8 nəfərlik yer ver. Əslində, bu işə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. İşdə də gedir ki, Mehman Hüseynov işgəncəyə məruz qalması ilə bağlı açıqlamanı Nəsimi Rayon Məhkəməsi önündə verib”.

Bir gün əvvəl, fevralın 9-da vəkil Elçin Sadıqov bildirmişdi ki, bloqqer Mehman Hüseynovla bağlı Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında şikayət verib.

Xatırladaq ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Oxşar xəbərlər