"Təzadlar"ın baş redaktoru da “MTN işi”nə cəlb olunub
Ləğv edilmiş MTN-nin hazırda həbsdə olan və məhkəməsi
davam edən polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə istintaqa cəlb olunan
şəxslərdən biri də media nümayəndəsidir
Zərərçəkən Hüseyn Səfərovun epizodu üzrə dindirilən baş redaktor MTN generalı
Mövlam Şıxəliyevlə bağlı suallara cavab verib.
H.Səfərov istintaqa ifadəsində bildirib ki, əvvəllər Vergilər Nazirliyinin bir
neçə rayon idarələrinin rəisi, 2004-2009-cu illərdə "Kapitalbank”ın "Tərəqqi”
filialının müdiri olub.
2008-ci ildə MTN-ə çağırılıb və orada Vüsal Ələkbərovun təzyiqi ilə Zal
Yusifovun əleyhinə ifadə almağa çalışıblar: "Həmin gün Zalla əlbir olaraq
övladlarımın banka qoyduğu pulların mənimsənilməsində şübhəli bilinərək
tutuldum. Qızlarım Səkinə 100 min, Günay 30 min, oğlum Rüstəm isə 125 min
dollar əmanət qoymuşdu. Vüsal 2 günə 2 milyon dollar verməyimi tələb etdi, verə
bilməyəcəyimi dedim. O dedi ki, pulu özünə istəmir, Eldar Mahmudov Mövlam Şıxəliyev
vasitəsilə bu tələbi qoyub. İki gün sonra barəmdə 3 ay müddətinə həbs qətimkan
tədbiri seçildi. Həbsdə olanda Vüsal tez-tez yanıma gəlib təklikdə mənlə
görüşüb pulu tələb edirdi. Öyrəndim ki, bacımın qaynı Nizami Kazımovu da tutub
pul alıb buraxıblar. Vüsal özü dedi ki, "bax Nizami pulu çatdırdı buraxdıq, sən
isə içəridə qalacaqsan”. Mən də məcbur olub vəkilimlə evə xəbər göndərdim ki,
artıq həbsdə qala bilmirəm, 2 milyon dollar tapsınlar. Oğlum Rüstəm 1 milyon
650 min dollar pulu gətirib Vüsala verdi. O da məndən həbsdən çıxandan sonra
pulun qalanını da verməyi tələb etdi. Həkim komisiyası çağırıb ağır xəstəliyim
olması barədə rəy verdilər.
Vüsal "hələ rəhbərlik deyir gözləsin” dedi və Eldar Mahmudovun qərarını gözlədiklərini
bildirdi. Axşama kimi Vüsalın otağında oturub Eldar Mahmudovdan cavab gözlədik.
Axşam Mövlam Şıxəliyev Vüsala zəng edib Eldar Mahmudovun razılıq verdiyini
dedi. Çıxandan sonra bildim ki, mənim və övladlarımın "Hyundai”, Lexus”, "Range
Rover”, "BMW X6” maşınları, evimizdə olan bütün qızılları satıb, bir nəfərdən
400 min dollar borc alıb, qalanını da qohumlardan toplayıb pulu düzəldiblər. Mən
də bankdan 350 min dollar kredit götürüb onu da Vüsala verdim. Bundan sonra mənim
barəmdə cinayət işinə xitam verildi. Bir ay sonra Vüsal zəng edib onun üçün 2 ədəd
"Vertu” telefonu almağımı istədi, 13 min manat verib telefonları aldım və
aparıb xidməti otağında Vüsala verdim. Bir müddət sonra isə evimdə olan
"Vinçester” markalı tüfəngi məndən aldı”.
H.Səfərov müstəntiqin sualına cavab olaraq bildirib ki, Mövlam Şıxəliyev barəsində
"Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə müsahibə verməyib, sadəcə bu
barədə söhbət ediblər.
Baş redaktor A.Mərzili də bu işdə adı hallandığı üçün "MTN işi”nin istintaqına
cəlb olunub. O, şahid qismində dindirilərkən deyib ki, H.Səfərovla Beynəlxalq
Universitetin rektoru Elşad Abdullayevin iş adamı Arzu Kazımovun barəsində
verdiyi şikayətlərlə bağlı jurnalist araşdırması apararkən tanış olub: "Hüseyn
Səfərovun 2014-2016-cı illərdə verdiyi şikayətlərini və iqtisadçı ekspert kimi
müsahibərlərini qəzetdə dərc etmişik. Bununla bağlı aramızda xoş münasibətlər
yaranıb. H. Səfərov MTN-də "Texnikabank işi” üzrə aparılan istintaq zamanı
Mövlam Şıxəliyev və Vüsal Ələkbərovun ondan 2 milyon dollar aldığını mənə
demişdi. Həm də bir dəfə Nərimanov rayonunda "Şuşalılar” restoranının yanında
yerləşən adını bilmədiyim bir restoranda görüşdük. Xüsusi kabinetdə geniş söhbət
etdik, Hüseyn Səfərov MTN-də başına gələnləri təfsilatı ilə danışdı”.
Qeyd edək ki, V.Ələkbərovun cinayət işi ayrıca icraata götürlüüb və hazırda məhkəmə
prosesi davam edri. M.Şıxəliyev barəsində isə cinayət işinin istintaqı
aparılır. M.Şəxliyev zamindədir.
Demokratik.Az