Jurnalistlər Milli Məclisdəki müzakirələrə buraxılmayacaq

Milli Məclisin Əmək və
sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək komitə iclasına jurnalistlər
dəvət olunmayıb.
İclasda "Pensiya islahatları haqqında” yeni qanun layihəsi müzakirəyə
çıxarılacaq. Bu barədə anonsu elə komitənin sədri Hadı Rəcəbli bundan əvvəlki
iclasda vermişdi. O qeyd etmişdi ki, yeni qanun layihəsinin müzakirəsində Əmək
və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edəcək.
Maraqlıdır ki, yeni layihədə nələrin əks olunduğu barədə hələ ki, ictimaiyyətdə
heç bir məlumat yoxdur. Elə H.Rəcəbli də layihə barədə iclas keçirilən günə
kimi ictimaiyyətə məlumat verilməməsini komitə üzvlərinə tövsiyə etmişdi.
Qeyd edək ki, layihənin müzakirəsində parlamentdə akkreditə olunmuş jurnalistlərin
də iştirakı gözlənilirdi. Amma məlum olub ki, iclasa yalnız AzTV, İTV, AzərTAc
və "Azərbaycan” qəzetinin müxbirləri dəvət olunub.
Müzakirəyə yalnız rəsmi medianın buraxılmasının isə maraqlı səbəbi var. Komitə
sədri Hadı Rəcəblinin hər dəfə açıqladığı informasiyalar cəmiyyətdə böyük
rezonansa səbəb olur. Belə ki, bir müddət əvvəl müəllimlərə dərsdən sonra bənna
işləməyi tövsiyə etməsi, Qarabağ müharibəsi iştirakçılatına təqaüd verilməməsi
haqda səsləndirdiyi fikirlər böyük qalmaqala səbəb olmuşdu. Son olaraq isə
"Köçkünlər pəncərəni açıq qoyurdu” ifadəsini səsləndirməsi sosial şəbəkələrdə
ciddi tənqid edilir.
Ehtimal olunur ki, iclasa ancaq dövlət informasiya resurslarının dəvət olunması
komitə sədrinin tapşırığıdır. O öz dilindən çıxan informasiyaların mətbuatda
rezonans doğurmasından ciddi şəkildə narahatdır. Ona görə də yalnız rəsmi
informasiyaların mətbuatda dərc olunmasını istəyir.
Parlamentin payız sessiyasında isə spiker Oqtay Əsədov Hadı Rəcəbliyə mətbuata
az çıxmağı tövsiyə etmişdi. Elə o müddətdən bəri Hadı Rəcəbli xüsusi olaraq
saytlara və telekanallara müsahibə vermir. (Qafqazinfo)
