Siyavuş Novruzova gələn gizli zənglər araşdırılır
- 03 fev 2017, 19:45
Milli Məclisin İctimai
birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının
(YAP) icra katibinin müavini Siyavuş Novruzov son plenar iclasda çıxışı zamanı
xaricdən mobil telefonuna gələn zənglərdən bəhs etmişdi.
Deputat qeyd etmişdi ki, mobil rabitə ilə bağlı çox ciddi problemlə üzləşib:
"Axşamlar xaricdən telefonlarımıza zənglər gəlir. İnformasiya təhlükəsizliyi məsələsinə
görə, bunun araşdırılmasına ehtiyac var. "Ərəb baharı”nda da belə hallar baş
verirdi. O zaman müxtəlif adamların telefonlarına zəng gəlirdi, sonra kəsilirdi.
Bu, yoxlanışdır, bir imtahandır”.
Siyavuş Novruzov AzVision.az-a
açıqlamasında məsələyə yenidən aydınlıq gətirib. Bildirib ki, hazırda bu zənglər
gəlməkdə davam edir:
"Biz mütəmadi olaraq dünyada baş verən prosesləri izləyirik. Bununla da ölkəyə
ziyan gətirə biləcək proseslərin qarşısını alırıq. Müxtəlif ölkələrdə "Rəngli
inqlablar”, "Ərəb Baharı” və.s hadisələr oldu. Bildiyiniz kimi bu "Ərəb Baharı”
ərəblərin başına nə oyunlar gətirdi. Hazırda yüzillərlə qurulan dövlətlər
darmadağın olub, əhalisi didərgin düşüb dənizlərdə batır, insan orqanı
alverinin qurbanına çevrilib. Demokratiyadan dəm vuran, insan haqlarından
danışan ayrı-ayrı Avropa ölkələridə konslager şəraitində yaşayırlar. Biz
bunları görürük, lazımı addımları atırıq”.
S.Novruzov deyib ki, belə zənglər təkcə ona yox, başqa şəxslərə də edilir: "Mənim
Milli Məclisdəki çıxışımdan sonra bir çox şəxs bununla bağlı mənə müraciət
etdi. Yəni, çıxışımdan sonra daha çox müraciətlər oldu. Artıq aidiyyatı
orqanlar bununla məşğuldur”.
Elvin Abdulqədirov
AzVision.az