Gəncə Dövlət Dram Teatrının binası uçurulacaqmı?

  • 03 fev 2017, 18:43

 

"Demokratik.Az"-a sızan xəbərə görə, Gəncə Dövlət Dram Teatrının istifadəsində olan hazırki binanın gələcək taleyi qaranlıqdır. Xüsusi klassik üslubda inşa edilmiş hazırki teatr binasının yaxın gələcəkdə uçurulacağı, özəlləşdirilərək yerində ticarət mərkəzi tikiləcəyi iddiası var. Amma xoşbəxtlikdən bu iddianın paralelində dillərdə dolaşan nikbin və inandırıcı başqa iddialar da mövcuddur. Kimisi binanın gələcəkdə Gəncə xalçaçılıq-toxuculuq müəssisəsi kimi, kimisi də Gəncə tarixi-diyarşünaslıq muzey olaraq fəaliyyət göstərəcəyinə inanmaqdadır. İddialara əsas verən və ciddi suallar doğuran hadisə isə, illər öncə binanın təmirə dayanmasına baxmayaraq, bu məqsədlə küllü miqdarda maddi vəsait ayrıldıqdan sonra restovrasiya və əsaslı təmir işlərinin qəfildən dayandırılmasıdır.

"Demokratik.Az"-a verilən məlumata görə, ölkə başçısı cənab İlham Əliyevin ölkəmizdə teatrın inkişafına dair sərəncam və qərarlarına əsasən, Gəncə Dövlət Dram Teatrı gələcəkdə öz fəaliyyətini yeni ünvanda və müasir binada davam etdirəcək. Bu məqsədlə, 2014-cü ilin oktyabrında prezident cənab İlham Əliyev Gəncədə səfərdə olarkən Gəncə çayının sağ sahilində - M. A. Abbaszadə və Əhməd Cəmil küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi mərkəzinin qarşısında ümumi sahəsi 1,3 min kv metr olacaq yeni Dram Teatr binasının təməlqoyma mərasimində iştirak etmişdir. Sözügedən yeni teatr binasının bu il istismara veriləcəyi gözlənilir.

Binanın prospektə baxan fasad hissəsi yerdən təxminən bir metr hündürlüyündə qırmızı kərpiclə hörüldükdən sonra təmir işləri yarımçıq qalıb. Məlumata görə, işə cavabdeh olan şirkət icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə razılaşaraq, bərpasına küllü miqdarda vəsait ayrılmış binanın təmir işlərini ala-yarımçıq qoyaraq "qeybə çəkilib". Məlumata görə, aidiyyatı qurumlar təmir işlərinin hansı səbəbdən dayandırılmasını araşdırmağa başlayıb. Ortada yeyinti faktının olduğu istisna deyil. Ümid edirik ki, binanın gələcək taleyinə də aydınlıq gətiriləcək.

Osman Nərimanoğlu

 

Demokratik.Az

Oxşar xəbərlər