Goranboyun icra başçısı qızıl axtarır?-Fotolar

  • 27 yan 2017, 21:10

Ötən ilin yayında Dövlət Təhlükəsizlik Xidmətinin Goranboy rayonunda böyük əməliyyat keçirməsi barədə xəbərlər yayılmışdı. Əməliyyatın keçrilməsinə səbəb bir neçə məmurun dövlətin təbii sərvətini ələ keçirməyə cəhdi olmuşdu.

 

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, Azərbaycan - Türkiyə qardaşlığının müştərtək abidəsi sayılan Osmantəpədə deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər ifşa olunub.

Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə ekskavatorlarla qazılır. Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Su-Kanal İdarəsinin rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır. 

Baş verən hadisədə iş adamı Qulam Ələkbərovun və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin də adı hallanırdı. Sonradan yayılan məlumatlarda bildirilirdi ki, saxlanılan şəxslər bir neçə gün sonra azadlığa buraxılıb. 

Bunları xatırlatmağımızın səbəbi var. Deyəsən Nizaməddin Quliyev yenidən qızıl axtarışına çıxıb. 

Bu barədə Qaynarinfo.Az-a rayon sakinləri məlumat verib. 

Məlumatda bildirilir ki, ötən ilin yayında - DTX əməliyyat keçirəndən sonra ərazidə qazıntı işləri dayandırılmışdı. Lakin bu ilin yanvarından Osmantəpədə qızıl axtarışı bərpa olunub. Saytımıza məlumat verən mənbənin sözlərinə görə, bu ayın əvvəlindən ərazidə qazıntı işləri başlayıb. Ötən dəfəkindən fərqli olaraq, səs-küy yaranmasın deyə qazıntı işləri əllə aparılır. 

"Eşitdiyimizə görə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev necə olursa-olsun kurqanlarda olduğu güman edilən qızılları ələ keçirmək istəyir. Çünki həmin axtarışların ilkin mərhələsində rayon İcra Hakimiyyətindən iki nəfər həbs olunmuş, lakin hansısa qüvvələrin hesabına həmin şəxslər üç gündən sonra azadlığa buraxılmışdılar. Onlar heç nəyə məhəl qoymayaraq, bu ilin yanvarında yenidən Osmantəpəyə qarşı qəddarlığa başlayıb, hay-küy yaranmasın deyə burada əllə qazıntı işləri aparmağa çalışıblar. Sonda səs-küy qopduğunu görüb, yenidən həmin ərazilərin üstünü doldurub-malalamağa səy göstərib" deyə redaksiyamıza daxil olan məlumatda bildirilir.

Tarixi abidənin ərazisində kim və hansı hüquqla qazıntı işi aparır? Qadağan olunmuş ərazidə nəsə axtarmaq hüququnu bu adamlara kim verib? 

Məsələ ilə bağlı müraciət etdiyimiz, Goranboy rayon İcra Hakimiyyətinin Mədəniyyət şöbəsinin nümayəndəsi Gündüz Hacıyev Qaynarinfo.Az-a bildirdi ki, aparılan qazıntı işləri bağlı onda heç bir məlumatı yoxdur: "Mənim heç bir məlumatım yoxdur. Təbii ki, rayon ərazisində qazıntı işi olanda İcra Hakimiyyətinin məlumatı olur. Amma şəxsən mənim bununla bağlı məlumatım yoxdur. Əvvəllər mədəniyyət şöbəsi olaraq rayonun Tapqaraqoyunlu kəndində yerləşən, Azərbaycan-Türkiyə qardaşlığının müştərtək abidəsi hesab olunan bu abidəyə biz baxırdıq. İndi bizim balansımızda deyil".

İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi, mühəndis Valerik Alışov isə bildirdi ki, qazıntı işləri olub, lakin hazırda dayandırılıb: "Qazıntı işləri artıq dayandırılıb. Bununla bağlı Gündüz Hacıyevlə danışın. Onun məlumatı olar. Düzdür, həmin əraziyə əvvəllər mədəniyyət şöbəsi baxırdı. Hazırda onlar həmin əraziyə baxmırlar. Qazıntı yanvar ayında başlandı və sonradan dayandırıldı. Qazıntının nə ilə əlaqədar olduğunu bilmirəm. Bizdə göstəriş yoxdur oranın qazılması ilə bağlı. Həmin ərazi toxunulmazdır. Yəqin ki, hüquq-mühafizə orqanları qazıntı ilə bağlı müdaxilə edib ki, işlər dayandırılıb".

Məlumat üçün xatırladaq ki, ötən ilin yayında Osmantəpədə qazıntı işləri aparılarkən Mədəniyyət və Turizm Nazirliyi olaya müdaxilə etmiş və bundan sonra Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirərək qanunsuzluğun qarşısını almışdı. Bütün tarixi abidələr kimi, Osmantəpə də Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyindədir. 

Bununla bağlı müraciət etdiyimiz nazirliyin mətbuat katibi İntiqam Hümbətov onlarda məsələnin araşdırılacağını bildirdi: "Biz ötən il həmin ərazidə qazıntı aparılarkən müdaxilə etmiş və işlərin dayandırılmasına nail olmuşduq. İndi bu barədə məlumatımız yoxdu. Həmin ərazidə araşdırma apardıqdan sonra məlumat verə bilərik".




 

Demokratik.Az
Oxşar xəbərlər