Ekologiya Nazirliyinin şöbə müdiri "Demokratik.Az" da yazılanları təkzib edir

  • 26 yan 2017, 11:50

 

 

 

 

 

 

 

 

 

Xatırladırıq ki, "Demokratik.Az"-da 20 yanvar 2017-ci il tarixli, "Hüseynqulu Bağırovun Gəncədəki Ekoloji bəlası kimdir?” (Hüseynqulu Bağırovun Gəncədəki "ekoloji bəlası" kimdir? - birinci yazı)sual başlıqlı yazı dərc olunub. Yazıda tənqid hədəfi kimi adıçəkilən Gəncə şəhər, 10 saylı Ərazi Ekologiya Şöbəsinin müdir əvəzi Rəhim Qafarov saytımızla əlaqə yaradaraq sözügedən yazıya, yazıda yer alan iddialara münasibətini bildirib. Qarşı tərəf saytımızın elektron ünvanına təkzibedici məktub yazaraq mövqeyinin dərc edilməsini xahiş və tələb edib. "Demokratik.Az” saytı olaraq qarşı tərəfin mövqeyinə sayqımızı ifadə edir, Rəhim Qafarovun təkzib məktubunu şərhsiz dərc edirik:

"Mən, ötən gün sizin "Demokratik.Az” saytında "Hüseynqulu Bağırovun Gəncədəki Ekoloji bəlası kimdir?” başlıqlı yazınızı oxudum və təəssüf hissi keçirdim. Çünki hazırladığınız və yayımladığınız həmin məqalədə göstərilən fakt və iddiaların çoxu əsassızdır.

Bildirirəm ki, mən 9 ildən çoxdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə ş, 10 saylı Ərazi Ekologiya şöbəsində işləyirəm. Yazıda məlumatlı mənbənizin mənim barəmdə sizə ötürdüyü yalnış məlumatlar var. Belə ki, hazırda həvəslə çalışdığım və Ekologiya Nazirliyinin tabeliyində dövlət qulluqçusu kimi fəaliyyət göstərdiyim bu vəzifəyə hansısa havadarımın köməkliyi ilə təyin olunmamışam. Gəncə Aeroportunda işlədiyim zaman 2008-ci ildə "Dövlət Qulluğu Komissiyası”nda vakansiyaya test imtahanından uğurla kerərək şöbəmizdə məsləhətçi vəzifəsini tutmuşam. Sonradan müdir müavini, bir neçə il öncədən indiyədək isə nazirimiz cənab Hüseynqulu Bağırovun etimadı ilə Gəncə ş, 10 saylı ƏETSŞ-nin müdir əvəzi vəzifəsini daşıyıram. Çalışdığım müddət ərzində daima nazirliyin tapşırıqlarını layiqincə yerinə yetirməyə səy göstərmişəm. Kollektiv arasında mehribançılıq mühiti mənimçün həmişə ön sırada dayanıb. Əgər qismət olsa, bu nazirlikdən də təqaüdə çıxacağımı düşünürəm. Ekologiya Nazirliyi mənim üçün başqa vəzifəyə tramplin deyil, doğmalaşdığım bir ünvandır.

Yazıda göstərilən faktlardan biri, kürəkənimin mənim sürücüm olmasıdır. Onu deyim ki, kürəkənim ailə vəziyyəti ilə əlaqədar olaraq öz hesabına məzuniyyətə buraxılıb. Bundan əlavə, bildirirəm ki, Elologiya Nazirliyinin "nəqliyyat vasitələrinin və təsərrüfat texnikalarından istifadə sahələrində səmərəliliyin artırılması” haqqında 08.09.2015-ci il tarixli, 564-ü saylı əmri ilə yararsız və istismar müddəti bitmiş, çox xərc aparan avtonəqliyyat vasitələrinin silinməsi prosesi aparılmışdır. Bu səbəbdən bizim şöbədəki yararsız xidməti avtomaşın da sıradan çıxarılmışdır. Nazirlik tərəfindən Şöbələrə yeni xidməti avtomaşınların verilməsi planlaşdırılmışdır. Güya tabelə sürücünün (kürəkənimin) əvəzinə katibə Səmayə Ələsgərovanın imzalar etməsi də qətiyyən həqiqəti əks etdirmir.

Yazınızda o da qeyd olunur ki, Baş mühasib A.Məmmədovanın avtomobil qəzasında ayağı sınıb. 4 ay müddətində işə gəlmədən 100 faiz əməkhaqqı alıb. Bildirirəm ki, mühasibin ayağı sınmayıb, sadəcə ötən ilin avqustunda dizi zədələnib və bu səbəbdən də həmin vaxt 36 günlük məzunuyyətə buraxılıb

Fəaliyyətimizlə bağlı iddialara cavab olaraq deyim ki, Nazirlər Kabinetinin 03 mart 1992-ci il 122 saylı qərarına və digər qanunvericiliyə əsasən, 10 saylı ƏETSŞ-i tərəfindən ekoloji ekspertiza subyektlərinə Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət fonduna ödənişlər üçün məktublar göndərilir. Əməkdaşlarımız verilən sərəncamlar əsasında hüquqi və fiziki şəxslərin (subyektlərin) normativə uyğun şəkildə ekoloji tullantılara görə məcburi ödənişlərə cəlb olunmalarını təşkil edirlər. Hazırda səlahiyyətlərimiz çərçivəsində bu və digər məsələlər çərçivəsində rəhbərlik etdiyim 10 saylı ƏETSŞ-ində heç bir problem yoxdur. Sahibkarlardan və hansısa digər subyektlərdən əməkdaşlarımızın fəaliyyətinə qarşı heç bir şikayət də qeydə alınmamışdır.

Göstərdiyiniz digər məsələ isə şöbəmizdəki kadrların müqavilə əsasında çalışmaları ilə bağlıdır. Bildiririk ki, 10 saylı ƏETSŞ-ində müddətli əmək müqaviləsi əsasında çalışan işçilərimizin tutduğu (daşıdığı-red) vəzifələr vakant ştat vahidi kimi qeydə alınıb. Ümumiyyətlə kadr işinin təşkili – işə götürmə və ya işdən çıxarma yalnız nazirliyin səlahiyyətindədir.

Saytınızda yuxarıda yazılanların olduğu kimi dərc olunmasını xahiş və tələb edirəm.

Hörmətlə :Rəhim Qafarov Gəncə ş, 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdir əvəzi”

Demokratik.Az                                           

                             

Oxşar xəbərlər