6 yaşlı Fatimənin atası hər kəsdən dəstək istəyir

  • 24 yan 2017, 08:37
Hər gün sosial şəbəkələrdə, televiziyada və müxtəlif saytlarda qarşımıza yardıma ehtiyacı olan, xəstəlikdən əziyyət çəkən şəxslər üçün kampaniyalar aparılır. Hər kəsi təsirləndirən, qəlbini sızladan, bəlkə də sağalmasını tam ürəkdən istədiklərimiz elə məhz uşaqlar olur. Bu dəfə saytımıza müraciət edən İbad İbadov serebral iflicdən və epilepsiyada əziyyət çəkən qızı Fatimə üçün yardım istəyir. Lənkəranda yaşayan ailənin 6 yaşlı qızının yeriməsi və danışması üçün fasiləsiz olaraq fizioterapiya və müalicə olunması gərəkdir. 

Fatimənin atası Bizimyol.info-ya bildirdi ki, qızlarının serebral iflic olmasını 7 aylıq ikən biliblər: "Bakıda olan bir çox xəstəxanaya, məşhur həkimlərə göstərmişik. Bu vaxta qədər Türkiyəyə, İrana aparılıb, Rusiyadan gələn həkimlər müayinə ediblər. İlk əvvəllər tutmaları olurdu, türk həkimlərin sayəsində tutmalar, qıcolmalar dayandırılıb. Hazırda da "Epixx” və "Depakin” siroplar qəbul edir ki, epilepsiya təkrar tutmasın. Bütün həkimlər müayinələrində dedilər ki, davamlı fizioterapiya, massaj, loqoped və psixoloq yardımı ilə qızım danışa, yeriyə bilər. Bakıya gələn rus həkimlərinə isə əməliyyat üçün müraciət etmişdik. Onlar ibldirdilər ki, Fatimənin əzələ tonusu hələki çox zəifdir. Bir müddət də müalicəsi davam etdikdən sonra əməliyyat etmək olar”.

İ.İbadov deyir ki, Fatimənin müalicəsi artıq bir ildir ki, dayanıb. Səbəb İbad bəyin anasının süd vəzisi xərçənginə düçar olması olub. Ailə başçısı həm valideyninin, həm də qızının sağlamlığını qazanması üçün var gücü ilə çalışır. Ancaq Lənkəranda yaşadıqlarından hər dəfə Bakıya gəlib getmək, müalicələri davam etdirmək bir qədər çətinləşir. Maddi cəhətdən bu problemləri qarşılamaq ailə üçün də çətinləşir: "Bir ildən artıq müddətdir ki, imkansızlıqdan müalicələri davam etdirə bilmədik. Bütün həkimlər müayinə ediblər, rəyləri müsbət olub. Yəni ki, uzun müddətli, dayanmadan, ardıcıl olaraq Fatiməyə fizioterapiya, idman, masaj, loqoped, psixoloji təlim kursları keçirilməlidir. Bütün bunlar dayanmadan icra olunarsa, 2-3 il ərzində Fatimə yeriməlidir. Hazırda Türkiyəyə aparmaq nəzərdə tutulub, orada yenidən tam müayinə olunandan sonra bir müddət Türkiyədə və paralel olaraq Bakı şəhərində müalicələr aparılacaq. Prosedurları həyata keçirmək üçün keyfiyyət və təsirliyi nəzərə alınmaqla hər ay 1700 manat xərc çıxacaq. Ümumi olaraq hesablanmış məbləğ 58000 manata ehtiyacımız vardır”.

İ.İbadov deyir ki, hazırda Fatimə yeriyə, danışa bilmir, amma eşidir, sözləri qavrayır, bəzi sözləri deyə bilir: "Kimin gücü nəyə çatarsa onlardan kömək etmələrini xahiş edirəm. Qızım yeriməsi, danışması mənim üçün dünyanın ən gözəl anı olacaqdır. Köməklik edəcək hər kəsə öncədən təşəkkür edirəm”.

Ailəyə yardım etmək istəyənlər şəkildə göstərilən bank hesabına ödəniş edə bilərlər. Əlaqə saxlamaq istəyənlər isə İbad İbadovun - 0557615824, 0773010862 nömrələri ilə əlaqə saxlaya bilərlər. 

Aysel İsgəndərli
Oxşar xəbərlər