ADAU rektoru tələbə valideyinləri ilə görüş keçirib
Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin keyfiyyətinin və tələbələrin biliyinin qiymətləndirilməsinin mövcud vəziyyətinin öyrənilməsi, tələbələrin və valideynlərin universitedən məmnunluq dərəcəsinin müəyyən edilməsi, onların rəy və təkliflərinin dinlənilib idarəetmə qərarlarının qəbul edilməsində nəzərə alınması qarşıya qoyulan əsas vəzifələrdəndir.
ADAU-nun mətbuat xidmətindən "Demokratik.Az"-a verilən xəbərə görə, ötən gün universitetin rektoru, AMEA-nın müxbir üzvü,
professor İbrahim Cəfərovun göstərişi ilə imtahan sessiyasını müşahidə etmək
üçün valideynlərə şərait yaratmaqla yanaşı onlarla fakültələrdə
görüşlər də təşkil edilib. Aqrar iqtisadiyyat fakültəsində təhsil alan tələbələrin
bir qrupunun valideynləri ilə keçirilən görüşdə universitetdə tələbələrin
təhsil alması üçün yaradılan şərait və imkanlar, imtahan prosesi,
valideyn-univeristet əlaqələrinin vacibliyi, tələbələrin sosial-məişət problemləri
kimi məsələlər müzakirə olunub.
Rektor İbrahim Cəfərov valideynlərlə görüşdə deyib ki, dövlətimizin diqqəti və qayğısı nəticəsində aqrar təhsilin inkişafı üçün yaradılan şərait, o cümlədən tələbələrin sosial-məişət məsələlərinin həlli məqsədilə müasir yataqxana kompleksinin tikintisi və 17 fevral 2016-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışında iştirak etməsi, bütün tədris korpusları ilə yanaşı aqrar iqtisadiyyat fakültəsinin maddi-texniki bazasının yenidən qurulması, fakültədə azərbaycan, rus və ingilis dillərində tədrisin təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflığın təmin edilməsi, professor-müəllim heyətinin tərkibində gənclərin sayının artması, yüksək balla qəbul olan və əlaçı tələbərə əlavə stimullaşdırıcı təqaüdlərin verilməsi, tələbələr arasında məmnuniyyət sorğusunun keçirilməsi və digər görülən işlər yalnız yüksək ixtisaslı kadr hazırlığı üçündür.
Açıq və səmimi müzakirə şəraitində keçən görüşdə valideynlər övladlarının yaxşı təhsil almaları üçün universitetdə yaradılan şəraitdən məmnunluqlarını bildirməklə kompyuterdə test üsülu ilə yanaşı yazılı və şifahi imtahan formalarının təşkilinin əhəmiyyətini, dərslərin keyfiyyəti, müvafiq fənlər üzrə kitablarla təminat, universitetdə təşkil olunan ödənişsiz xarici dil kurslarının imkanlarından səmərəli istifadə edilməsi və digər məsələlər barədə danışıblar.
Təşkil olunan görüşə görə rektora minnətdarlıqlarını bilidirən valideynlər bu kimi tədbirlərin tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılmasında universitet-valideyn əlaqələrinin rolunun artırılmasına mühüm töhfə olduğunu bildiriblər.
Demokratik.Az
