Azərbaycanın 82 yaşlı baş naziri: Artur Rasizadə kimdir?

  • 21 yan 2017, 20:30

Demokratik.Az bildirir ki, ANV.az hər həftənin cümə axşamı oxucuların görüşünə gələn "Məmur portreti” adlı rubrikanı davam etdirir.

Rubrika vasitəsilə oxucular dövlət rəhbərliyində təmsil olunan, ölkənin müxtəlif sahələrinə rəhbərlik və nəzarəti həyata keçirən məmurların keçdiyi həyat yolu, ictimai mövqeyi, gördüyü işlərlə tanış olurlar.

"Məmur portreti”inin ilk qonağı Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov olmuşdu.

Bu dəfə isə üst-üstə 20 ildən artıqdır ölkə rəhbərliyində çox önəmli post tutan qocaman məmurdan – Baş Nazir Artur Rasizadənin bəhs edəcəyik.

Artur Rasizadə kimdir?

"İstiqlal”, "Şərəf”, "Şərəf nişanı” ordenləri ilə təltif olunmuş, SSRİ Dövlət Mükafatı laureatı Artur Rasizadə  26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. Gələcək Baş Nazir atasını vaxtsız itirir. Yeddi yaşında atası Böyük Vətən Müharibəsində (Krım şəhərində) həlak olur.

Balıqlar bürcünün nümayəndəsi olan A. Rasizadə deyilənə görə, həmin bürcün tipik keyfiyyətlərini özündə əks etdirmir. Bu bürcün əsas xarakterik xüsusiyyətlərinə nəzər salsaq görərik ki, "balıqlar” həmişə diqqət mərkəzindədirlər, öndə olmağı sevirlər. Artur Rasizadə isə cəmiyyətdə daha çox qapalı, iddiasız, sakit təbiətli, təmtəraqdan uzaq insan kimi xarakterizə olunur.

Gələcək Baş Nazir Gəncədə anadan olsa da, orta məktəbi Lənkəranda bitirib. 1952-1957-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.

Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib. 1973-1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975-1977-ci illərdə "İttifaqneftmaş" ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olub.

Sovet Azərbaycanında şanlı məmur...

Artur Rasizadənin məmur kimi fəaliyyəti sovetlər dönəminə, ötən əsrin 70-ci illərinin sonu. 80-ci illərinin əvvəlinə gedib çıxır. 1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri kimi mühüm postlar tutan A.Rasizadə az keçmir ki, Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini postunu tutur. Altı il bu vəzifədə çalışır.

Özəl sektorda çalışır, "məsləhətçi Rasizadə”...

Artur Rasizadə peşəkar mütəxəssisdir desək, yəqin ki, yanılmarıq. O, indiyə qədər çoxlu vəzifələrdə işləyib, böyük idarəçilik təcrübəsi var. Dövlət sektoru ilə yanaşı özəl sektorda da iş təcrübəsi var.

AXC-Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra A.Rasizadə dövlət idarəçiliyindən kənarlaşdırılır. Bir müddət müxtəlif müəssisələrdə çalışmağa başlayır.

1992-1994-ci illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləyir.

O "kreslo”nu yox, "kreslo” onu cəlb edir...

1996-cı ildə Artur Rasizadə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilir. Bir neçə ay sonra isə Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini təyinatı alır. Daha bir neçə ay sonra isə Azərbaycan Respublikasının Baş Naziri postuna irəli çəkir. 1996-cı ilin may ayından Azərbaycan hökumətinə (2003-cü ilin avqust - noyabr ayları istisna olmaqla) rəhbərlik edir.

O bu müddətdə Nazirlər Kabinetinin rəhbəri olaraq çoxsaylı işlər görür, tədbirlər həyata keçirir. Onun rəhbərliyi dövründə Nazirlər Kabinetinin tabeliyində yeni-yeni nazirliklər, komitələr yaradılır. Çoxlu sayda nazirlik və dövlət komitələri isə ləğv olunur. 

Hüseyn Cavid nəslinin nümayəndəsi...

Artur Rasizadə dahi Azərbaycan ədibi Hüseyn Cavidlə eyni nəsildəndir. Daha dəqiq desək ölkəmizin Baş Naziri dahi ədibin qardaşı nəvəsidir.

A.Rasizadənin atası Tahir Rasizadə kənd təsərrüfatı mütəxəssisi olsa da, ədəbi yaradıcılıqla da məşğul olub. 1942-ci ildə Böyük Vətən müharibəsində, Kerç uğrunda döyüşdə həlak olub.

Baş Nazir həm də peşəkar şahmatçıdır. Sovetlər dönəmində şahmat üzrə keçirilən çoxsaylı çempionatlarda qalib olub.

Artur Rasizadənin bir oğlu var. Oğlu isə bağlı isə ictimaiyyətdə heç bir məlumat yoxdur.

Demokratik.Az

 

 

 

Oxşar xəbərlər