“Ölkədən qaçmaq fikrim olsaydı, ABŞ-dan qayıtmazdım”

  • 10 yan 2017, 16:21

ANS rəhbərliyi ilə bağlı müəmma - cinayət işi yoxdur, amma... 

 


Lisenziyası ləğv edilmiş ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbərliyinin barəsində Baş Prokurorluqda cinayət işi başlanmayıb.

"Report” xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
Sultanov qeyd edib ki, şirkətin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı Baş Prokurorluqda toplanmış materiallar Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin rəhbərliyi ilə Azərbaycan Respublikasında təhsil müəssisələrində və digər müxtəlif qurumlarda uzun müddət fəaliyyət göstərən "Hizmet harekatı”nın təəssübkeşləri tərəfindən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlər edilməsi və digər faktlara dair Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinə əlavə olunub.

Qeyd edək ki, bu barədə məlumatı vəkil Elçin Sadıqov sosial şəbəkədə yazıb. Vəkil bildirib ki, ANS-lə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.


"Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın ”Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub.

Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Eyni zamanda Baş Prokrorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib" deyə, məlumatda bildirilib. 

"Yeni Müsavat”a danışan  Q.Ataşova bildirdi ki, hazırda məsələni hüquqi yolla aydınlaşdırmağa çalışır: "Hazırda vəkil bu məsələni hüquqi yolla araşdırır. Qadağadan sonra iki ay müddətində mən qanunun imkan verdiyi bütün prosedurları keçdim. Bu yolla heç bir cavab ala bilməyəndən sonra məcbur olduq ki, hüquqi prosedurlara baş vuraq. Vəkilin əldə etdiyi bu sənəd ortadadır. İndi görürəm ki, baş prokurorun müavini Rüstəm Usubov, Respublika Prokurorluğunun mətbuat xidməti və ANS rəhbərliyi fərqli-fərqli fikirlər  səsləndirir. Ortada qarışıq situasiya var. Əgər cinayət işi açılmayıbsa, nədən mənim vəkilimə bu sənəd verilib? Buna kimsə aydınlıq gətirməlidir.  Belə çıxır ki, mənə verilə sənəd saxtadır. Əgər saxtadırsa, niyə insanın taleyi ilə oynamağa qalxırlar? Bildirirlər ki, ANS rəhbərliyinin ölkədən çıxışına qadağa yoxdur. Qadağa yoxdursa, o zaman heç bir vəzifəsi olmayan mənim kimi adi bir jurnalistin aeroportda qarşılaşdığı o mənzərə nə idi? Buna bir nəfər aydınlıq gətirməlidir”. 


Qənirə Ataşova ABŞ-da siyasi sığınacaq almaq şansının olmasına rəğmən ölkəsinə döndüyünü, dövlətinə, qanunlara inandığını, lakin baş verənlərdən məyus olduğunu qeyd etdi: "Mən adətən susmağa üstünlük vermişəm. Jurnalist olsam da, bir çox məsələləri ictimailəşdirmədən, sakit şəkildə həll etməyə çalışmışam. Ancaq görürəm ki, susduqca, mənim haqqıma girirlər, mənim haqqım əlimdən alınır. Nədən bir vətəndaş olaraq mənim hüquqlarım tapdanılmalıdır? Mən jurnalist olaraq bütün dünya jurnalistlərinin iştirak etdiyi mətbuat konfransında iştirak etmişəm. Dünyanın axtardığı adamın mətbuat konfransına girib ona lazımi sualı yerində vermişəm. Necə ola bilər ki, buna görə mənim ölkədən çıxmağım yasaqlansın? Əgər mənim ölkədən qaçmaq fikrim olsaydı, mən ABŞ-dan ölkəyə dönərdimmi? Mənə müxtəlif istiqamətlərdən mesajlar gəldi ki, bu bir fürsətdir,  ABŞ-dan siyasi sığınacaq al və Azərbaycana qayıtma. Özünüz bilirsiniz, bəzi insanlar siyasi sığınacaq almaq üçün  mitinqlərdə şəkil çəkdirirlər, həmin fotonu əllərinə alıb Amerikaya, Avropaya gedirlər, siyasi sığınacaq istəyirlər. Ancaq mən bundan istifadə etmədim. Ona görə ki, mən özümə inandım, dövlətimə inandım, qanuna inandım. Mən qaçıb gizlənəcək adamlardan deyiləm. Mənim vicdanım var, mən vicdanım qarşısında hesabat verəndə rahat olmalıyam ki, mən nə etdim. Mən bir jurnalist olaraq mətbuat konfransında iştirak etmişəm və bunu mərkəzi ofisin razılığı əsasında eləmişəm. Bu gün də mətbuat konfransı olsaydı, bu gün də mənə belə bir tapşırıq verilsəydi, mən yenə də orada iştirak edərdim. Çünki mən jurnalistəm. Cinayət işi varsa, niyə məni həbs eləmirlər? Həbs eləsinlər, mən də bilim ki, terrorçuluğun təbliği ilə məşğul olmuşam”. 

Jurnalist onu da bildirdi ki, ölkədən çıxışının qadağan olunması səbəbindən xaricdən ona gələn iş təklifini də itirməli olub: "Mənim burada iş imkanlarım məhdud olduğundan Türkiyə rəsmiləri tərəfindən işə dəvət olundum. Əgər mən təhlükəli insan idimsə, nə üçün Türkiyə tərəfi məni işə dəvət edirdi? Mən orada jurnalistika və diaspora fəaliyyəti ilə məşğul olmalı idim. Onlar istəyirdilər ki, mən orada Azərbaycan, Türkiyə və ABŞ arasında diaspora fəaliyyətində aktiv olum, jurnalist olaraq bu sahə üzrə ixtisaslaşım. Çünki onlar görürdülər ki, mən bu sahədə aktivəm. Mən Amerikada olduğum zaman Türkiyə diasporası ilə çox sıx işləyirdim. Bu istiqamət üzrə işə çağırıldım. Ölkədən isə mənim çıxışıma qadağa qoydular. Əgər mən Türkiyə hökuməti üçün təhlükəli idimsə, onlar məni niyə işə çağırırlar?”

Image result for Mais Məmmədov

ANS-in ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov da "Yeni Müsavat” a bildirdi ki, yayılmış məlumatlar doğru deyil. Mirşahin Ağayev də məsələ ilə bağlı modern.az-a danışıb: "ANS-lə bağlı yayılan informasiyalarda yanlışlıq var. Bu barədə Baş Prokurorluğa məlumat vermişik”.

Nərgiz LİFTİYEVA
Oxşar xəbərlər