Lənkəranskinin qatillərindən biri İŞİD-çi olub
Ötən ilin avqustunda İstanbulda məşhur azərbaycanlı
kriminal avtoritet Rövşən Canıyevi ("Rövşən Lənkəranski”) güllələyən killerlərdən
biri İŞİD üzvü olub
Bu barədə "Sputnik” agentliyi "kriminal dairələrdəki mənbəyə” istinadən
bildirir. Mənbə təsdiq edir ki, "Rəşad Gəncinski” kimi tanınan kriminal
avtoritet Rəşad İsmayılov həqiqətən öz çevrəsində "Lənkəranskini o dünyaya göndərdiyi”
barədə danışıb. Və bunu yaxın dostu, Moskvanın göyərti kralı kimi tanınan
Cambulat Şamiloğlunun Lənkəranskinin əmri ilə öldürülməsinə görə edib.
Lakin Lənkəranskinin yaxın çevrəsindəki mənbələr onun Şamiloğlunun ölümündə əli
olmadığını deyirlər. Onu da deyirlər ki, "Rəşad Gəncinski” Lənkəranskinin
öldürülməsini sifariş edən yeganə kriminal avtoritet deyil. Bu işdə "Piter
Elçin” kimi tanınan və bu günlərdə qardaşı Masallıda güllələnən kriminal
avtoritetin, o cümlədən "Lotu Quli”nin də əli var.
Maraqlıdır ki, "Piter Elçin” Əfqanıstanda xidmət edib, qondarma "Talış-Muğan
respublikası” yarananda onun rəhbəri Ələkrəm Hümbətovun mühafizəçisi olub.
Məlumata görə Türkiyə hüquq-mühafizə orqanları Lənkəranskinin güllələnməsi
işinin təhqiqatında müəyyən yeni detallar əldə ediblər. Belə ki, killerlərin
kimlikləri məlumdur, lakin onlar çoxdan Türkiyəni tərk ediblər və yaxalanmaları
mümkün deyil. Videomüşahidə kameralarının görüntülərinə əsasən Lənkəranskini
güllələyənlər 4 nəfər olublar. Onları azərbaycanlılar və çeçenlərdir. Son məlumata
görə killerlərdən biri İŞİD terror qruplaşmasının üzvü olub. Lakin o, Lənkəranskiyə
heç də ideoloji səbəblərdən atəş açmayıb. Peşəkar döyüşçü olan həmin killer
sanballı pul qazanmaq üçün bunu edib.
Qeyd edək ki, son vaxtlar "Sputnik” agentliyi vaxtaşırı olaraq kriminal dairələrdə
gedən çəkişmələr və baş verən hadisələr barədə detallı məlumatlar dərc edir.
Demokratik.Az