2016-cı ilin ən pis məmuru - Cəlilabada biznes sahəsi kimi baxan Əziz Əzizov

  • 03 yan 2017, 10:29

Başa vurduğumuz 2016-cı il Azərbaycan üçün çox ağır bir il oldu. Belə ki, dünya bazarında neftin ucuzlaşması fonunda ölkə iqtisadiyyatı zəiflədi və dövlət büdcəsinin gəlir və xərcləri azaldı. Hakimiyyətə də aydın oldu ki, ölkənin kənd təsərrufatı başda olmaqla bir çox sahələr tamamilə sıradan çıxarılıb. Dövlət başçısı İlham Əliyevin iqtisadiiyatda artıma nail olmaq üçün verdiyi ardıcıl fərman və sərəncamlar da prezidentin mövcud vəziyyətin fərqində olduğunu göstərdi.

Bu yazımızda ölkənin ən böyük kənd təsərrüfatı rayonlarından biri olan və SSRİ vaxtı Azərbaycanın Ukraynası adlandırılan Cəlilabaddakı vəziyyəti araşdırmağa çalışacağıq. Qeyd edək ki, Cəlilabad potensialı ilə ölkənin buğda başda olmaqla digər strateji kənd təsərrüfatı məhsulları ilə təmin edə bilən rayonlardan biridir. Amma təəssüf ki, hazırda Cəlilabad bir qrup məmur oliqarxın nəzarətində olduğundan böyük torpaq sahələri zəbt edilib və rayonun təsərrüfat sahələri sıradan çıxarlıb. Fakt budur ki, Azərbaycandakı yüksək çinli məmurlar onlara tabe olan nazirlik və komitələrdən başqa rayonlara da nəzarəti həyata keçirirlər. Aparılan abadlıq və quruculu işlərinə, rayonlardakı problemlərin yuxarı dairələrə çatdırılmasında və həllində böyük dəstək verirlər. Bir sözlə, rayondakı vəziyyətə cavabdehlik daşıyırlar.

Cəlilabad da məmurlardan birinin, daha doğrusu, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun nəzarətindədir. Kərəm Həsənov əslən cəlilabadlıdır və bu rayonun problemlərini, insanlarını yaxşı tanıdığı üçün rayon onun nəzarətinə verilib. Rayonun icra başçısı isə 10 ildir bu vəzifdə çalışan Əziz Əzizovdur. Hansı Əziz Əzizov bir dövlət məmurundan daha çox cəmiyyətdə və media camiəsində biznesmen kimi tanınır. Onun rayona rəhbbərlik etdiyi dövr ərzində Cəlilabadın sosial-iqtisadi göstəriciləri pisləşmiş və rayon sakinlətindən yuxarı dairələrə şikayətlər artmağa başladı. 

İlk olaraq Cəlilabad rayonunu bu vəziyyətə gətriməkdə böyük "tövhə"si olan Əziz Əzizovun kimliyinə nəzər salaq. 

Dosye: Əzizov Əziz İmran oğlu – Cəlilabad Rayonu İcra Hakimiyyətinin Başçısı
09 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailələdir, 3 övladı var.
15.08.1985 – 16.01.1986 – Tramvay parkında xətt sahəsi təmiri ustası,
16.01.1986 – 21.09.1987 – Tramvay parkında vaqon bölməsində usta,
21.09.1987 – 20.01.1989 – Tramvay parkında yol təhlükəsizliyi müfəttişi,
31.01.1989 – 10.09.1990 – Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi,
10.09.1990 – 19.10.1992 – Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən,
19.10.1992 – 09.02.1993 – Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi,
09.02.1993 – 01.02.1996 – Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis,
05.03.1996 – 08.08.2006 – Sahibkarlıq fəaliyyəti,
08.08.2006 – h/h Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı.

Bakı şəhər Nəqliyyat Departamentinin idarə rəisliyindən sahibkara qədər…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 08 avqust 2006-cı il tarixli 1595 N-li Sərəncamına əsasən Əzizov Əziz İmran oğlu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Diqqət etdinizsə, Əziz Əzizovun icra başçısı postuna təyinatına kimi yüksək vəzifəsi olmayıb. Ən böyük vəzifə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis postu olub ki, bu da nəqliyyat sektorunda yüksək vəzifə hesaab olunmur.

Daha sonra və ən əsası ömür böyu heç bir dövlət qurumunda yüksək post tuta bilməyən Əziz Əzizov sahibkarlıq fəaliyyətinə başlayıb. Ümümiyyətlə, Azərbaycanda, 2006-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşgul olmaq o qədər də asan deyildi. Əsasən Rüsiyadan gələn və əli milyonlarla oynayanlar Əziz Əzizov kimi sahibkarlara imkan verməzdi. Amma, di gəl ki, Ə.Əzizov Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis postundan imtina edib gözlənilmədən sahibkar olub.
Necə? Kimin dəstəyi ilə? Dövlət işində işləyə-işləyə necə sahibkar olmaq olar? Aldığı əmək haqqı ilə həm dolanmaq həm də sahibkar olmaz mümkündürmü?

Və daha böyük vəzifə – Cəlilabadın icra başçısı…

Daha böyük vəzifə və daha böyük məsuliyyət… Sahibkarların çox maraqlı bir sözü var. Sahibkar hansı postu tututrsa tutsun, bütün fəaliyyətini sahibkarlığa yönəldəcək. Cünki onun istəyi məqsədi pul qazanmağa istiqamətlənib. Görünür, Əziz Əzizov da köhnə sahibkar peşəsini unutmasq istəmir və icra başçısı olduğu rayona – Cəlilabada öz biznesi kimi baxır.

Bu gün kifayət qədər imkanlı icra başçıları sırasında Əziz Əzizovun da adını yanaşı çəkmək olar. Onun, Cəlilabadda və Neftçalada kifayət qədər biznesi mövcuddur və deyək ki, o bu biznesi Cəlilabaddan yaxşı idarə edir. Cünki, sahibkardır.

Komitə sədri ilə ortaq biznes

Ə.Əzizovun Kərəm Həsənovla ciddi biznes əlaqələrində olduğu da daxil olan xəbərlər arasındadır. Belə ki, Cəlilabadda üzüm sahələri, restoranlardan tutmuş Bakıdakı bir çox iri obyektlər bu iki şəxsin ortaq biznesinə daxildir. Bu siyahıda xüsusi seçilən biznes məkanlarından biri də «Baku Mall»dır. İddia edilir ki, bir neçə on milyon dollara başa gəlmiş həmin ticarət obyktinin aylıq gəliri də kiçik rəqəmlərlə ifadə olunmur. Mənbənin sözlərinə görə, Kərəm Həsənov dövlət məmuru olduğundan özünün birbaşa mərkəzə nəzarət etməsi mümkünsüzdür. Və bu səbəbdən də maliyyə işlərini qardaşı, deputat Malik Həsənova həvalə edib. «Baku Mall»ın ikinci şəriki isə Cəlilabadın icra başçısı Əziz Əzizovdur. Qeyd edilir ki, Qələbə Meydanında yerləşən «Baku Mall»ın tikintisini Kərəm Həsənova məxsus olan «Azinko» şirkəti həyata keçirsə də, onun bütün maliyyəsini sözügedən icra başçısı verib. Elə buna görə də, Əziz Əzizova ticarət mərkəzindən önəmli pay ayrılıb.
Onu da bildirək ki, bir qədər əvvəl Kərəm Həsənovun «çirkli pulları»nı «təmizləmək» üçün yararlandıqları bank da üzə çıxmışdı. Məlum olmuşdu ki, Beynəlxalq Bankın Cəlilabad filialı komitə sədrinin yaxın qohumu olan Xalis Abbasova həvalə olunub. Bütün maliyyə əməliyyatları da bu filial vasitəsi ilə həyata keçirilir. Həmin bank filialının həmçinin Cəlilabadın icra başçısı Əziz Əzizovun da pullarını ölkə xaricinə çıxarmağa yardımçı olduğu vurğulanır. Çox maraqlıdır ki, «Baku Mall»dan əldə olunan gəlirlərin də məhz sözügedən bankın filialı vasitəsi ilə reallaşdırıldığı iddia edilir.

Kitayski” alkopanlar sənədlərdə necə "turetski” olur?

Qeyd edək ki, 2 ilə yaxın müddətdə Cəlilabad rayonunda abadlıq işləri aparılır. Bu abadlıq işləri də birbaşa Əziz Əzizovun şəxsi biznesini inkişaf etdirir. Burada ciddi maxinasiyaların olduğu deyilir. Məlumata görə, Cəlilabad rayonunda və Alar kəndində bütün obyektlətin fasadı alkopan örtüyü ilə üzlənib. Bu alkopan materiallarının 1 kvadratının ümumi montajının real qiyməti 33-38 manat arası olsa da Əziz Əzizovun göstərişi ilə sənədlərdə bu materiallar Türkiyə istehsalı olmağı göstərilməklə yanaşı 80-90 manata rəsmiləşdirilib.

Başçının "lesa”larını oğurlayıblar?

Mediada yayılan məlumatlara görə, bundan əlavə olaraq rayonda görülən bu işlərin ümumi həcmi fantastik dərəcədə şişirdilib. Məsələnin ən maraqlı tərəfi isə rayondakı obyektlərin fasadları zamanı istifadə olunan bütün "lesa”ların (dəmir ayaqaltılar) Əziz Əzizova məxsus olduğu deyilir. Əziz Əzizovun şəxsi mülkiyyətində olan bu "lesa”lar abadlıq işlərinin aparılması üçün Cəlilabad RİH-nə kirayəyə verilibdir. Hətta məlumatda deyilir ki, ötən il "lesa”larının müəyyən hissəsinin ustalar tərəfindən oğurlandığından şübhələnən RİH-nin başçısı özü yaxın "əyan-əşrəfi” ilə rayonun küçələrini gəzərək "lesa”larını axtarırmış. 

Qeyd edək ki, on illik fəaliyyəti dövründə Əziz Əzizov Cəlilabadda özünə bir neçə obyekt tikdirib. Topdansatış mərkəzlərinə sahib olan başçı idarə və müəssisələri öz obyektindən alver etməyə məcbur edir. Bundan başqa Cəlilabadda fəaliyyət göstərən "Ülvi” şadlıq evinin də Əziz Əzizova məxsus olduğu deyilir. Rayonun rəhbər vəzifələri şəxsləri isə övladlarına bu şadlıq evində toy edərək başçının xoşuna gəlməyə çalışırlar.

Məlumata görə, Cəlilabad sahibkarlarının böyük əksəriyyəti Əziz Əzizovun abadlıq "siyasət”inə qurban gedərək böyük məbləğlərdə banklardan kredit götürüblər. İndi kreditlərini ödəyə bilməyən sahibkarlar sürətlə müflisləşirlər. Cəlilabad gənclərinin əksəriyyəti bir tikə çörək ucbatından Rusiyanın ən uzaq nöqtələrinədək səpələniblər. Əziz əzizovla bağlı bütün bunlardan əlavə olaraq redaksiyamıza sensasiya sayılacaq bir məlumat da daxil olub. 
Məlumatda deyilir ki, rayon əhalisinin mütləq əksəriyyətinin dini inancı islam dini- şiə məzhəbi olmağına baxmayaraq son zamanlar rayonda saqqallı şəxslərin- vəhhabilərin sayı durmadan artır. Cəmiyyətin ənənəvi baxışlarına fərqli və təhqiramiz münasibət sərgiləyən bu şəxslərə qarşı rayon rəhbərliyi heç bir profilaktik addımlar atmır. 

Əziz Əzizovun şərikli tikinti biznesi

Digər ilginc məlumata görə Cəlilabad RİH-nin başçısı Əziz Əzizov paytaxt Başı şəhərində də tikinti biznesi ilə məşğul olur. Belə ki, iddiaya görə Əziz Əzizov tikinti sektoruna sərmayəni yaxın qohumu (bibisi oğlu) Pərvin Əliyevin əli ilə yatırıb. Ötən ilə kimi "AAAF İnşaat” MMC-nin direktoru vəzifəsində işləyən Pərvin Əliyev deyilənə görə, dayısı oğlu olan Əziz Əzizovun külli miqdarda vəsaitini burada daşınmaz əmlaka çevirə bilib. Radikal dini təriqət üzvləri ilə əlaqəsi olduğu deyilən (bu barədə ötən il yerli mətbuatda kifayət qədər yazılıb) Pərvin Əliyev sonradan "AAAF İnşaat” MMC-nin direktoru vəzifəsindən uzaqlaşdırıldı. Ancaq bununla belə adıçəkilən kompleksdə Pərvin Əliyevlə Əziz Əzizovun xeyli şərikli daşınmaz əmlakları var. Bunların içərisində ən qiymətli olanı isə "AAAF Park”ın girişində fəaliyyət göstərən "makromart” univermağıdır. 

Bu baxımdan 10 il müddətinə Azərbaycanın ən böyük kənd təsərrüfatı Cəlilabad rayonuna rəhbərlik edən Əziz Əzizovu ölkənin ən pis məmuru da saymaq olar. 

Növbəti yazımızda Cəlilabad rayonun sosial-iqtisadi göstəricilərin konkret hansı səbəblərdən pişləşməsi barədə geniş məlumat verəcəyik.

Telman Məmmədov

AzToday.az

Oxşar xəbərlər