"Ölüdən də qisas alarlarmı?"

  • 29 dek 2016, 09:58
"İlyas Tapdıq rəhmətə getdi, elə adamı da yox idi ki, onu yerdən götürsün. Bütün gədəbəylilər yığılıb dəyərli şairimizi yerdən götürdü. Halbuki vida mərasimini, dəfn mərasimini də Yazıçılar Birliyi keçirməli idi. Bu bir tərəfə dursun, vida mərasimində mənə başqa bir məsələ çox pis təsir etdi. Yazıçılar Birliyindən Anar müəllim bir iki yazıçı ilə bərabər vida mərasimə gəlmişdi, ancaq Yazıçılar Birliyinin sədri kimi çıxış etmədi. Çıxış etməsi üçün nə qədər təkid etdik, xahiş elədik ki, bircə kəlmə söz desin İlyas Tapdıq haqqında. Ancaq təkid və xahişlərimizə baxmayaraq danışmadı, çıxıb getdi”. 

Bunu Moderator.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin tanınmış müəllimi, tibb elmləri namizədi Rəşid Mahmudov deyib.


Xalq yazıçısı Anarın mərhum şair İlyas Tapdıqla vida mərasimində çıxış etməməsindən hiddətlənən Rəşid Mahmudov daha sonra bunları bildirib:

"Bəlkə rəhmətlik İlyas Tapdıqla Anar müəllimin nə vaxtsa arası dəyib və ya Yazıçılar Birliyinin böyükləri ilə arası olmayıb. Amma ölümün buna dəxli olmamalıdır. Kim olduğundan asılı olmayaraq Azərbaycan xalqının nümayəndəsindən, Azərbaycan şairindən inciməyə heç kimin haqqı yoxdur. Anar müəllim o mərasimə "pokazuxa” üçün gəlmişdi, yəni televizor çəksin və dövlət adamları bilsinlər ki, bu adam da ora gedib.  
Çox pis vəziyyət yarandı orda və mənə çox çox pis təsir etdi Anar müəllimin hərəkəti. Şairi belə dəfn etməzlər, çox ayıbdır! Ölüdən də qisas alarlarmı?! Azərbaycan millətini sortlara da bölürlər artıq. Qohumbazlığı, yerlibazlığı ölülərə də siraət etdirirlər, gədəbəylidir, şəmkirlidir, qazaxlıdır deyə ayrı-seçkilik edirlər. Belə şey ola bilərmi?! Bir ziyalı olaraq qınayıram bu halı və o adamları! Şairi belə dəfn etməzdilər!”

R.Mahmudov sonda aidiyyati qurumlara mesaj da göndərib:

"İlyas Tapdıq Abdulla Şaiqdən sonra Azərbaycan uşaq ədəbiyyatının dəyərli şairi idi. İlyas Tapdıq üzdə olan adam idi, vətən üçün, xalq üçün, dövlət üçün, dövlətçiliyimiz üçün çalışan insan idi. 
İlyas Tapdıq elə-belə adam, belə ögey münasibətə layiq, adi şair deyildi axı... İlyas Tapdıq vicdan deməkdi, ədalət deməkdi, düzgünlük deməkdi, ziya deməkdi, nur deməkdi, kasıbın tərəfdarı olan deməkdi, insanların əlindən tutuan deməkdi, şairiliyi öyrədən  deməkdi. İlyas Tapdığın son günündə dövlət tərəfindən heç nə edilməməsi, ona belə qiymət verilməsi hər birimiz üçün ağır oldu. 

Xahiş edirəm səsimizi yuxarı instansiyalara çatdırasınız ki, ölüdən qisas almazlar!”
 


Oxşar xəbərlər