Akif Çovdarov məhkəmədə şou göstərdi: “Gəlin sizə bir hadisə danışım, kefiniz açılsın..."
Ötən gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv
olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində
Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif
Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam
etdirilib.
Bugünkü iclasın birinci hissəsi cəmi yarım saat sürdü. Saat 10-a təyin olunmuş
proses 1 saat 45 dəqiqəlik gecikmə ilə başladı və bu dəfə iclasın başlamasına nəinki
vəkillər və təqsirləndirilənlər, həm də məhkəmə heyəti gecikdi.
Şahmar Qurbanov sexini neçəyə satıb?
Cinayət işinin Şahmar Qurbanovun şikayəti əsasında baxılan epizoduna artıq
yekun vurulsa da, Akif Çovdarovun vəkillərinin Vergilər Nazirliyindən zərərçəkmişin
qazancı və ödənişləri ilə əlaqədar sorğularına aldıqları cavabları
aydınlaşdırmaq üçün bu gün yenidən həmin məsələyə qayıtdılar.
Xatırladaq ki, Şahmar Qurbanov Akif Çovdarovun ondan 500 min dollar pul və 280
min dollarlıq qiymətli daşlar aldığını iddia edir. Bu qədər pulu toplamaq üçün
zərərçəkmiş direktoru işlədiyi "Riyad Prodakşn” MMC-nin zərgərlik sexini,
avtomobillərini və mənzilini satıb, müflisləşdikdən sonra yenicə evləndiyi həyat
yoldaşından boşanıb, Türkiyəyə qaçmağa məcbur olub.
Çovdarovun vəkilləri sorğularına aldıqları cavablarda müəyyən ediblər ki,
2007-ci ildə zərgərlik sexini Şahmar Qurbanov, özünün dediyi kimi, 470 min
dollara deyil, iki hissədən ibarət olmaqla cəmi 100 min manata yaxın məbləğə
satıb. Eyni zamanda, vergi orqanlarının məlumatına görə, "Riyad Prodakşn” MMC
heç vaxt qeydiyyatda olmayıb.
Bütün bu deyilənlərə cavab olaraq Şahmar Qurbanov bildirdi ki, istənilən vaxt
bütün sənədləri təqdim edə bilər: "Hansı sənəd lazımdırsa, gətirə bilərəm.
Vergimi də vermişəm, lisenziyam da olub. O ki qaldı sexin satış qiymətinə, onu
rüsumu az ödmək üçün az göstərmişdilər. Bir də mən anlamıram, bura vergi idarəsidir?
Hər şeyimi əlimdən alıblar, hələ məndən sənəd də istəyirlər”.
Hakim Şahmar Qurbanovdan növbəti iclasda vəkillərin maraqlandıqları sənədləri təqdim
etməsini istədi.
Akif Çovdarovu vəkilləri idarə edir
Bundan sonra müzakirə olunan işlə bağlı Akif Çovdarovun fikri öyrənildi.
General vəkilləri ilə məsləhətləşirmiş kimi, göz-gözə gəldi. Vəkil Şahin Rəfiyev:
"Akif müəllim, sonra, axırda danışarsınız” deyəndən sonra general vəkilinin
sözünü təkrarladı.
Dövlət ittihamçısı Akif Çovdarovun ötən dəfə söz verdiyi kimi, "Metak” MMC
epizodu üzrə ifadə verməsini istədi. Təqsirləndirilən çıxışa hazır olduğunu
bildirdi.
"Metak” MMC MTN-ə niyə çağırılmışdı?
Plastik boru istehsalı ilə məşğul olan "METAK” MMC-nin üç vəzifəli şəxsinin təqsirləndirilən
Akif Əliyevə qarşı şikayətinə bir müddət öncə baxılmışdı.
Zərərçəkmiş, şirkətin maliyyə direktoru Fuad Zülfüqarov ifadəsində demişdi ki,
2015-ci ilin fevral ayında onun telefonuna MTN-dən zəng daxil olub. Zəng edən şəxs
MMC-nin fəaliyyəti ilə bağlı məsələnin araşdırılması üçün onun xüsusi xidmət
orqanına təşrif buyurmasının zəruri olmasını bildirib.
F.Zülfüqarov qeyd etmişdi ki, MTN-in nəzarət-buraxılış məntəqəsinə getdikdən
sonra onu düz 10 saat sorğu-sual ediblər və təzyiqlər göstəriblər. Səbəb isə
belə izah olunub: "Qazanırsınız, bizi görmürsünüz”. Xeyli dindirmədən sonra
idarə rəisi Akif Əliyev zərərçəkmişi başa salıb ki, "söhbəti” 50 min manat gətirməklə
bağlamaq mümkündür.
Şirkətin təsisçisi ilə məsləhətləşdikdən sonra maliyyə direktoru Fuad
Zülfüqarov 10 min manatı Akif Əliyevə verib və "söhbət” doğrudan da bağlanıb. Hətta
sonradan şirkətin əməkdaşı ilə MTN-də idarə rəisi işləmiş Akif Əliyev arasında
mehriban münasibət yaranıb və yaranmış bir sıra problemlərlə bağlı "METAK”
MMC-nin rəhbər şəxslərindən biri onunla dəfələrlə əlaqə saxlayaraq görüşüb.
Keçmiş MTN-lə bağlı həmin iş hələlik istintaq mərhələsindədir və bu məhkəmə
baxışının predmeti deyil.
Akif Çovdarov ad çəkmək istəmədi
"Metak” MMC işi ilə bağlı Akif Çovdarov ifadə verdi. Onun sözlərinə görə, MTN-ə
bu şirkətin ofşor hesablarına külli miqdarda pul köçürməsi barədə məlumat daxil
olmuşdu.
"Şirkətin əməkdaşını dəvət etdik və o, bizə MMC-nin rəhbərliyi barədə məlumat
verdi. Ad çəkmək istəmirəm, aləm qarışar bir-birinə. Bu məlumatı nazirliyin rəhbərliyinə
çatdırdım. Təxminən 1 saatdan sonra mənə bildirildi ki, işi dayandırım və həmin
məsələ ilə bağlı araşdırmanı yekunlaşdırım”, - A.Çovdarov bildirdi.
General Eynulla Fətullayevdən niyə qorxur?
A.Çovdarov konkret adlar çəkmək istəməməsinin səbəbini də açıqladı:
"Bilirsiniz, elə şeylər var ki, onlar demək olmur. Mən indi burda ad çəksəm,
iki dəqiqədən sonra Eynulla Fətuillayev bunu yazacaq. Olmaz belə şeyləri demək.
Qapalı bir görüş təşkil edin, mən olum, iki prokuror və üç hakim, hər şeyi
olduğu kimi danışım”.
Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov bildirdi ki, məhkəmə prosesinin dövlət
sirlərinin açıla biləcəyi bəzi hissələri qapalı keçiriləcək, lakin qanuna görə,
zərərçəkmişlərin baş verənlərdən xəbərdar olmasını məhdudlaşdırmaq olmaz. Buna
görə də, belə "dar çərçivədə” görüş və araşdırma mümkün deyil.
Çovdarova kababxanada "Feliçita” mahnısını kim oxuyub?
Akif Çovdarov ifadəsini davam etdirdi: "Gəlin sizə bir hadisə danışım, kefiniz
açılsın. "Nəriman Nərimanov” metro stansiyasının yaxınlığında bir "Kəpəz”
kababxanası var idi. Bakıda ilk kababxanalardan idi. Orada bir aşıq vardı. Bir
gün oturmuşuq həmin kababxanada, bu aşıq gəldi ki, bəs sizə mahnı çalacağam.
İstəmədik. 2-3 dəfə də cəhd edəndən sonra gəldi ki, yox e, çalmalıyam. O vaxt
da "Feliçita” adlı italyan mahnısı dəbdə idi. Dedik onu çal. Aşıq da başladı
ki, "nənəm sənə qurban, ay Feliçita”.
İndi burda da hər şeyi fırladıb mənim üstümə gətirirlər ki, günah
Çovdarovdadır. Bu işin necə qurtaracağını yaxşı bilirəm. Amma bu uşaqların
günahı yoxdur, onları buraxın getsinlər”. Generalın növbəti komediya janrında
centlmenlik cəhdi beləcə baş tutdu.
İki saatlıq fasilə
Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti zərərçəkmişin dindiriləcəyini
bildirəndə Akif Çovdarovun vəkilləri təşvişə düşdülər. Vəkil Sadiq Rəsulov
bildirdi ki, onlar bu işə hazır deyillər: "Mən 59 cildlik cinayət işini
maşınımda gəzdirə bilmərəm ki. Bizə əvvəlcədən hansı epizod üzrə iclasın
keçiriləcəyi deyilməyib ki, hazırlaşaq. Heç olmasa, icazə verin, ofisə gedib həmin
epizodla bağlı sənədləri gətirim”.
Qısa mübahisədən sonra hakim saat 14:00-a qədər fasilə elan etdi.
Almaniya vətəndaşı MTN-ə çağırılıb
Məhkəmədə zərərçəkmiş Fikrət İbrahimovun şikayəti əsasında baxılmış epizod üzrə
şahid Vidadi Hüseynov ifadə verdi. Xatırladaq ki, "Süleyman Transport” nəqliyyat
şirkətinin sahibi Fikrət İbrahimov MTN-ə 62 min manat verdiyini iddia edir.
Almaniya vətəndaşı olan azərbaycanlı Vidadi Hüseynov bildirib ki, Fikrət
İbrahimovla müəyyən müddət ərzində şərik olub. Günlərin birində zərərçəkmiş
V.Hüseynova zəng edərək, MTN-ə çağırıldığını və ondan 30 min manat alındığını
deyir və şərik kimi bunun 15 min manatını şahidin ödəməli olduğunu qeyd edir.
Şahidin sözlərinə görə, onun özünü də somradan MTN-ə dəvət ediblər və orada məlum
olub ki, F.İbrahimov heç kimə pul verməyib. Bunu zərərçəkmiş MTN-dəki üzləşmə
vaxtı da etiraf edib.
Lakin F.İbrahimov məsələnin bu cür olmadığını, əslində MTN-ə pul versə də, bunu
həmin an etiraf etmək istəmədiyini deyib.
İş üzrə təqsirləndirilən, MTN-in idarə rəisi işləmiş Orxan Osmanov söz alaraq,
bu işdə əsas motivin heç də hansısa şərikin o biri şərikinə borcunun olmadığını
göstərib. O.Osmanov deyib ki, "Süleyman Transport” şirkətinin Fətullah Gülən tərəfdarları
ilə əlaqələri, FETÖ-yə pul köçürmələri araşdırılırdı. Konkret olaraq, MMC-nin əməkdaşı
Rəşad Babazadənin nurçularla əlaqələrinin yoxlanması tapşırılmışdı.
Akif Çovdarovun gizli agenti kim imiş?
Bu yerdə təqsirləndirilən Akif Çovdarov ifadə vermək istədiyini bildirdi. Onun
ifadəsini kiçik ixtisarla diqqətinizə çatdırırıq:
"Bu elə bir işdir ki, işin mexanizmini bilmirsiniz, amma ittiham edirsiniz.
2013-2014-cü illərdə bizə tapşırıq gəlmişdi ki, şirkətlərdə, təşkilatlarda, təhsil
müəssisələrində nurçuları müəyyən edib təmizləyək. MTN-in işi isə elədir ki,
bir nəfəri dindirmək üçün, şübhə yaranmasın deyə, həmin təşkilatdan, yaxud da
şirkətdən 5-10 nəfəri dəvət edirik. Çünki burda "verbovka” söhbəti ola bilər,
sonradan heç kim kimdənsə şübhələnməsin.
Sorğu-sualı uzadırsınız, mən indi ad çəkməliyəm. "Süleyman Transport”da işləmiş
Rəşad Babazadə MTN-in gizli agenti olub. Məni məcbur edirsimiz ki, belə şeyləri
deyim”.
Xatırladaq ki, sözügedən Rəşad Babazadə "Süleyman Transport”da ştatdankənar
çalışıb və şirkət üçün müştəri axtarmaqla məşğul olub.
Tağı Əhmədov məhkəməyə gəlmədi
Məhkəmənin baxdığı növbəti epizod bu cinayət işinin ən səs-küylü hissələrindən
biri – Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun şikayət ərizəsi üzrə
iş oldu.
Hamı T.Əhmədovun məhkəməyə gəlişini gözləsə də, Bakı metrosuna uzun illər rəhbərlik
etmiş keçmiş məmur gəlib çıxmadı və onun ifadəsi növbəti iclasa qaldı.
Həmin iş üzrə digər zərərçəkmişlər – Tağı Əhmədovun qardaşı oğlu, "Qara
Qarayev” stansiyasında rəis müavini işləmiş Şövqü Əhmədov və "Koroğlu”
stansiyasında ticarət mərkəzini çalışdırmış Elşən Tağıyev ifadə verdilər.
Zərəçəkmişlər eyni gündə MTN-ə çağırıldıqlarını, təzyiqlərlə üzləşərək, döyülərək,
metrodakı ticarət obyektlərindən yığdıqları pulları Tağı Əhmədova verdikləri
barədə izahata imza atmağa məcbur edildiklərini bildirdilər.
Qeyd edək ki, Elşən Tağıyev, bütün hədə-qorxulara və təzyiqlərə baxmayaraq,
izahata qol çəkməyib. Şövqü Əhmədov isə yaşadığı təhqirlərə dözməyərək, bunu
edib.
Zərərçəkmişlər dövlət ittihamçılarının və vəkillərin suallarına cavab verdilər.
Demokratik.Az