Yol polisindən Yeni il xəbərdarlığı

  • 26 dek 2016, 21:29
"2017-ci ildə də təhlükəsizliyimizi təmin etmək üçün hər bir yol hərəkət iştirakçısını nizam-intizama dəvət edirik, diqqətli olsunlar, xüsusilə, piyadalar onlar üçün ayrılmış ərazilərlə hərəkət etməyə üstünlük versinlər”.

Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

 

V.Əsədov bildirib ki, Bakı şəhəri üzrə qeydə alınan yol-nəqliyyat hadisələrində piyadaların avtomobillərlə vurulması halları çox ciddi narahatlıq doğurur:

"İl ərzində piyadaların vurulması təxminən 58 faiz təşkil edir. Ancaq istər ölkə üzrə, istərsə də Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinin sayı azalır.

Yəni, il ərzində ölkə üzrə 200-ə qədər yol qəza hadisəsinin azalması, 150-ə yaxın ölüm faktının azalması onu deməyə əsas verir ki, yol polisi tərəfindən görülən tədbirlər müsbət nəticələr əldə etməyə imkan verib. Ancaq yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı hələ də işlər görülməlidir”.

Onun sözlərinə görə, bunun üçün hər kəs nizam-intizamlı olmalı, "Yol hərəkəti haqqında” qanunun tələblərinə düzgün riayət etməlidir:

"Bununla hər kəs yol-hərəkət mədəniyyətini nümayiş etdirmiş olur ki, bu da yol qəza hadisələrinin sayının azalmasına müsbət təsir göstərir. Hər şeyi yol polisindən tələb edirik. Razıyam, tələbkarlıq yaxşıdır. Əgər tələbkarlıq varsa, münasibət müsbətə doğru dəyişib, eyni zamanda, şüur səviyyəsi dəyişib, insanların hüquqi bilikləri artıb. 

Ancaq hər kəs tələbləri yerinə yetirməlidir. Sürücülər dayanma, durmaya fikir versinlər, sürət həddinə əməl etsinlər və yol hərəkət nişanlarının tələblərinə riayət etsinlər. Piyadalar da onlar üçün ayrılmış ərazilərlə hərəkət etsinlər, yolun hərəkət hisəsinə çıxmasınlar. Tövsiyələrimiz budur”.
Oxşar xəbərlər