Ərdoğandan Putinə Kürdüstan cavabı

  • 25 dek 2016, 10:14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kürdüstan dövlətinin qurulmasına imkan verməyəcəklərini açıqlayıb.

Axar.az xəbər verir ki, Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) toplantısında danışan prezident ölkənin cənub sərhədlərində hələ də təhlükə olduğunu qeyd edib:

"Dərdləri nədir? Şimali Suriyada yeni bir dövlət qurmaq. Biz belə bir dövlətin qurulmasına imkan verməyəcəyik, bunu hamı bilsin.

Bizim terrordan təmizlənmiş təhlükəsiz bölgə adlı bir tezisimiz var. İlk gündən bunu açıqlamışıq. Əgər bu həll olmasa, Qazinatep, Kilis, Şanlıurfa həmişə təhlükədə olacaq.

Şəhidlərimiz canımızı yandırır. Ancaq onu da bilməliyik ki, bir torpağın vətən ola bilməsi üçün şəhidə ehtiyacı var. "Bayraqları bayraq edən üstündəki qandır, torpaq, əgər uğrunda ölən varsa, vətəndir”, deyir şair. Biz bu günlərə belə gəldik. 780 min kvadrat kilometr bizə oturduğumuz yerdə lütf edilmədi.

Cümhuriyyətdən öncəki 10 ilə diqqət yetirsək, görərik ki, biz 2 milyon, 3 milyon kvadrat kilometrdən 780 minə enmişik. Və bizi Sevrə məcbur etdilər, Lozannaya razı olduq. Yoxsa biz buna layiqik? 17-18-ci əsrlərdə dünya lideri olan bir dövlətik”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünən keçirilən mətbuat konfransında Kürdüstan dövlətinin yaradılması məsləsinə toxunub. Kreml rəhbəri bunun İraqın daxili işi olduğunu deyib:

"Kürd hərbi bölmələri terrorizmlə cəsarətlə və effektiv mübarizə aparırlar. Kürdlərin müstəqilliyinə gəldikdə isə onlar beynəlxalq hüquq çərçivəsində hərəkət etməlidirlər. Biz İraqın daxili işlərinə müdaxilə etməyi planlaşdırmırıq”.
Oxşar xəbərlər