MTN generalları 162 nəfərdən 18 milyon alıb - Rəsmi
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işinin istintaqı davam etdirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə edib çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını əldə etmək məqsədilə xidməti odlu silah tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil edib nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərinin məhdudlaşdırıb xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib.
Bundan başqa, həmin şəxslərin psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər
almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması
üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və
kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və
yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində
rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə
162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon
449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min
manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu
ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul
vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin
icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə
saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib.
Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə
qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev,
Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus
ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən
20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat
vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88
min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər
qoyulub.
Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3
(Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və
ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil
dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2
(Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə),
181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə
etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə
külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz
olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə,
satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə
tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti
haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət
alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu
tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə
saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən
istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah
tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya
hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə
ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata
ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən
şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və
nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın
21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Hazırda
cinayət işi üzrə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin
qanunsuz əməlləri və digər epizodlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri
davam etdirilir.
Demokratik.Az