Rus səfiri niyə öldürdülər?

  • 20 dek 2016, 21:06
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsindən dərhal sonra Rusiyaya səfər edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, baş verən hadisə iki ölkə münasibətlərinə zərər vurmayacaq. O qeyd edib ki, hadisə iki ölkənin terrorçuluğa qarşı birgə işinə də zərər yetirməyəcək. "Hər iki tərəf gözəl anlayır ki, bu alçaq addım heç vaxt bizim münasibətlərə zərər vurmayacaq. Ankara və Moskva bunun üçün əllərindən gələni etməyə hazırdır".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, səfirin qətlə yetirilməsində əsas məqsəd Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesini pozmaq və iki ölkənin Suriyada terrorçuluğa qarşı effektli mübarizəsinə yol verməməkdir. O, işin arxasında olanların bu məqsədə çatılmayacaqlarını da vurğulayıb. 

Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Andrey Karlovun qətlini rusiyalı mütəxəssislərlə birlikdə araşdıracaq. Əsas sual isə sui-qəsdin hansı ölkənin və ya qüvvənin marağında olmasıdır.
 
Sülhəddin Əkbər: "Başlıca səbəb ABŞ-ın apardığı yanlış siyasətdir”  

Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Sülhəddin Əkbər Bizimyol.info-ya şərhində bildirib ki, həm Türkiyə, həm də Rusiya dövlət başçıları səviyyəsində verilən açıqlamalarda sui-qəsddə məqsədin iki ölkə arasındakı münasibətləri pozmaq olduğu vurğulanıb. "Görünən odur ki, hər iki tərəf həm baş verən hadisənin araşdırılmasında, həm də nəticəsinin aradan qaldırılmasında birgə hərəkət edəcəklər. Hadisə normallaşmaqda olan Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir göstərməyəcək, əksinə, daha sıx münasibətlərə, xüsusilə Suriya məsələsində sıx əlaqələrə gətirib çıxaracaq. Ona görə də hədəfin üçüncü tərəf olacağı ehtimalı daha böyükdür”.
Türkiyədə Rusiya səfirinin öldürülməsinin hansı ölkəyə və ya qüvvəyə sərf etdiyinə gəlincə, ekspert bildirir: "Təbii ki, ilk baxışda o dövlətlər və ya qurumlar ki, onlar Türkiyə ilə Rusiya arasında yaxınlıqdan narahatdırlar. Bu yaxınlaşma həm ABŞ, həm Avropa Birliyi və NATO üzvü olan ölkələrə sərf etmir, onların Suriya-İraq planları ilə də uyğun gəlmir. Məncə, burada başlıca səbəb ABŞ-ın apardığı yanlış siyasəti, İraqda və Suriyada kürd qruplarına dəstək verməsi, bu ölkələrdə olduğu kimi Türkiyədə də kürd dövlətinin qurmaq planları, bu baxımdan öz müttəfiqləri olan Türkiyə ilə maraqlarının toqquşmasıdır. Yəni NATO üzvü olan Türkiyə kimi tarixi dərinliyi olan bir dövləti bir kənarda qoyub, onun maraqlarına zidd olan, gələcəkdə ərazinin parçalanması, ərazi bütövlüyü, unitarlığı üçün təhdid olan dövlət quruculuğuna girişməsi kökündən yanlış siyasətdur. Bu siyasətlə bütövlükdə Suriyanın və İraqın ərazi bütövlüyünü birbaşa təhdid edir, həmçinin Türkiyənin də unitar quruluşuna və ərazi bütövlüyünə dolayısıyla təhlükədir. ABŞ-ın İraq və Suriya siyasətini kökündən yanlış hesab edirəm. Bu siyasət Tramp dövründə də davam edərsə, ABŞ Türkiyəni itirmək təhlükəsi ilə üzbəüz qala bilər. Çünki Türkiyə öz milli maraqlarını qorumaq üçün istəsə də, istəməsə də, Rusiya ilə, digər yerli güclərlə, o cümlədən İranla yaxınlaşmaq məcburiyyətindədir. Ona görə də bu yanlış siyasətə gec də olsa, yenidən baxılmalıdır.  

İlham İsmayıl: "Bu məsələdə Rusiyanın qazancı var, amma…”

Təhlükəsizlik məsələsi üzrə ekspert İlham İsmayıl Bizimyol.info-ya şərhində  hadisənin kimin marağında olması barədə fikirlərini açıqlayıb. "Səfirin öldürülməsində ilk ağla gələn odur ki, kimlərsə Türkiyə-Rusiya münasibətlərini pozmaq istəyir. Bu münasibətlərin pozulmasını, belə bir hadisənin baş verməsini istəməyən başlıca olaraq Türkiyədir. Ən böyük əzab çəkən də, zərər görən də Türkiyədir. Ona görə də, Türkiyə dövləti tərəfindən bu hadisənin baş verməsini heç kəs istəməzdi. Rusiyada da heç kəs öz səfirini öldürmək kimi bir addım atmazdı. Türkiyə heç bir halda irəli düşmür. Əksinə, hadisənin mənəvi günahkarı olduğuna görə, basqılar artır. Basqını da birinci Rusiya edir. Rusiya nə istəyir? Suriyadakı problemin həllini öz istədiyi kimi həll edir, Türkiyənin bu işə tamamilə qarışmamasını istəyir. Burada Rusiyanın qazancı budur”.

Qazanan tərəfin Rusiya olduğu tədirdə hadisənin baş verməsində Rusiyanın özünün maraqlı olması ehtimalı ilə bağlı suala isə ekspert belə cavab verir: "Bu ehtimal güclənmir. Ona görə ki, hədəfin birbaşa səfir olaraq seçilməsi dövlət olaraq Rusiyanın imicinə zərbə gətirir. Rusiya bunu Türkiyəyə gələn turistləri öldürməklə, İstanbulda yaşayan ruslara qarşı hər hansı addım atmaqla da planlayar, basqısını hıyata keçirərdi. Amma səfirin öldürülməsi, özü də tədbirdə sui-qəsd edilməsi, həm də türk tərəfindən qətlə yetirilməsi planın Rusiya tərəfindən edildiyi ehtimalını zəiflədir. Rusiya qazanc əldə etsə də, bunun üçün başqa yollar axtarardı, nəinki öz səfirini öldürərdi. Türkü ələ almaq, onu "verbovka” etmək və s. bunlar çox uzun çəkən prosesdir. Ona görə də Rusiyanın sui-qəsdi təşkil etməsi inandırıcı deyil.”

İlham İsmayıl bildirir ki, hadisənin mahiyyəti üçün ilk növbədə qətli törədənin kimliyinə baxmaq lazımdır. "Bu adam radikal dindar deyil, 22 yaşı var və polis işləyib. Bu yaşda beyni qandır və fikirləri cilalanmamış ola bilər. "Qətli sözün həqiqi mənasında Hələbdə baş verən hadisələrə görə baş verməsi mümkündür. Orada uşaqların ölümü və s. Türkiyədə də yayılır, onun içində də zərəli islam təəssübkeşliyi var və səfiri öldürədə də "Allahu-əkbər” qışqırır. Sual oluna bilər ki, Hələbdə hadisələr 4 ildir baş verir, niyə indi edir? Ola bilər ki, 4 il əvvəl yaşı az idi, başqa cür düşünürdü. Həmçinin işdən çıxarılmasının da onun depressiyaya düşərək belə bir addım atması, fətullahçıların təsiri ilə etməsi də mümkündür. Yəni ola bilər ki, bu hadisə sadəcə bir nəfərin - sadəcə hadisəni törədənin verdiyi qərardır. Rusiyanın Türkiyəyə münasibəti çərçivəsində Rusiyadan qisas məqsədi ilə də törətməsi mümkündür”.

Ekspert vurğulayır ki, hadisə olduğu kimi də, arxa tərəfdən göründüyü kimi də qəbul edilə bilər. O qeyd edir ki, burada maraqlı olan çox tərəf ola bilər, amma ən maraqlı olmayan Türkiyə dövlətinin özüdür. "Həmin şəxsin hansı təşkilatın üzvü olması, ora necə gəlib çıxması araşdırmalar nəticəsində ortaya çıxmalıdır”.

Eyni saatlarda üç ayrı ölkədə terror: təsadüf, yoxsa…?

Dekabrın 19-da axşam saatlarında Ankarada Müasir İncəsənət Mərkəzində səfirin qətlə yetirilməsindən az sonra Berlində də qanlı insident qeydə alınıb. Milad yarmarkasında naməlum şəxsin yük maşınını insanların üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb,  48 nəfər yaralanıb. Yük avtomobilinin sürücüsü olduğu ehtimal edilərək saxlanılan şəxsin hadisəni törətmədiyi məlum olub. "Welt” qəzeti polisə istinadən xəbər yayıb ki, əsl cinayətkar silahlıdır və hələ də azadlıqdadır. Onun hər an yeni cinayət törədəcəyi ehtimal edilir.  Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bildirib ki, dəlillər hadisənin terror aktı olduğuna işarə edir.

Eyni saatlarda İsveçrənin Sürix şəhərində də "islam mərkəzi"nə silahlı basqın olub. Binanın divarına "evinizə gedin" sözləri yazılıb.  Hadisə nəticəsində yaralananların olduğu deyilir. 

Baş verən hadisələrin bir-biri ilə əlaqəli olub-olmaması müzakirə mövzusudur. Politoloq Sülhəddin Əkbər bildirir ki, hadisələr arasında hansısa əlaqənin olmasını istintaq araşdırması, toplanan kəşfiyyat informasiyasının təhlili nəticəsində söyləmək mümkündür. "Yəni yalnız eyni saatlarda baş verdiyinə görə əlaqəli hadisələr olduğunu söyləmək yanlış qənaət də ola bilər. Amma onu da deməliyik ki, həm dünyamız getdikcə kiçilir, həm də beynəlxalq terror təşkilatları bir-biri ilə daha sıx əlaqələr qururlar. Yeni dünya düzəninin qurulması, geopolitik qarşdurma və həlledici mərhələyə daxil olunduğundan hadisələr dünyanın harasında baş verməsindən asılı olmayaraq, hadisələr bu və ya digər şəkildə bir-biri ilə əlaqəli olur. Ona görə də hadisələr araşdırlarkən hansısa əlaqənin olub-olmaması da yəqin ki, araşdırılacaq. Çünki terrorizmlə birgə mübarizə sahəsində dövlətlər arasında müəyyən informasiya mübadiləsi də olur. Hər halda, tərəflərdən biri maraq göstərərsə, qarşı tərəf də informasiya verməli olacaq”- deyə S.Əkbər bildirir.

İlham İsmayıl isə hadisələrin eyni saatlarda baş verməsini təsadüf hesab edir və bir-biri ilə əlaqəli olduğuna ehtimal vermədiyini bildirir. "Almaniyadakı hadisəni islam radikallığı ilə əlaqələndirirlər, Türkiyədki məsələdə isə bu, yoxdur. Yadınızdadırsa, ötən iyul ayında Fransada da yük maşını ilə oxşar hadisə yaşanmışdı. Görünür, metod kimi ağıllarında qalıb və Almaniyada da buna hazırlıq görüblər”.

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər