DTX reket mətbuata qarşı əməliyyatları davam etdirəcək
Azərbaycanın xüsusi xidmətinin xüsusi hədəfi ;
Reket nəşrlərə pul və informasiyalar ötürən məmurların adları istintaqa məlumdur;
Dövlət içində MTN-in qurduğu böyük kompromat şəbəkəsi çökdürülür;
Reket mediaya "nəfəs vermiş” şəxslər barədə də sərt ölçü götürüləcək...
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son günlər
reket nəşrlər və sayt rəhbərlərinin həbsinə başlaması ölkə gündəminin əsas
mövzularından birinə çevrilib. Eldar Mahmudovun işdən qovulmasından 1 il
sonraya təsadüf edən bu həbslər ləğv olunmuş MTN şəbəkəsinin mediada "kökünün”
qazınması hesab olunur. "Yeni Müsavat”a mötəbər qaynaqlardan məlum olub ki,
proses, o cümlədən də reket jurnalistlərin ifşası və həbsi davam etdiriləcək.
Xəbər verildiyi kimi, "Bizim dövr” qəzetinin (həm
də eyniadlı saytın) rəhbəri Surxay Əliyev, "Gündəlik Bakı” qəzetinin (həm də
eyni adlı saytın) baş redaktoru Habil Vəliyev xüsusi əməliyyat zamanı
saxlanılıb. DTX-nin yaydığı rəsmi məlumata görə, qabaqcadan əlbir olan bir qrup
şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən
istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli
videoçəkilişlərini aparmaqla şantajda, habelə ayrı-ayrı şəxslər barəsində
rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc
etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda
pul tələb etməkdə, eləcə də müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən,
sahibkarlardan "haqq” almaqda suçlanırlar. Məhkəmə artıq hər iki şəxs barəsində
4 aylıq həbs-qətimkan tədbiri seçib.
Məlumatlara görə, bu şəxslərə əməllərinə dəstək
vermiş ayrı-ayrı adamlar, o cümlədən şantajçı qadınlar da saxlanılıb. "MTN
çetesi”nin ifşasından sonra bu quruma bağlı olan medianın da adı mətbuatda
tez-tez hallanırdı. Onların fəaliyyətini hələ də davam etdirməsi bəzi suallar
da yaratmışdı. İddia olunurdu ki, bu şəbəkə indi də başqa bir dövlət orqanının
və ya ayrı-ayrı məmurların himayəsində fəaliyyət göstərə bilər.
Bildirilir ki, DTX artıq bir neçə ay imiş ki, "MTN çetesi”nin "son qalaları”nı xüsusi nəzarətə alıbmış. Bu nəzarət təkcə bu medianın keçmiş bağlantılarını deyil, həm də indi hansı məmurların himayəsində olduğunu üzə çıxarmağa hesablanıbmış. Nəzarətdə olanları duyuq salmamaq üçün onlara hətta "meydan verilib” ki, bütün əlaqələrini ifşa edə bilsinlər. Bu, DTX-nin yaydığı məlumatdan da açıq görünür: "Cinayət məsuliyyətinə cəlb edilən Surxay Əliyev və digərləri zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar verib, onların hazırladıqları şantaj xarakterli materiallar, eləcə də ayrı-ayrı vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən edilib”, deyə, məlumatda bildirilir. Aydındır ki, DTX-nin əlində bu cinayət əməllərini sübut edə biləcək videoçəkilişlər və əlavə sübutlar da var ki, ola bilsin yaxınlarda bu barədə geniş məlumat hazırlansın...
DTX-nin həbsləri sübutlarla möhkəmləndirməsi üçün bir neçə ay gözləməsi əslində başadüşüləndir. Çünki media siyasi hakimiyyətin xaricin reaksiyalarına ən həssas nöqtəsidir. Bu cür həbslər bəzi hallarda Qərbdə "mətbuata hücum” kimi də qiymətləndirilir, hətta həbs olunanların adları hansısa yollarla beynəlxalq təşkilatların hesabatlarına salınır. DTX isə indi həm daxildə ictimai dəstəyi tam qazanaraq, həm də əsaslı sübutlarla bu həbslərə start verib və proses davamı olacaq.
Həbs edilən şəbəkənin ayrı-ayrı məmurlarla bağlantıları barədə də şok bilgilər var. Bildirilir ki, DTX bu qrupu himayə edənləri, o cümlədən şantaja uyaraq, reket jurnalistlərə xərac ödəyən yüksək rütbəli məmurları da ifşa edib. Sonuncular - reket jurnalistlərə boyun əyərək, onlara müntəzəm para ödəyənlər onda suçlanır ki, niyə onlar dövlətin hansısa vəzifələrini təmsil etdikləri halda hüquq-mühafizə orqanlarına müraciət etmədən, bu cür nəşrlərin böyüməsinə xidmət edən bir əmələ - onlara xərac verməyə yol veriblər?
Reket nəşrlərə bir sıra dövlət adamları, iş sektoruna
və vətəndaşlara dair məlumat servis edən bir sıra vəzifəli məmurlar da deşifrə
olunub. Onlar indi DTX-nin əsas hədəfləridir. Bu məmurlardan güclü "informasiya
dəstəyi” alanlar ayrı-ayrı şəxsləri məhz bu yolla şantaj ediblər. Onların
"media təmsilçiləri” ilə haralarda görüşdükləri, necə təlimatlandırıldıqları,
eləcə də necə maliyyələşdirdikləri də müəyyən edilib. Məlumatda deyilir ki, bu əlaqələr
əsasən həmin "patron”ların sürücüləri vasitəsilə qurulub, bəzi hallarda isə
birbaşa təmaslar olub.
Reket şəbəkənin əsasən qadınların vasitəçiliyi ilə
şantajla məşğul olmaqla küllimiqdarda para qazandıqları da üzə çıxıb. Bu işdə də
onları həm lazımi texniki vasitələrlə, həm də qadınlarla, "görüş yerləri” ilə təmin
edərək, himayədarlıq edənlər var və onlar da istintaqa məlumdur. İstisna deyil
ki, intim videolar da məhz himayəçilərinin çoxsaylı restoran və ya gizli mənzillərində
qeydə alınıb. Bu cür asan qazanc sayəsində reket "media təmsilçiləri” himayəçilərindən
pis yaşamayıblar-bahalı maşınlar alıb, dəbdəbəli ofislərdə oturublar.
Azpolitika.az saytı yazır ki, bu şəbəkənin MTN-çi
himayədarları ilə birlikdə öz qurbanlarından aldığı məbləğlər çox vaxt 6 rəqəmlə
ifadə olunan məbləğlər olurdu.
DTX-nin ifşa etdiyi şəbəkəyə bağlılığı olan məmurların,
vəzifəli şəxslərin siyahısının artıq lazımi instansiyalara təqdim olunduğu da gələn
məlumatlar sırasındadır. Bildirilir ki, reket mediaya "nəfəs vermiş” şəxslər
barədə də sərt ölçü götürüləcək. Qeyd edək ki, DTX-nin əməliyyatı təkcə hüquq
müstəvisində uğurlu əməliyyat deyil, həm də medianın təmizlənməsi işində yaxşı
bir xidmətdir.(musavat.com)