«Müəllimlərin 30 faizi öz ixtisasını bilmir»

  • 22 noy 2016, 08:57
Diaqnostik qiymətləndirmədə zəif nəticə göstərənlərlə bağlı hansı tədbirlər görülüb?
Təhsil Nazirliyi ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə start verib. 

İlk diaqnostik qiymətləndirməyə dünən Qubada başlayıb. Noyabrın 21-dən 23-dək Quba Olimpiya İdman Kompleksində təşkil olunan imtahanda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iştirak edib. Qiymətləndirmədə 6000-ə yaxın müəllim iştirak etdiyi bildirilir.

"Bizim Yol”a açıqlama verən təhsil ekspertlər müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanları şərh verib.   

Təhsil üzrə ekspert Əjdər Ağayev bildirib ki, diaqnostik qiymətləndirilmə müəllimlərin yeni təlim metodları vasitəsi ilə işləmək bacarıqlarını üzə çıarır və yeniləşən təlim-tədris işində onların mövqeyini müəyyənləşdirir: "Müxtəlif suallara cavab verən müəllimlər müəyyən balı topladıqdan və mərhələləri keçdikdən sonra onların əmək haqqı artırılır. Diaqnostik imtahanının tətbiqinin başlıca maraq doğuran cəhəti budur. 

Hələ də diaqnostik imtahanları gözləyən rayonların müəllimləri var. Onlar da bu vasitə ilə əmək haqlarının artırılmasını istəyirlər. Yaxşı olar ki, diaqnostik qiymətləndirməni 2-3 nəfər deyil, 20 nəfərdən ibarət işçi qrup yaradılsın və onlar keçirsin. Çünki təhsil kollektiv yanaşmanın tərəfdarıdır. 
Diaqnostik imtahan ölkənin bütün rayonlarını əhatə etsə, onun stimullaşdırıcı təsiri efektli olacaq. Mən hesab edirəm ki, bu imtahanların təkminləşdirilməsinə ehtiyac var. Bu imtahanın keçirilməsi müəllimlərin öz üzərində işləməsinə müsbət təsir göstərib”. 

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, müəllimlərin bilik, bacarıq və motivasiyasının artırılması təhsilin keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli dərəcədə rol oynayıb: "Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini keçirməkdə əsas məqsəd təhsildə keyfiyyət dəyişikliklərinə nail olmaqdır. Bu imtahanlar əmək haqlarının artırılmasına gətirib çıxaracaq”.

Ötən 2 il ərzində Bakı şəhərində və ölkənin 12 bölgəsində dövlət ümumi təhsil müəssisələrində çalışan 60 min nəfərə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib və onların həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb. 

K.Əsədov bildirib ki, bundan əvvəl Bakı şəhərində keçrilən analoji imtahanın nəticələri heçdə ürək açan olmayıb: "Belə ki, imtahanda iştirak edən 28,758 orta məktəb müəlliminin 18,2 faizi əla (sualların 80 faizi və daha çoxu), 57,6 faizi (suallardan 10-80 faizinə qədər) cavab vermişdisə, 24,2 faiz müəllim uzun müddət ərzində Azərbaycanın gələcəyi olan gənclərə tədris etdiyi fəndən iki qiymət alıb. Əlbətdə ki, bir müəllimin tədris etdiyi fəndən 10 faiz belə suala cavab verə bilməməsi biabırçılıqdır. 

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq, eləcə də həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər. Müasir dövr texnolofiya dövrüdür, təəsüflər olsun ki, müəllimlərimizin müəyyən faizi hələdə adi kompyuterdən istifadə belə bilmir. Əlbəttə ki, təkcə təhsil nəticələri yox, həm də bilikləri aşağı səviyyədə olan müəllimlərin ciddi şəkildə təkmilləşdirilməsinə ehtiyac var”.

K.Əsədov deyir ki, indiyə qədər imtahanda iştirak edən müəllimlər arasında ən böyük sayı ibtidai müəllimlər təşkil edib: "İkinci Azərbaycan dili və ədəbiyyat sonra isə Tarix müəllimləri təşkil edir. Marağlıdır ki, zəif göstəricilər də də bu fənləri tədris edən müəllimlər liderlik edir. Bu əlbəttə ki, məktəbin biabırçı vəziyyətini göstərir. 

Diaqnostik imtahan nəticələrinə əsasən, onu da qeyd etmək istəyirəm ki, orta məktəblərlə Coğrafiya, Riyaziyyat, Fizika, kimya fənlərini tədris edən müəllimlərin də cavabları qənaətbəxş deyil. Belə ki, onların böyük əksəriyyətinin nəticələri 50 faizdən aşağıdır. Təssüflər olsun ki, bu gün Azərbaycan orta məktəblərində öz ixtisası üzrə dərs deyən 30 faiz müəllimin öz fənnindən anlayışı yoxdur. Lakin o müəllimlər dərs bölgüsü zamanı ən böyük tikəni öz qabaqlarına çəkmək, ən çox dərsin onlara verilməsi üçün əllərindən gələni edirlər. 

Nəticələrin zəif olmasında onların özləri qədər işlədikləri məktəbin direktoru da günahkardır. Çünki, qanunvericiliyə əsasən, rəhbər şəxs tez yez tabeliyində olan işçilərin bilik və bacarıqlarını atestasiya etməli, onların təkmilləşdirilməsi üçün çalışmalıdır.

Lakin bu diaqnostik qiymətləndirilmə imtahanında həmən o direktorların özləri də iştirak etsələr, əlbəttə, onların öz nəticələri heçdə müəllimlərindən yaxşı olmayacaq. 

Onu xüsusi olaraq qeyd etmək istəyirəm ki, imtahanların keçirilməsi qədər onların nəticələrinin təhlil edilməsi, zəif nəticələrin aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir. Təəssüflər olsun ki, geridə qalan imtahanlarda biz bunu görmədik. Nəticələri zəif olan müəllimlər üçün hansısa tədbir görülmədi. Onlar hələ də bizim üçün savadsız gənclik yetişdirməkdə davam edirlər”. 

Ramid İBRAHİMOV
Oxşar xəbərlər