“İttiham aktı Məlikməmmədin nağılıdır” - Akif Çovdarov

  • 21 noy 2016, 17:56

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Dövlət ittihamçısı sonuncu iclasda yarımçıq qalan ittiham aktını elan edib. Elan olunma başa çatdıqdan sonra təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək özlərini tam və ya qismən təqsirli bildiklərini, yaxud təqsirli bilmədiklərini deyəcəklər.

Bundan öncəki iclaslar kimi proses açıq keçirilsə də, hakim Həbib Həsənovun şifahi göstərişi ilə jurnalistlər zala buraxılmayıb.

Xatırladaq ki, ötən iclasda vaxt çatmadığı üçün dövlət ittihamçısı ittiham aktını elan etməyi tamamlamamışdı.

***

Dövlət ittihamçısı ittiham aktını elan etməyi tamamlayıb. 

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. Prosesdə fasilə elan olunub. Məhkəmənin növbəti gedişatı, yəni öncə zərərçəkənlərin yoxsa təqsirləndirilənlərin sərbəst ifadə verməsi müəyyənləşdirilir.

***

Fasilədən sonra məhkəmə prosesi davam etdirilib. Məhkəmə kollegiyası gedişatın necə aparılacağını açıqlayıb. Hakim bildirib ki, proses hər epizod üzrə ayrıca dindirilmələrlə davam etdiriləcək. Yəni, bir epizod üzrə öncə zərərçəkənlər, sonra şahidlər, ən sonda isə təqsirləndirilənlər ifadə verəcəklər.

Akif Çovdarov ittiham aktına münasibət bildirərkən "Bu, Məlikməmmədin nağılıdır” deyərək özünü təqsirli bilmədiyini qeyd edib. Səlim Məmmədov və Akif Əliyev isə sadəcə əmr icra etdiklərini deyiblər: "Biz hərbçiyik, göstəriş nə olurdusa, onu da icra edirdik. Tapşırıqların qanunsuz olmasından xəbərimiz olmayıb. Biz cinayət törətməmişik”.

Orxan Osmanov da özünü təqsirli bilmədiyini deyib. Bunun ardınca "Brilliant epizodu” üzrə ifadələr verilməyə başlanılıb. Zərərçəkmiş Şahmar Qurbanov ibtidai istintaqa verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verib. O, A.Çovdarovun hədə-qorxu yolu ilə ondan nağd pullar və brillantları necə aldığı haqda danışıb.

A.Çovdarov geniş ifadə verməsə də, Ş.Qurbanovun yalan danışdığını deyib. Sonra Ş.Qurbanov prokurorun, vəkillərin suallarını cavablandırıb. A.Çovdarovun vəkili Kamandar Nəsibov isə bu epizod üzrə sual verməyə hazır olmadıqlarını bildirərək vaxt istəyib.

Məhkəmə prosesi noyabrın 23-də davam etdiriləcək.

 

Oxşar xəbərlər