İŞİD-çi azəri ölən dostunun arvadı ilə evlənib

  • 13 noy 2016, 10:36
Zərbalı Abdullazadə Bakıda usta işləyib. İbadətə başlayandan sonra Suriyaya getmək həvəsinə düşən Zərbalı adını dəyişib Zərbəli edib və "müqəddəs  cihad” olan torpaqlara üz tutub. Orada   "Əli” ləqəbi alan Zərbalı Bakıya qayıdıb birdəfəlik Suriyaya köç etmək planı qurub. Amma planı baş tutmayıb. O, ailəsi ilə birlikdə Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. 

Z.Abdullazadə deportasiya olunduqdan sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.  Onun barəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə cinayət işi açılıb.  O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

"Cihad”a aparan yol…

İttiham aktında qeyd edilir ki, Z.Abdullazadə Suriyada baş verənləri internet üzərindən izləyib və bundan sonra oraya gedərək "cihad”a qoşulmaq qərarına gəlib. Suriyaya gedən Z.Abdullazadə Atma vilayətində yaradılmış "Abu Hafiz” ləqəbli Azərbaycan vətəndaşı İntiqam Əliyevin rəhbərlik etdiyi "Azəri camaatı”na qoşulub. 

Məlumata görə, o, Pərvin Məhərrəmov adlı şəxslə əvvəlcədən plan quraraq 2013-cü ildə Suriyaya gedib. Suriyaya Türkiyə sərhəddindən keçən Zərbali bir neçə ay sonra ailəsini də özü ilə aprmaq üçün Bakıya qayıdıb.

İttiham aktında qeyd edilir ki, 7 iyun 2015-ci ildə arvadı və övladları ilə birgə Türkiyəyə gedən Zərbalı oradan Suriyanın Atma vilayətinə keçə bilməyib.

İlk səfərində Suriyaya dostlarının arvadını aparıb

Z. Abdullazadə istintaqda deyib ki, Suriyaya getməkdə məqsədi Pərvin adlı dostunun həyat yoldaşını oraya aparmaq olub. Silahlı birləşmələrə də qoşulamyıb. Zərbalı deyib ki, dostu ondan  arvadını Atma vilayətinə gətirməsini istəyib. Həmçinin "Muaz” ləqəbli Mahir adlı dostu da 2013-cü ildə arvadını Suriyaya gətirməsi üçün Zərbalıdan xahiş edib. Zərbalı hər iki dostunun arvadı ilə Suriyanın yolunu tutub. 

Onlar əvvəlcə Türkiyənin Hatay vilayətinə, oradan da türk bələdçinin köməyi ilə Atmana gediblər. Dostları ilə görüşən Zərbalı onlara arvadlarını təhvil verəndən sonra Suriyada baş verənlərlə bağlı məlumat toplayıb. Atmanın şəriət qaydaları ilə idarə olunduğunu görən Zərbalı öz ailəsi ilə oraya köçməyi planlaşdırıb. Zərbalı deyib ki, bir müsəlman kimi orada yaşamaq asan olacaq.

Suriyada ölən dostunun arvadı ilə niyə evlənib?

Bakıya qayıdan Zərbalı dostu "Abdulhaqq” ləqəbli Pərvinin Suriyada öldürülmsi xəbərini alıb.  Pərvinin xanımı Bakıya qayıtdıqdan sonra onun maddi sıxıntılar çəkdiyini görüb. Bundan sonra Pərvinin arvadı ilə evlənib. Buna qarşı tərəf də, Zərbalının arvadı da razılıq verib.
Suriyaya yola düşməyi qətiləşdirən Zərbalı birinci arvadı və övladları ilə Suriyaya gedib. Son evlədiyi arvadını isə Suriyaya  apara bilməyib. Buna səbəb uşaqlarının rəsmi sənədlərində problemlərin olması olub. Zərbalı ikinci həyat yoldaşına tapşırıb ki, bu işləri qaydasına qoyduqdan sonra Suriyaya gəlsin.

Türkiyədən deportasiya və…

Növbəti dəfə də Suriyaya Türkiyədən keçmək istəyən Zərbalını ailəsi ilə birlikdə yerli polislər saxlayıb. Buna səbəb onların vaxtından artıq Türkiyə ərazisində icazəsiz qalması olub. O, ailəsi ilə birlikdə Türkiyədən deportasiya edilib.

İttiham aktında yer alan məlumatda yazılır ki, Z. Abdullazadə İŞİD təribində "Əli” ləqəbi ilə tanınıb. O, sonuncu dəfə Rakka şəhərinə getmək istəyərkən ölkədən çıxışına qadağa qoyulduğu üçün Zərbalı adını dəyişib Zərbəli, Abdullayev soyadını dəyişərək isə Abdullazadə edib. 

Suriyada öldürülən Pərvinin həyat yoldaşı olmuş Sevinc Qasımova (ad və soyad şərtidir) istintaqa ifadəsində olanları təsdiq edib.

Arvadını Türkiyədə yaşayacaqları adı ilə aparıbmış… 

S.Qasımova ifadəsində bildirib ki, Pərvin ona Türkiyənin Hatay vilayətinin Reyhanlı kəndində yaşayacaqlarını deyib. Lakin Türkiyəyə gedərkən onlardan Suriyaya keçmələrini istəyib. Suriyaya keçdikdən sonra orada onlara ayrılmış evdə yaşayıblar. Həmin ərəfdə isə əri döyüşlərdə iştirak edirmiş.

O, ifadəsinə əlavə edib ki, əri öldükdən sonra onunla birlikdə Türkiyəyə gedən Mahir adlı şəxsin həyat yoldaşından 200 dollar alaraq Bakıya qayıdıb və Burada Z.Abdullazadə ilə ailə həyatı qurub.

Z.Abdullazadənin həyat yoldaşı A.Abdullayeva da istintaqa ifadəsində baş verənləri təsdiqləyib. 

O, Zərbalı ilə nikahlarından bir qız və 2 oğlan övladlarının olduğunu bildirib. A.Abdullayeva deyib ki, Suriyaya getmək qərarına gəldikdən sonra Sahil qəsəbəsindəki evlərini əşyaları ilə birlikdə satıblar. 

Ərinin ölən dostu Pərvinin həyat yoldaşı ilə evlənməsi haqda da danışan A.Abdullayeva deyib ki, bu işi Zərbalının öhdəsinə buraxıb və qərarı onun verməsini istəyib.

Dini baxışlardakı ziddiyyət…  

Bu işdə adı keçən Mahir Musayevdə istintaq zamanı dindirilib. M.Musayev də eyni maddələrlə ittiham olunur. O, da istintaqa bildirib ki, Suriyada baş verənləri internetdən izlədikdən sonra Suriyaya getmək qərarına gəlib və bunun üçün Pərvinlə danışıb. 

Mahir Musayev deyib ki, dostu Zərbalı  Suriyaya gəlmək istəyərkən Bakıda olan həyat yoldaşını da gətirməsini ondan istəyib. O, Zərbalının Suriyaya gəliş məqsədinin İŞİD-ə qoşulmaq olduğunu bildirib. 

İstintaqa ifadə verən M.Musayevin həyat yoldaşı Sevil Quliyeva (ad və soyad şərtidir) da olanları təsdiq edib. Əlavə edib ki, 2012-ci ildə orta məktəbi bitirdikdən sonra ibadətə başlayıb və Mahirlə ailə həyatı qurublar. 

S.Quliyeva deyib ki, əri Türkiyəyə işləmək adı ilə gedib. Sonra onu da Türkiyəyə çağırıb. Ancaq Türkiyəyə gedəndədn sonra Suriyaya aparılıb. Və orada bilib ki, Suriya ərazisindədir.
Onun sözlərinə görə, əri Mahirlə Suriyada olan şəxslərin dini baxışlarında ziddiyyətlər olduğu üçün onlardan ayrılaraq Bakıya qayıdıblar. 

İlkin Muradov
Musavat.com

Oxşar xəbərlər