Demokratik TV
Vahe Avetyanla Əkrəm Əylisinin dialoqu (fantaziya)
- Salam, Əkrəm-can, necəsən, qardaş?
- Barev dzez, Vahe. Yaxşıyam, inç pes yek?
- Mən də yaxşıyam, qardaş. Burda səni incitmirlər ki?
- Voç, axper can. Arada sizin dildə desək, davaçan deyirlər, yəni vətən xaini...
- Ara, onu mənə də deyirlər. Hələ ürəkləri soyumur, matniç də deyirlər. Yəni satqın. Dərd eləmə...
- Sən də bunu özünə vişt eləmə. Biz "vətən xainləri” dözümlü olmalıyıq. Yəni taneli, hamberatar. Adə, Vahe, sən mənim yazdıqlarımı oxumusan?
- Hə, oxumuşam. Axırıncı yazdığını da, maşallah, bolori ermənilər oxuyub.
- İrok? Adə, bizimkilərin heç 1 faizi oxumayıb, amma 91 faizi söyür...
- Öz aramızdır, Əkrəm-can. Sən də barıtı bir az çox eləmisən də. Zülmə qalsa, bizim axperlər sizə daha çox anardarutyun ediblər, amma sən birtəfəli yazmısan.
- Voç, Vahe. Bizimkilər də arada sizinkilərə çox anardarutyun ediblər, hələ anhanqstutyun da veriblər.
- Xətrimə dəyirsən. Böyüyümsən, əkəmsən, amma mən öz azgımı, camaatımı tanımırammı?
- Vahe, sənin bizimkilərin canında olanları bilmirsən. Bax, görürsən, burda sənə necə hörmət qoyurlar. Amma mənim pensiyamı kəsiblər.
- A kişi, nə pensiya, nə tvoşak? Məni ölkədən qovublar ey. Sinnimin bu vaxtında otarakan olmuşam İsveçdə.
- Mən də gedirdim də. Aeroportda üzümə durdular ki, adam döymüsən. "Döydüyüm” adam iki mən boydaydı. Sən astvas, mən adam döyənə oxşayıram?
- Nə bilim, vallah. Səni tanıyanlar deyir ki, cavanlıqdan davakarsan.
- A mard, davakarlıq başqa, cığallıq başqa. Mənə cığal deyirlər, amma davakar demirlər. Cığal bilirsən nədi?
- Bilirəm. Biz cığala anvayel deyirik. Bizim camaatın o işdə üzü ağdır.
- Heç bizi demirsən. Biz anvayellikdə sizdən geri qalmarıq. Məsələn, səncə, dolmanı birinci kim bişirib. Deyə bilərsən?
- Əkə, məncə, dolmanı birinci üzüm tənəyi əkənlər bişirib. Amma üzümü kimin birinci əkdiyini, düzü, bilmirəm.
- Bəs "Sarı gəlin”i birinci kim oxuyub?
- Nə bilim, ay qardaş. Hər kim oxuyubsa, yenə oxusun da. Əllərindən alan var? Bunlar boş-boş şeylərdir.
- Bəs Qarabağ kimindir?
- Bax, bu yaxşı sualdır. Qarabağ sizindir. Mianşanak. Yəni birmənalı.
- Sən öl, inciyərəm. Ermənilərin də orda yaşamaq haqqı var.
- Kim nə deyir ki. Yaşasınlar da. Dinc otursunlar, yaşasınlar.
- Heç bilirsən, o vaxt, sovet dövründə Bakıda ermənilərlə necə can-ciyər idik?
- Bilirəm. İrəvanda da o cür idi. Amma bizimkilər mehribanlığın içinə turd qoydular.
- Hə, bizimkilər də arada yapdılar divara.
- Sizdə günah yox idi, hamısını bizimkilər elədi.
- Elə demə. Belə deyirsən ki, sənə davaçan, matniç deyirlər də.
- Bu məni sarsap eləmir, yəni qorxutmur.
- Sənə nə var, gedib oturmusan İsveçdə. Burda mənim kitablarımı yandırırlar.
- Sovet vaxtı yazdıqlarını da? Onları niyə?
- Qurunun oduna yaş yandırmaq məsələsidir.
- Düzünü de, qardaş. Sən o "Daş yuxuları” Nobel mükafatı almaq üçün yazmışdın?
- Yox, ə, sən öl. Nə Nobel? Nobel aldığım deyildi, burdan-bura Nobel prospektinə çıxa bilmirəm. Amma sən İsveçdəsən, belə davam etsən, bir gün elə ordaca sənə mükafat verəcəklər. Deylənə görə, davaçanlara verirlər.
- Ara, mən sizin üçün çalışıram. Deyirəm, sülh olsun, barışıq olsun. Nobelyan mrtsanaki vecimə də deyil.
- Yəni versələr, götürməzsən?
- Niyə götürmürəm? Bob Dilandan əskik oğlan deyiləm ki. Amma mükafatdan ötrü erməniliyimə sala bilmərəm.
- Öz millətini heç vaxt aşağılama, axper.
- Bunu mənə kim deyir? Sən də öz millətinin qədrini bil, paron varpet. Yəni hörmətli ustad.
- Paronun artıq olsun.
- Arada gəl İsveçə, qonağım ol.
- Ağlın özünə getməsin, məni Bakı aeroportundan buraxmırlar.
- Gəl, belə edək. Mən mijnordutyunluq, yəni vasitəçilik edim, Azərbaycan hökuməti ilə sənin aranı düzəldim..
- Yox, axper, alınmayacaq. Sən mijnordutyunluq edincə, məni aşkharhik edəcəklər.
Samir Sarı
