Mətbuatın Şəbnəm Tovuzlu sindromu

  • 01 noy 2016, 21:10

Yatsam yuxuma da girməzdi ki, mən də haçansa Şəbnəm Tovuzludan yazacam. Şəbnəm Tapdıqdan yazardım, çünki, sənəti də var, şəxsiyyəti də. Qəribəlikləri isə lap çoxdur. Məsələn, günü bu günə qədər o iddia edir ki, Şəbnəm adının eksklüzivliyi ona məxsusudur və bu adı ondan başqa heç kim daşıya bilməz. Mən hələ də təəccüb edirəm ki, Şəbnəm Tapdıq nə əcəb Şəbnəm Tovuzlunun qabağına çıxıb ondan "niyə bu adı batırırsan "deyə soruşmayıb?  Və yaxud da tovuzlular.. Nə isə.


Açığı Şəbnəm Tovuzlu adında müğənninin adını bu günlərdə eşitmişəm.  Yəni, onun nə çalıb, nə oxuduğu haqda iynənin ucu qədər bilgim yoxdur. Birmənalı! Amma görünür, həmkarlarım arasında onun pərəstişkarları kifayət qədərdir. Əks halda Şəbnəmin yataq otağında bu qədər eşələnməzdilər. Və o da tərbiyəsizləşib jurnalistləri təhqir eləməzdi. Deməli, bu gün Şəbnəm Tovuzlu ilə bağlı xəbərlər pik həddə çatdı. Yazdılar ki, bu qadının uşaq gözlədiyi kişi sən demə 10 saylı cəzaçəkmə müəssissəsinin rəisidir.  Dərhal Ədliyyə nazirliyi Penitensiar Xidmətin təkzibi yayıldı. Belə baxanda maraqlı və düşündürücü  təkzib idi. Təxminən belə. Rəis Şəbnəmi tanıyır, amma uşağın atası o deyil.  Bunun ardınca Şəbnəmdən açıqlama gəldi. O təxminən yox,  konkret belə idi.”Bu jurnalistlər çox baş qaldırıb. Bunlardan birinin başını əzmək lazımdır. Əgər onlardan birinin başı əzilsə, sakitləşəcəklər.” Jurnalistlərin peşə kodeksi deyilən bir şey var və bu kodeks  jurnalist həmrəyliyini, təəssübkeşliyi diktə edir. Heç bu cür rəsmi göstərişlər olmasa da belə, yüz Şəbnəm kimi müğənniyə bir jurnalistin dırnağını dəyişmərəm. Amma jurnalistlər də ağını çıxartmasınlar da. Adama deyərlər ki, Şəbnəmin kimdən uşaq gözlədiyi, nə yeyib-nə içdiyi sənin nəyinə lazımdır a bala? Anan deyil, bacın deyil, nə qarabaqara izləyirsiz bu gözəlçəni? Reytinq lazımdırsa, bu nə vaxtdan reytinqli müğənni olub? Pul lazımdırsa, yenə də bu boyda peşəni o cür peşə sahiblərinin alətinə çevirməyin, lütfən. Axı jurnalistika dediyiniz bu deyil. Jurnalistika böyük anlayışdır. Onun ən gözəl nümunələrini zamanında Məhəmmədəmin Rəsulzadələr yaradıb, Üzeyir Hacıbəylilər yaradıb. Elə bilirsiz onların vaxtında şəbnəmlər yox idi?  İnanın vardı! Sadəcə, hədəf onlar deyildi. BU gün isə Googleda bircə Şəbnəm Tovuzlu yazmaq kifayətdir, onlarla başlıqda yazılar çıxır. "Şəbnəm Tovuzlu qadın alveri ilə məşgulmuş”, " Şəbnəm Tovuzlunun sevgilisi polkovnik imiş”, "Şəbnəm Tovuzlu haqqında şok iddia”, " Şəbnəm Tovuzlu həm də icra başçısı ilə sevgili imiş” vəs. Adam utanır vallah… Jurnalist olduğuna utanır.  Açığı, inciməyin dostlar, mən bu məsələdə Şəbnəmin tərəfindəyəm. Adam əxlaqsızdır, özü bilər, bic doğar, yenə özü bilər, Galenvageni necə, hansı yolla qazanar, o da bizim işimiz deyil. Hər kəsin şəxsi həyatı deyilən bir şey var. Qoy yaşasın da adam öz həyatını! Hamı sənin , mənim kimi doğru olanı, düz olanı seçməz ki! Kimi ac olum, kişi olum deyib çovdar əppəyi ilə dolanır, kimiyə Çovdarovlarsayağı həyat cazibədar görünür. Bizim nə işimizə? Ona görə o qızın bu günkü açıqlamasına bir az ciddi yanaşaq. ” Nədir Şəbnəm-Şəbnəm düşüblər üstümə. Bu boyda Azərbaycanın problemi yoxdur yazmağa?!”Adam haqlı. Bizim daha ciddi problemlərimiz var. Özümüzü güldürməyək. İnanın, bu vəziyyətdə Şəbnəmdən də pis görünürük. Çirkin demirəm, çünki, Şəbnəm gözəl qızdır. Kaş, kamalı da camalına  adekvat olaydı.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Oxşar xəbərlər