Kərbəla faciəsi - İmam Hüseynə (r.a) kim xəyanət etdi? - Dr. Elnur Nəsirovun araşdırması

  • 11 okt 2016, 09:10
Əli ibn Əbu Taliblə (Allah ondan razı olsun) Allah Rəsulu Muhəmmədin (Allahın səlat və səlamı ona olsun) dörd qızından ən kiçiyi olan Fatimənin (Allah ondan razı olsun) ikinci övladı olan Hüseyn (Allah ondan razı olsun) hicrətin 4-cü ilində, şaban ayının beşi (09 yanvar 626), böyük qardaşı Həsəndən (Allah ondan razı olsun) 11 ay sonra Mədinə şəhərində dünaya gəlmişdi. Dünyaya gəlməsindən yeddi gün sonra Allah Rəsulu (s.ə.v) nəvəsi üçün əqiqə olaraq iki qoç kəsdirdi, saçı qırxdırdı, sünnət etdirdi və adını qoydu: Hüseyn !

Raşid xəlifələrin üçüncüsü Osman ibn Əffanı (r.ə) qiyamçı xəvariclərə qarşı qoruyanların arasında Hüseyn ibn Əli (r.ə) vardı. Osmanın (r.ə) şəhid edilməsindən sonra atası Əli ibn ƏbuTalib (r.ə) xəlifə seçilərkən Hüseyn ibn Əli (r.ə) otuz yaşında idi. Atasının xəlifəliyi dövründəki hərbi-siyasi hadisələrin içində yer alan Hüseyn (r.ə) böyük qardaşı Həsənin (r.ə) kufəlilərin xəyanətinə uğramasının və xəlifəliyi müqavilə ilə Müaviyə ibn Əbu Süfyana (r.ə) təhvil verməsinin də şahidi olmuşdu. Müaviyənin (r.ə) hicri 51-ci ildə (671) Bizansı imperiyasının paytaxtı Konstantinopola tərtib etdirdiyi və oğlu Yezidi əmir təyin etdiyi hərbi səfərdə Hüseyn ibn Əli (r.ə) də iştirak etmişdi.

Müaviyə (r.ə) hicri 60-cı ilin rəcəb ayında (aprel 680) vəfat etmişdi. Vəfatından bir müddət əvvəl oğlu Yezidi öz yerinə, xilafət məqamına keçirmişdi. Yezid ibn Müaviyə xəlifə olarkən 34 yaşında idi. O, Hüseyn ibn Əlidən (r.ə) iki yaş kiçik idi. Yezid xəlifə olduqdan dərhal sonra Mədinə valisi Vəlid ibn Utbəyə məktub yazaraq Abdullah ibn Ömər (r.ə), Əbdurrəhman ibn ƏbuBəkr (r.ə), Abdullah ibn Zübeyr (r.ə) və Hüseyn ibn Əlidən (r.ə) özü üçün bey’ət, sədaqət andı almasını əmr etmiş, bu işdə əsla yumuşaqlıq göstərməməsini tapşırmışdı. Bu vaxt Mədinədə olan Mərvan ibn Həkəm vali Vəlidə Müaviyənin (r.ə) ölüm xəbəri Mədinədə yayılmamışdan əvvəl ələlxüsus Abdullah ibn Zübeyr və Hüseyn ibn Əlidən (r.ə) sədaqət andı almasını tövsiyə etmişdi, əks təqdirdə adı çəkilənlərin Yezidə beyət etmək istəməyəcəklərini bildirmişdi.

Vəlid ibn Utbə Abdullahla (r.ə) Hüseyni (r.ə) yanına çağırmış, lakin Müaviyənin (r.ə) vəfatından artıq xəbərdar olan Abdullah (r.ə) valinin yanına getmədən qardaşı Cəfərlə birlikdə Mədinəni tərk edib Məkkəyə getmişdi. Hüseyn ibn Əli (r.ə) isə oğulları və azad etdiyi kölələrindən bir neçəsi ilə birlikdə valinin yanına getmişdi. O, müşayət edənlərə qapıda gözləmələrini söyləyib özü valinin evinə girmişdi. Mərvan ibn Həkəm bu vaxt vali Vəlidin yanında idi. Vəlid ibn Utbə Yezidin məktubunu oxuyub Hüseyndən (r.ə) yeni xəlifəyə bey’ət etməsini istədi. Hüseyn ibn Əli (r.ə) isə ona belə cavab verdi: "İnna lilləhi və inna ileyhi raciun. Allah Müaviyəyə rəhm eləsin. Bey’ət məsələsinə gəldikdə isə mənim kimi bir adamın gizlində beyət etməyəcəyini bilirsən, gizlində edilmiş bir bey’ətin əhəmiyyəti də olmaz. Sən xalqı bey’ət üçün çağırdığın vaxt məni də çağırarsan”. Vəlid Hüseynin (r.ə) bu sözünü sakitliklə qarşıladı, lakin Mərvanın Hüseyn (r.ə) hələ oranı tərk etməmiş Vəlidə "bunu evinə getməyə qoyma, həbs et, insanlar bey’ət üçün toplandıqları vaxt sərbəst buraxarsan, onlarla birlikdə bey’ət edər, etməsə boynunu vurarsan” deməsi vəziyyəti gərginləşdirdi. Hüseyn (r.ə) yerindən qalxaraq Mərvana hayqırdı: "Yalan danışırsan ey alçaq, mənim boynumu vurmağa nə sənin, nə də onun cürəti çatmaz”. Hüseynin (r.ə) bu sözləri söyləyib valinin evini tərk etməsindən sonra Mərvan valiyə "onu belə buraxdığın üçün çox peşman olacaqsan” dedi. Vəlid isə Mərvana "sən nə danışırsan ey Mərvan? Sən mənə Peyğəmbərin (s.ə.v) qızı Fatimənin (r.ə) oğlunu öldürməyi təklif edirsən? Öz əlimlə öz imanımı yıxım?”.

Hüseyn ibn Əli (r.ə) bu hadisədən sonra ailə fərdlərini və yaxın əqrəbalarını da götürərək hicri 60-cı il rəcəb ayının 27-si (02 may 680) gecə vaxtı Mədinəni tərk etmiş, Məkkəyə getmişdi. Qardaşlarından Mədinədə sadəcə Muhəmməd əl-Hənəfiyyə qalmışdı. Məkkəyə gəldiyi gündən xalq dəstə-dəstə Hüseynin (r.ə) yanına gəlir, ətrafında toplanırdılar. Bir müddət sonra Yezid ibn Müaviyə Məkkə valisi Yəhya ibn Həkimi vəzifəsindən azad etmişdi.

Bu vaxt Muaviyənin (r.ə) ölüm xəbəri artıq xilafətin dörd bir tərəfinə yayılmışdı. Bir vaxtlar Əli ibn Əbu Talib (r.ə) və daha sonra oğlu Həsəni (r.ə) kömək və’dləri ilə Kufəyə dəvət edib sonra köməksiz qoymuş kufəlilər də Müaviyənin (r.ə) ölüm xəbərini eşidib hərəkətə gəlmişdilər. Müaviyənin (r.ə) iqtidarı dövründə kufəlilər Əməvi hakimiyyətinə boyun əymiş, itaət etmişdilər. Bir vaxtlar Əli ibn Əbu Talibə (r.ə) sədaqət andı içərək ətrafından ayrılmayan Ziyad ibn Əbih kimi valilər sayəsində Kufə Əməvi xilafəti qarşısında mütilik göstərmiş, xəvaric fitnəsinin qaynadığı qazan olan Kufədə əmin-amanlıq hökm sürmüşdü. Lakin indi onlar əmin-amanlığı qoruyan dəmir pəncənin başlarının üzərindən itib getdiyinin fərqinə varmağa başlamışdılar. Süleyman ibn Surəd, Müsəyyəb ibn Nəcəbə, Rifaə ibn Şəddad, Həbib ibn Muzahir, Ubeydullah ibn Subəy əl-Həmdani, Abdullah ibn Vəddak əs-Suləmi, Bişr ibn Mushir əs-Səydavi, Əbdurrəhman ibn Ubeyd əl-Ərhabi, Səid ibn Abdullah əs-Səqəfi, Şəbəs ibn Ri’bi, Həccar ibn Əbcər, Yəzid ibn Haris, Əzra ibn Qeys, Əmr ibn Həccac, Muhəmməd ibn Umeyr ət-Təmimi kimi Kufənin əşrafından, qəbilə rəislərindən onlarla adam Məkkəyə, Hüseyn ibn Əliyə (r.ə) məktublar yazıb elçilərini göndərmiş, ona ölümünə sədaqət andı içərək Kufəyə dəvət etmiş, yüz min silahlı tərəfdar və’d etməkdə idilər.

Abdullah ibn Abbas (r.ə) əmisinin nəvəsi olan Hüseyn ibn Əliyə (r.ə) kufəlilərin bu və’dlərinə inanmamağı tövsiyə etmiş, Hüseynin (r.ə) Məkkədən çıxıb Kufəyə getməsinin Yezidin istəyi olduğunu bildirmişdi.

Hüseyn ibn Əli (r.ə) kufəlilərin məktublarına cavab yazmış və gələn kufəli elçilərlə göndərmişdi. Hüsyen (r.ə) bu məktubunda vəziyyəti yerində araşdırması və məktubla özünə bildirməsi üçün əmisi oğlu Müslim ibn Uqeyl ibn Əbu Talibi Kufəyə göndərdiyini bildirməkdə idi. Müslim ibn Uqeyl böyük çətinliklərlə Kufəyə gəlib çatmış və Muxtar ibn Əbu Ubeyd əs-Səqafinin evində qonaq olmuşdu. O, burada Hüseyn ibn Əlinin (r.ə) məktubunu ətrafına toplaşmış Kufə əşrafına oxumuşdu. Onlar məktubda yazılanları dinləyəndə ağlayaraq qılınclarını sıyırmış və təmtəraqlı nitqlər söyləyərək bu yolda əcrini Allahdan umaraq ölənə qədər vuruşacaqlarını bildirmişdilər. Bu baş verənlər Kufə valisi Nu’man ibn Bişrin qulağına çatmışdı. Müaviyə ibn Əbu Süfyan (r.ə) vəfatından əvvəl oğlu Yezid üçün insanlardan bey’ət almışdı. Beyət edənlərin arasında indi qılınc sıyırıb Hüseynin (r.ə) önündə vuruşmaq üçün and içənlər də var idilər. Yumuşaq xasiyyətli, həlim və ibadətə düşkün bir insan olan Nu’man ibn Bişr bu hadisədən sonra namazlardan birində məsciddə minbərə çıxıb kufəlilərə belə xitab etmişdi: "Ey Allahın qulları, fitnəə və təfriqəyə getməyin. Çünki fitnədə canın və malın təhlükəsizliyi qalmaz. Mən mənə qılınc çəkməyə qarşı vuruşmaram. Zənn ilə heç kimi günahlandırmaram və həbs etdirmərəm. Fəqət sizlərdən kim daha əvvəl etdiyi bey’ətdən üz döndərərsə, başımızda olana müxaliflik edərsə, özündən başqa ilah olmayan Allaha and olsun ki, heç kimin köməyini gözləmədən onun üstünə qılıncımla gedərəm. Ümid edirəm ki, aranızda haqqa yaxın olanlar, batilə yaxın olanlardan daha çoxdurlar”.

 Lakin onun bu şəkildə çıxışı Kufədə olan bəzi Əməvi tərəfdarlarını qane etməmişdi. Onlar daha sərt tədbirlər tələb etməkdə idilər. Bu səbəbdən də Abdullah ibn Müslim əl-Hədrami adlı şəxs məsciddə ayağa qalxaraq valini zəiflikdə, tədbirsizlikdə ittiham etmiş və daha sonra bu haqda Yəzid ibn Müaviyəyə bir məktub yazmışdı. Kufədə yaranmış vəziyyət haqqında Umarə ibn Uqbə və Ömər ibn Sə’d ibn Əbu Vəqqas da məktub yazaraq Yezidi məlumatlandırmışdılar.

Yaxınlarının tövsiyəsi ilə Yezid ibn Müaviyə Nu’man ibn Bişri Kufə valiliyi vəzifəsindən azad etmiş, onun yerinə Əli ibn Əbu Talibin (r.ə) yaxın adamlarından olan Ziyad ibn Əbihin oğlu Ubeydullahı təyin etmişdi. Yezid Ubeydullah ibn Ziyadı sevməzdi, hətta bir dəfə ona acıqlanaraq yanından qovmuşdu. Lakin indi yaranmış vəziyyət, yaxınlarının məsləhəti onu buna məcbur etmişdi. Yezid atası Müaviyə (r.ə) tərəfindən Bəsrə valiliyinə təyin edilmiş Ubeydullah ibn Ziyada məktub yazaraq onu həm də Kufə valisi təyin etdiyini, dərhal Kufəyə gedib vəzifəsinin icrasına başlamasını bildirmişdi. Ubeydullah ibn Ziyad Yezidin məktubunu alan kimi dərhal Bəsrəlilərə müraciət edərək xəlifənin əmri ilə Kufəyə getməli olduğunu, öz yerinə isə vəkil olaraq qardaşı Osmanı təyin etdiyi söyləmişdi.

Ubeydullah ibn Ziyad Kufəyə yaxınlaşanda təbdili-qiyafə edərək şəhərə girdi, üzünü və başını qara bir örtü ilə örtərək şəhərin küçələrində irəliləyir, valinin oturduğu binaya tərəf gedirdi. Kufəlilərdən bir çoxu üzü-gözü bağlı olan Ubeydullahı Hüseyn ibn Əli (r.ə) zənn edərək salamlayır, xoş gəlmisən deyirdi. Ertəsi gün Ubeydullah ibn Ziyada Kufədə uğursuz bir sui-qəsd də tərtiblənmişdi. Bu vaxt Müslim ibn Uqeylin qarşısında 18 bin kufəli Hüseyn ibn Əli (r.ə) tərədarı bey’ət etmiş, sədaqət andı içmişdilər. Ubeydullah ibn Ziyad casuslar vasitəsi ilə Muslim ibn Uqeylin Kufədə Hani ibn Urvə adlı şəxsin evində gizləndiyini, tərəfdarlarının da oraya gələrək onunla görüşdünü öyrənmişdi. O, cəmi üç min dirhəm gümüş pul xərcləyərək Hani ibn Urvənin evində baş verən hər şeydən gündəlik xəbərdar olurdu.

Müslim ibn Uqeyl sədaqət andı içib bey’ət etmiş 18 min kufəlinin olmasına rəğmən İbn Ziyad tərəfindən ələ keçirildi. Kufədə onu qoruyacaq, himayə edəcək heç kim tapılmadı. Müslim ibn Uqeyl öldürüləcəyini anlayanda İbn Ziyaddan onun yanında olan və qohumluq əlaqəsi olan Ömər ibn Sə’d ibn Əbi Vəqqasda vəsiyyətini etmək istədiyini bildirmişdi. İbn Ziyadın iznindən sonra o, Ömər ibn Sə’d belə vəsiyyət etmişdi: "Kufədə olduğum müddətdə kufəlilərdən ehtiyaclarım üçün 700 dirhəm borc aldım, bu borcu mənim üçün ödə. Öldürüləndən sonra cəsədimin eybəcər hala gətirilməsinə və ya xalqa nümayiş etdirilməsinə mane ol. Hüseyn ibn Əlinin (r.ə) yanına adam göndər, ona mənim başıma gələnləri anlatsın, onun tərəfdarı olan bu insanların (kufəlilərin) xəyanətini ona bildirsin, qoy Hüseyn (r.ə) Məkkəyə geri qayıtsın, kufəlilərin sözünə aldanmasın”.

Minlərlə kufəlinin bey’ətini almış Müslim ibn Uqeyl bu haqda Hüseyn ibn Əliyə (r.ə) yazmış, kufəlilərin onu gözlədiklərini bildirmişdi. Hüseyn ibn Əli (r.ə) Müslimin başına gələnləri bilmədən Məkkədən Kufəyə doğru yola çıxmışdı. Məkkədən yola çıxarkən Abdullah ibn Ömər, Əhnəf ibn Qeys, Əbu Səid əl-Xudri, Muhəmməd əl-Hənəfiyyə, əş-Şə’bi kimi səhabə və tabiundan bir çoxları Hüseyni (r.ə) bu fikrindən daşındırmaq üçün çalışmışdılar. Çünki kufəlilərin daha əvvəl onun atasına və qardaşına necə xəyanət etdiklərini hər kəs bilirdi.

İbn Ziyad Hüseynin (r.ə) Kufəyə doğru gəldiyi xəbərini alandan sonra İraqdan Hicaza gedən bütün yolları nəzarət altına almış, bunun üçün kufəlilərdən ibarət 4 min nəfərlik süvari dəstə hazırlamışdı. Hüseyn ibn Əli (r.ə) ailə fərdləri və yaxınları ilə Zübalə adlı yerə gəlib çatanda Ömər ibn Sə’din Müslim ibn Uqeylin vəsiyyətinə əməl edərək göndərdiyi elçi onun yanına gəldi. Elçi Kufədə baş verənləri və Müslimin edam olunduğunu ona bildirdi. Hüseyn ibn Əli (r.ə) yol boyu onun ətrafına toplanmış insanlara xitab edərək dağılışıb gedə biləcəklərini, onunla birlikdə gəlmək məcburiyyətlərinin olmadığını bildirəndə insanlar onu tərk edərək evlərinin yurdlarınnı yolunu tutmuşdular.

İbn Ziyadın göndərdiyi kufəli süvarilər Hüseyn ibn Əli (r.ə) və yanındakı adamların Kufəyə daxil olmalarına izn vermədilər. Onlar yolları kəsərək Hüseyni (r.ə) və yanındakı az sayıdakı insanı İraqın şimalına doğru hərəkət etməyə məcbur etdilər.  Kərbəla adlanan yerə gəlib çatanda Ömər ibn Sə’d yanındakı 4 min atlı ilə onların qarşısını kəsdi. Ömər ibn Sə’d dəstəsindəki Əzra ibn Qeysə gedib Hüseynlə (r.ə) görüşməsini və buraya gəliş səbəbini soruşmasını istədi. Lakin Əzra özünün onu Kufəyə dəvət edən məktub müəlliflərindən biri olduğunu söyləyib bunu etməyə üzü olmadığını bildirdi. Eləcə də dəstədəki bir çoxları Müslim ibn Uqeylin yanında sədaqət andı içdiklərini və səbəbdən də Hüseyn ibn Əlinin (r.ə) qarşısına çıxmaq istəmədiklərini bildirmişdilər. Nəhayət Kürrə ibn Qeyd adlı bir nəfər Ömər ibn Sə’din elçisi olaraq Hüseyn ibn Əlinin (r.ə) yanına getdi və İraqa nə məqsədlə gəldiyini soruşdu. Hüseyn ibn Əli (r.ə) ona belə cavab verdi: "Vallahi, bu şəhərin əhalisi mənə ard-ardınca məktublar yazdılar. Məni öz şəhərlərinə dəvət etdilər, mənə sədaqət andı içdilər, məni özlərinə imam, başçı saydıqlarını bildirdilər, mən də bu səbəbdən ötürü gəldim, sonra işin əslini anladım, gəldiyim yerə geri qayıtmaq istəyəndə Hürr ibn Yezid mənə mane oldu və buraya qədər gəlməyimə səbəb oldu, indi izn verin geri qayıdım”.

Ömər ibn Sə’d onun bu sözlərindən, Hüseynin (r.ə) döyüş niyyəti ilə gəlmədiyinə və sağ-salamat geri qayıdacağına əmin olub məmnun qalmış və vəziyyəti İbn Ziyada bildirmişdi. İbn Ziyad da Hüseynin (r.ə) geri, Məkkəyə qayıtmaq istəməsindən məmnun olmuş və buna mane olmaq fikrində olmadığını bildirmişdi. Lakin İbn Ziyadın yaxın adamlarından Şimr ibn Zilcəuşən adlı şəxs İbn Ziyadı bu fikrindən daşındırmışdı. O, İbn Ziyada "Onun səni saymadan beləcə İraqa gəlib getməsinə izin verəcəksən?” demişdi. İbn Ziyadın "elə isə göndərim Yezidin yanına getsin, nə edəcəksə o, özü qərar versin” deməsinə Şimr " Vallahi, sənə itaət etmədiyi müddətcə bu da olmaz” deyərək İbn Ziyadı Hüseynin (r.ə) əleyhinə qızışdırmış, təşviq etmişdi. Şimr ibn Zilcəuşən bir vaxtlar Hüseynin (r.ə) atası Əlinin (r.ə) atəşli tərəfdarlarından olan bir kufəli idi və onun ordusunun əsgərlərindən olmuşdu.

Şimrin bu sözlərindən sonra İbn Ziyad fikrini dəyişərək Ömər ibn Sə’də məktub yazdı. Məktubda Hüseynin (r.ə) sadəcə Yezid ibn Müaviyəyə xəlifə olaraq bey’ət etməsindən sonra istədiyi yerə getməyə izn verdiyini söyləyirdi. Ömər ibn Sə’d İbn Ziyadın qəti əmrini alandan sonra Əmr ibn Həccacın başçılığı altındakı dəstəsi Hüseyn ibn Əli (r.ə) və yanındakılarla Fərat çayı arasındakı yerə göndərdi və onların sudan istifadəsinin qarşısın aldı. Bu Hüseyn ibn Əlinin (r.ə) Kərbəlada şəhid olmasından üç gün əvvəl baş vermişdi. Hüseyn ibn Əlinin (r.ə) İbn Ziyadın bu təklifini qəti surətdə rədd etməsi Ömər ibn Sə’din başçılığı altındakı kufəli süvarilərlə Hüseyn ibn Əli (r.ə) yaxınları arasında silahlı toqquşmaların baş verməsinə səbəb olmuşdu. Fasilələrlə davam edən bu silahlı toqquşmalarda 10-dan çoxu Haşim ailəsinə mənsub gənclər olmaqla Hüseyn ibn Əlinin (r.ə) tərəfində vuruşan 72 nəfər şəhid olmuşdular. Hüseyn ibn Əli (r.ə) son nəfəsinə qədər vuruşmuş, aldığı qılınc və nizə zərbələri ilə çox qan itirərək vəfat etmişdi. Kufəlilərdən Sinan ibn Ənəs adlı şəxs onun cəsədinə yaxınlaşaraq başını bədənindən ayırmışdı. Şəhid olarkən 57 yaşında idi. Haşim ailəsinin kufəli qatilləri onlara məxsus əşyaları da talan etməkdən çəkinməmişdilər. Onlar hətta qadınların və uşaqların olduqları çadırlara da soxulmuşdular. Bu vaxt Hüseyn ibn Əlinin (r.ə) oğullarından Əli əl-Əsğər (kiçik Əli, Zeyn-ul-Abidin) xəstə idi və yataqda yatmışdı. Çadıra soxulanlar xəstə yatan bu gənci öldürüb öldürməmək barədə tərəddüd edərkən Ömər ibn Sə’d onlara çadırları tərk etmələrini və xəstə yatan Əli əl-Əsğərə toxunmamalarını əmr etmişdi. Kərbəlada kufəlilərdən 80 nəfər öldürülmüşdü. Ömər ibn Sə’d öldürülən kufəliləri dəfn etdirib geri qalanlarla oradan uzaqlaşandan sonra Kərbəla yaxınlığındakı Qadiriyyə kəndindən olan kəndlilər oraya gələrək şəhidlərin cənazələrini torpağa tapşırmışdılar. Hüseyn ibn Əlinin (r.ə) kəsilmiş başı isə İbn Ziyada, o, da Şama, Yezid ibn Müaviyəyə göndərilmişdi.

İbn Əbdirəbbih ("İqd-ul-cum’an”), İbn Cərir ət-Təbəri ("Tarixi-Təbəri”), Dinəvəri ("Kitab-ul-Əxbar”) kimi klassik mənbələr baş vermiş bu acı və kədər dolu hadisənin xəbərini alanda Yezidin kədərləndiyini və "Allah Mərcanənin oğluna (ibn Ziyada) lənət etsin, əgər mən onunla (Hüseynlə) qarşılaşsaydım, onu istədiyi kimi buraxardım, Allah sənə rəhm etsin ey Əba Abdullah (Hüseyn)” dediyini qeyd edirlər. Yezidin arvadı Hind bint Abdullah ərinin qarşısında kəsik başı görəndə "Hüseynin başı budur?” deyə soruşmuş Yezid də "bəli, Qüreyşin əsilzadəsinin başı budur, sən də onun üçün ağla, İbn Ziyad onu öldürmək üçün çox tələsdi, Allah da onu öldürsün” demişdi.

Mənbələrdə xəlifə Yezidin Hüseyn ibn Əlinin (r.ə) öldürülməsini istəməməsi nəql olunsa da bir çox İslam alimi Yezidin bu işdən ötürü qınandığını qeyd etmişdirlər. Ümumiyyətlə Yezid barədə insanların fikirlərini üç əsas qismdə təsnif etmək mümkündür. Bir qism insan Yezidi kafir sayaraq lənətləyir, bir qismi onu sevir və ehtiram göstərir, üçüncü qism isə onu kafir saymayıb lənətləməməklə birlikdə onu sevmir, ona ehtiram göstərmir. Bu sonuncusu orta, mötədil olan yoldur ki, alimlərin böyük əksəriyyəti xəlifə Yezid barədə bu yolu tutmuşlardır. Buna nümunə olaraq imam Əhməd ibn Hənbəlin oğlu Salehin atasından nəql etdiyi rəvayəti göstərə bilərik. Saleh ibn Əhməd deyir ki; "Bir gün atama "bir qrup insan Yezidi sevdiyini söyləyir” dedim. Atam mənə belə cavab verdi: "Ey oğul! Allaha və axirət gününə inanan Yezidi sevərmi?”. Mən dedim: "Bəs elə isə niyə onu lənətləmirsən?”, atam belə cavab verdi: "Ey oğlu! Sən atanın kimi isə lənətlədiyini heç gördünmü?”.

Dr. Elnur Nəsirov
Oxşar xəbərlər