Göydən gələn qərar, yaxud dövləti 3-cü yerə salan kim idi? - TARİXÇƏ

  • 11 okt 2016, 08:45

Pakistanın baş naziri Nəvaz Şərif Bakıya gəlir. Bu, onun baş nazir kimi Bakıya ilk rəsmi səfəridir. Hə, "baş nazir kimi” ifadəsini elə-belə işlətmədik. Cənab Şərif artıq 4-cü dəfədir ki, ölkəsinin baş naziridir.

 

Lahorlu biznesmen Məhərrəm Şərifin siyasətçi oğlu ilk dəfə baş nazir postunu 1990-cı ilin 6 noyabrında tutub. Bu postda "şərqin Tetçeri” sayılan Benazir Bhuttonu əvəzləyib. Və maraqlıdır ki, 3 il sonra elə həmin Bhutto da Nəvaz Şərifi devirəcəkdi.

 

Nəvaz daha iki dəfə baş nazir postunu tuta bilib. Sonuncu dəfə 2013-cü ildə seçkiləri udan Şərif 3 ildir ki, dünyanın atom silahı olan yeganə müsəlman dövlətini idarə edir. Hə, atom silahı demişkən, Pakistan Azərbaycanın atom silahı olan yeganə dostudur həm də. Bu dostluğun tarixi isə çox uzaqlara gedib çıxır. Təxminən 25 il əvvələ...

 

25 il əvvəl baş vermiş bir hadisədən çox az adam xəbərdardır.

 

***

 

Həmin gün o, Avropaya uçurdu. İtaliya və Fransaya rəsmi səfəri başlayırdı.
 

Təyyarə İslamabad aeroportundan qalxandan 1 saat sonra onun üçün ayrılmış yerdə istirahət edən baş nazirə köməkçisi yaxınlaşır. 52 yaşlı baş nazir əlindəki qəzeti yerə qoyub, köməkçisindən nə baş verdiyini soruşur.

 

- İndicə məlumat aldıq ki, keçmiş sovetlər birliyinə daxil olan Azərbaycan adlı müsəlman respublikası öz müstəqilliyini elan edib.

 

- Başa düşdüm, dərhal bu respublikanın müstəqilliyi tanınsın.

 

Köməkçi qeydlərini götürüb kənara çəkilir...

 

Nəvaz Şərifin 10 günlük Avropa səfəri başa çatır. O, geri qayıdır. Həmin dövrdə Pakistanın daxili vəziyyətində ciddi gərginlik hökm sürürdü. Bir yandan siyasi rəqibləri, bir yandan da korrupsiyaya bulaşmış oliqarx-məmurlar Nəvaz Şərifin devrilməsi üçün bütün vasitələrə əl atmışdılar. Həmin dövrdə Şərif hökuməti "Təmizlik” kod adı altında antikorrupsiya mübarizəsi apardı. Bu da iri şərlərdə, Lahor, Kəraçi, Pəncab kimi meqapolislərdə məskunlaşmış iri oliqarxları narahat edirdi.

 

Azərbaycanın müstəqilliyinin tanınması barədə baş nazirin göstərişi isə dəftərxanadaca ilişib qalmışdı. Və bir də həmin dəftərxanadan bir ay sonra üzə çıxdı. O vaxta qədər isə artıq Türkiyə və Rumıniya Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətlər kimi tarixə düşmüşdülər. Pakistan adi bir dəftərxana işçisinin səhlənkarlığı ucbatından birinciliyi əldən vermişdi.

 

Amma bütün bunlara rəğmən, bu 25 ildə Pakistan bəlkə də hamıdan çox haqq eləyib, Azərbaycanını dostu olmağa. Azərbaycana, məhz Azərbaycana görə, Ermənistanın müstəqilliyini tanımayan yeganə dövlətdir. Və elə Nəvaz Şərif demişkən, "Pakistan hər zaman Azərbaycanın yanında olub və olacaq”.


***

 

"Pakistanda Azərbaycana qarşı qəribə bir sevgi var. Bu, sözlə ifadə ediləsi deyil”. Bunu Pakistandakı keçmiş səfirimiz Daşqın Şikarov demişdi mənə, İslamabada olanda. Sən demə, Pakistan DİN-i, başqa güc strukturları dəfələrlə ona deyiblər ki, başqa diplomatlar kimi sizi də mühafizəçilər müşayiət etsin. "Razı olmamışam. Onlara demişəm ki, Pakistandan mənə, bizim əməkdaşlarımıza xətər toxunmaz”.

 

Hə, doğurdan maraqlı məqamdı. Amma ən maraqlısı bilirsinizmi nədir? Bəs görəsən haradan qaynaqlanır bu sevgi? Təkcə müsəlman dövləti olduğumuza görəmi? Məncə, yox. Amma əsil araşdırmalı mövzudur. Adını lap "Bir sevginin tarixçəsi” də qoymaq olar...

 

Səbuhi Məmmədli

Oxşar xəbərlər