Xəbər lenti
Bütün xəbərlər

Mikayıl Cabbarovun nəzərinə: "Şəkidə tutulan şəxs direktor müavinidir"

  • 08 okt 2016, 21:54

Oktyabrın 4-də Şəki Polis Şöbəsinin əməkdaşları  Gəncə sakinləri Hüseyn Hüseynov və Rəfael Qoçayevi şəhər ərazisində dələduzluq (soyğunçuluq) etdiyi üçün  tutub. Onlar Aşağı Göynük kəndində dükan sahibi Sərxan Rəsulova özlərini polis kimi təqdim edib, ondan 192 manat pul alıblar.

Həmin şəxslər dükana ikinci dəfə gələndə isə Sərxan şübhələnib və polisə məlumat verib.

Sonradan o da məlum olub ki, Şəki şəhərində ticarətlə məşğul olan Fərman və Sərxan Rəsulov qardaşları da Hüseyn Hüseynov və Rəfael Qoçayevin tələsinə düşüb. Bu şəxslər 2 qardaşları jurnalist adı ilə şantaj etməklə onlardan 242 manat pul və 20 litr benzin alıblar.

Demokratik.Az olayın əsas "qəhrəmanı" ilə bağlı maraqlı məlumatlar əldə edib. Belə ki, özünü həm "jurnalist", həm də "polis" kimi təqdim edən şəxslərdən biri - Hüseynov Hüseyin Rəfi oğlu əslində Gəncə şəhəri A. Ələsgər adına 36 saylı tam orta məktəbin direktor müavini imiş. Uzun illərdir ki, bu məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyən H.Hüseynov işə getmədən maaş alırmış. Yəni, həmin gün məktəbə işə gəlməyi "unudaraq" Şəkiyə yollanan "jurnalist", əslində mütamadi olaraq rayonlara belə çirkli qazanc məqsədilə səfərlər edirmiş. Direktorunun humanist addımları və şəxsi maraqları isə onu bu vəzifədə saxlamağa xidmət edirmiş... 

Bu gün Demokratik.Az-a işçisinin həbsinə dair münasibət bildirən Gəncə 36 saylı orta məktəbin direktoru Sədaqət Məmmədova isə hadisədən təəssüfləndiyini qeyd edib. Direktorun bildirdiyinə görə, təsərrüfat üzrə müavini artıq müvafiq əmrlə başqa birisi əvəz edir. Hüseynovun isə cinayət işinin nəticəsinə uyğun işindən uzaqlaşdırılacağı istisna deyil.

Utancverici hadisənin təfərrüatları Gəncə icra başçısı Elmar Vəliyev tərəfindən də hiddətlə qarşılanıb və məsələ ətrafında geniş müzakirələr aparılıb. Hüseyin Hüseynovun cibində "Qədim Göyçə" qəzetinin təsisçi və baş redaktoru, AZTV.TV və XOCA.TV saytlarının redaktor müavini kimi "jurnalist" vəsiqələri də olduğu bildirilir.

Faktla bağlı Şəki polisi CM-nin 180-ci (soyğunçuluq) maddəsilə cinayət işi başlayıb. Hüseyn Hüseynov və Rəfail Qocayevin Şəki şəhər ərazisində digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır. Barələrində hələlik həbs-qətimkan tədbirinin seçilmədiyi bildirilsə də bu da istisna deyil.

(mövzu diqqətimizdədir)

Demokratik.Az

Oxşar xəbərlər