Bankirlə "boşanma", Londona qaçan Zamirə Hacıyeva və 9 milyard...

  • 05 okt 2016, 20:29

Bu pulda  payı olanlar onu ələ vermir

Azərbaycan hüquq-mühafizə orqanları Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı yaxalayıb ölkəyə gətirmək üçün Londona əməliyyat qrupu göndərib. Bu barədə C.Hacıyevin işi üzrə məhkəmə prosesinin 3 oktyabr iclasında onun vəkili Aqil Layıcov bildirib. Vəkil Hacıyevanı həbs etmək cəhdinin yanlış olduğunu diqqətə çatdırıb.

Zamirə Hacıyeva Beynəlxalq Bankdan 18 milyon manat vəsaitin mənimsənilməsində ittiham olunur. Hacıyeva Beynəlxalq Bankdan 2009-2015-ci illər ərzində bir neçə kredit kartı ilə üst-üstə 18 milyon manat çıxararaq şəxsi ehtiyacları üçün xərcləyib. Bura xanım Hacıyevanın Avropa ölkələrində lüks istirahət xərcləri, gözəllik salonlarının xidmətlərindən istifadə etməsi, təyyarə biletləri və s. daxildir.

Boşanmaq planı

Zamirə Hacıyeva o vaxt (11.15.2014) ölkəni tərk etdi ki, yerli KİV-lər Cahangir Hacıyevə qarşı hücuma keçmişdilər və onun ölkədən külli miqdarda maddi vəsait çıxarması barədə məlumatlar yayılırdı. Zamirə Hacıyeva İngiltərəyə çatan kimi daha ilginc məlumatlar medianın gündəminə daşındı. Məlum oldu ki, Hacıyeva Londona getməmişdən bir müddət əvvəl həyat yoldaşından boşanıb. Şübhəsiz ki, aralarında heç bir münaqişə və ciddi səbəb olmadan baş tutmuş bu boşanmanın gizlin tərəfləri açılmağa başlayıb.

Cahangir Hacıyevin ölkədən qaçmaq ssenarisi

"Cümhuriyət”ə daxil olan məlumata görə, Cahangir Hacıyev ölkədən qaçmaq və istintaqdan yayınmaq üçün boşanma planını həyata keçirib. Söhbət 18 milyon manatın Zamirə Hacıyeva tərəfindən ölkədən çıxarılmasından getmir, müzakirə mövzusu 9 milyard dolların mənimsənilməsidir. Mənbə qeyd edir ki, milyardlarla dollar maddi vəsaiti Avropadakı ofşor şirkətlərə yönəldən Cahangir Hacıyev Zamirə Hacıyevadan boşanaraq, onu İngiltərəyə göndərib. Əsas məqsəd vəsaitləri daha etibarlı əldə saxlamaq idi.

Cahangir Hacıyev hüquq-mühafizə orqanlarında şübhə oyandırmamaq üçün boşanma işini həyata keçirib həyat yoldaşını Londona göndərib ki, diqqəti öz üzərindən yayındırsın. Bu, Avropanın ofşor şirkətlərindəki maddi vəsaitlərin təhlükəsizliyinin təmin olunmasıyla yanaşı, həm də Cahangir Hacıyevin özünün ölkədən qaçmaq planının tərkib hissəsi olub. Əlbəttə, sabiq bank rəhbəri hesab edə bilərdi ki, şəxsinə qarşı ittihamların irəli sürüldüyü vaxt ölkədən çıxmaq mümkün olmayacaq. Ələlxüsus da ki, bu işi həyat yoldaşı ilə birgə həyata keçirsə, media və təhlükəsizlik orqanlarının diqqətini özüylə yanaşı Zamirə Hacıyevanın da üzərinə yönəldəcəkdi. Həmin vaxt Hacıyevanın proseslərdən kənarda qalması Cahangir Hacıyevin işinə yarayırdı. Buna görə də planın ilkin mərhələsi kimi Zamirə Hacıyeva diqqət mərkəzinə gəlməmiş ondan boşanıb İngiltərəyə qaçırtdı.

London əməliyyatının pərdəarxası

Gələn məlumatlara görə, Avropada geniş əlaqələrə sahib olan Zamirə Hacıyeva 9 milyard maddi vəsaitin ölkədən çıxarılması planında əsas rollardan birini oynayıb. Belə ki, Hacıyeva Avropanın bir sıra dövlətləri, o cümlədən, İngiltərədəki müttəfiqləri vasitəsilə mənimsənilmiş vəsaitləri ofşor şirkətlərinə yönəldilməsi işini reallaşdırıb. Londona əməliyyat qrupunun göndərilməsinə gəlincə, bu, məsələnin pərdəarxası da həmin vəsaitlərin ölkəyə qaytarmaq cəhdidir. Vəkilin Hacıyevanı müdafiə etməsindən də görünür ki, çıxarılmış pullar onun nəzarəti altındadır. 9 milyardı Zamirə Hacıyevanı həbs etməklə ölkəyə qaytarmaq planı hələ ki, baş tutmur. Görünən budur ki, hansısa güclər sabiq bank rəhbərinin həyat yoldaşını həbs etməyə mane olur. Əlbəttə, burada əsas rolu Hacıyev ailəsini qoruyan daxili güclər ola bilər ki, həmin şəxs, yaxud şəxslərin də 9 milyard dollarda payları var. Ehtimal olunur ki, maddi vəsaitlərin ölkəyə qaytarılmasına mane olan da həmin qüvvədir.

Zamirə Hacıyevanı kim ələ verdi?

Cahangir Hacıyev ümid edirdi ki, törətdiyi cinayətə Maliyyə Nazirliyini də cəlb edərək və adlarını açıqlamaq istəmədiyi nüfuzlu şəxslərin basqıları altında həyata keçirdiyini iddia edərək, məsuliyyətdən yaxa qurtara biləcək. Lakin hələlik məhkəmən gedişatında uduzan tərəf sabiq bank rəhbərinin özüdür. Zamirə Hacıyevanın ələ verilməsinə gəlincə, qeyd olunur ki, onun bu işdə rolunun olması barədə istintaqa məlumatı Maliyyə Nazirliyindəki mənbədən verilib. Xatırladaq ki, keçən məhkəmə proseslərindən birində Cahangir Hacıyev maliyyə naziri Samir Şərifovun da bu işdə rolunun olduğunu bildirmiş və onun cinayət məsuliyyətinə cəlb olunmmasını tələb etmişdi. Şübhəsiz ki, Maliyyə Nazirliyi də adının cinayətdə hallandırılması ittihamından xilas olmaq üçün belə bir addım ata bilərdi. Londona əməliyyat qrupunun göndərilməsi də ondan xəbər verir ki, Cahangir Hacıyev Samir Şərifovla "duel”də uduzur. Əlbəttə, proseslərin hansı yönə istiqamətlənəcəyi Cahangir Hacıyevin açacağı sürpriz ad, yaxud adlardan asılı olacaq. Lakin hələlik açılan faktlar pul çıxarma əməliyyatlarının iki şəxsin planı olduğu məlum olur: Cahangir Hacıyev və "keçmiş həyat yoldaşı” Zamirə Hacıyeva.

Oxşar xəbərlər