Azərbaycanın Xudayar bəyi: bu qədər yalan yetməzmi?

  • 13 sen 2016, 13:18

Yalan pis işdir. Yalan danışdığını bilən adamın bunu inadla, israrla gerçək kimi qələmə verməyə çalışması isə lap pisdir. Və bu adam da ətrafındakıları aldadıb onlara elə hey vədlər verirsə, özünü də qəhrəman kimi göstərirsə - bu əməlin adını elə aldananların özləri verməlidir.

Ki, bəlkə ayılalar.

... Milli Şuranın və AXCP-nin sentyabrın 11-də Bakıda keçirdikləri mitinqin uğursuz alınması özünü "müxalifətin real lideri" adlandıran Əli Kərimlini pərişan edib. Onun pərişanlığı emosional durum səviyyəsindən çıxaraq tərəfdarları ilə müxalifətin müxtəlif düşərgələrində və qruplarında olan şəxslər arasında sosial şəbəkələrdə gərgin mübahisələrə çevrilib.
Demokratik.Az bildirir ki, bu mübahisələrdə əsəblər tarıma çəkilib, tərəflər bir-birlərinə qarşı senzuradan kənar ifadələr işlədiblər.
 Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, partiya sədrliyinə sabiq namizəd Sahib Kərimli isə Facebook-dakı səhifəsində Yasamal rayonundakı "Məhsul" meydanında keçirilmiş mitinlə bağlı situasiyaya aydınlıq gətirməyə çalışıb.

AXCP sədri Əli Kərimli və özlərini ona az qala "mürid" hesab edənlər, xüsusilə də partiya daxilində vaxtilə formalaşaraq AXCP-nin parçalanmasına birbaşa səbəb olmuş "Yurd"un sabiq mənsubları sosial şəbəkələrdə fotolar paylaşır və guya "Məhsul" meydanındakı mitinqə on minlərlə "Əli Kərimli tərəfdarı"nın toplaşdığını yazırlar.

Sahib Kərimli isə elə sentyabrın 11-də yazıb: "Mitinqi Milli Şura adına uğurlu hesab etmək olar. Gözlənti daha böyük olsa da, etiraz edən ciddi bir potensial var. İctimai-siyasi proseslərə maraq göstərən, fəallıq etmək istəyən, ölkəsinə biganə olmayan 7-8 min civarında vətəndaşın etirazı, başlanğıc üçün kifayət qədər ciddi hadisədir". 


S. Kərimli "uğur"dan bəhs edərək mitinqin "alındığına" işarə vurur, məğlubiyyəti etiraf etmir, AXCP-nin olmayan "potensial"ından bəhs etməyə çalışır və eyni zamanda AXCP sədri Əli Kərimlinin yalanlarını da üzə çıxarır.
Çünki Əli Kərimli eynən "Danabaş kəndinin əhvalatları"ndakı Xudayar bəy təki elə hey özünü tərifləyir, özünü olduğundan artıq hesab edir və bu eqosentrizminin həddini son günlər daha da artıraraq az qala eyforiyaya qapılıb. O, "Məhsul"dakı mitinqə qatılan tərəfdarlarının sayından bəhs edərkən "on minlərlə insan" ifadəsini işlədir.

Halbuki elə cəbhəçilərin özləri "Məhsul"a maksimum 7-8 min insanın toplaşdığını yazır və etiraf edirlər ki, gələnlərin çoxu AXCP üzvləri yox, Milli Şurada təmsil olunmuş partiyalarla yanaşı, Azərbaycan müxalifətinin labirintlərində vizuallaşmış obrazlara çevrilən və yalnız sosial şəbəkələrdə fəaliyyət göstərən "partiya"ların mənsubları olublar. Həmin adamları mitinqə sürəkli "hər şeyə və hamıya qarşı çıxmaq" kompleksinin təkan verdiyi istəklə yanaşı, "Görən, nə olacaq?" sualına cavab tapmaqdı.

Mitinqə qatılanlar arasında qonorarlı müxalifətçilər də az deyildi. Belələrini ən müxtəlif partiyaların, təşkilatların aksiyalarında görmək olar: onlar üçün kimin nə istədiyi və nə dediyi yox, nə qədər pul verdiyi şərtdir.
"Məhsul"dakı mitinqlə bağlı qonorarın məbləği çox olmayıb - cəmi 20 manat.
Və bu 20 manatın müqabilində həm mitinqə yollanıb vaxt öldürmək, həm də fotokameralar qarşısında "mətin müxalifətçi" kimir görünmək muzdlu müxalifətçi tabanına sərf edir. Ən azı ona görə ki, belələri sonradan xarici ölkələrdən birinə mühacirət edib siyasi sığınacaq istəyəndə həmişə "mitinq albomu"nu göstərirlər.

 

 

İcazəsiz aksiyalar zamanı polislə yanaşı durub az qala selfi çəkdirənlər, qışqırıb-bağıranda və buna görə polis tərəfindən aparılanda isə gülümsəyən insanların simalarındakı absurd, hətta paradoksal ifadələrin kökü də sonradan sığınacaq istəyinin rüşeym halındakı istək emosiyaları ilə izah oluna bilər.
"Məhsul"dakı mitinq bir daha göstərdi ki, AXCP sədri Əli Kərimli və mitinqə qatılmayaraq növbəti dəfə keşiş Qaponluq edən Milli Şura rəhbəri Cəmil Həsənli cəmiyyətin istəklərini, sosiumun çağırışlarını anlamır - cəmiyyət də siyasi tarixin kunst-kamerasında mum maneken olası bu fərdləri qəbul etmir, etmək də istəmir.

 

"Məhsul"dakı ritorika, tribunaya çıxıb danışanların leksikonu onillər boyu müşahidə edilən siyasi demaqogiya, məntiqdən çox uzaq ritorika, emosiyalara xitabdı.
Ən başlıcası isə Cəmil Həsənlinin
qatılmadığı mitinqdə tribunaya çıxanların isterik, hədsiz pafoslu çıxışları bütünlükllə inkarçı idi və hakimiyyətlə hər hansı formada dialoqu, adekvat müzakirələri birmənalı şəkildə rədd edirdi. 

Əli Kərimli, deyəsən, hələ də anlamayıb və ya anlaya bilmir ki, cəmiyyət onu dəstəkləmir, AXCP funksionerlərinin bitmək bilməyən verbal isteriyası qıcıq yaradır və bu da Milli Şura liderlərinin bəlaəğətli açıqlamalarının tam tərsinə olaraq cəmiyyətdə bu fiqurlara qarşı kəskin antipatiya yaradıb.

Əli Kərimli və Cəmil Həsənlinin siyasətçilər təki perspektivsizliklərinin kökündə də koqnitiv dissonans durur.
Ən nəhayət, Əli Kərimlinin siyasəti kimi qürub etdiyini də söyləmək olar, çünki o, özünü ABŞ və Avropa Birliyinə meylli, dünyəvi Türkiyəni dəstəkləyən adam kimi göstərməyə çalışsa da, sentyabrın 11-dəki mitinqdə Azərbaycandakı radikal dini qruplaşmaları dəstəkləyən şüarlar və çağırışlar yetərincə idi.

Dini qruplara aşkar mesajlar ünvanlayaraq onlardan dəstək gözləyən AXCP sədri Əli Kərimli çox komik duruma düşməklə yanaşı,təhlükəli seçim etdiyinin fərqindədirmi?! Gerçəkdənmi o, dərk etmir ki, radikal dini qruplara verilən dəstəklə siyasi ambisiyalarını təmin etməyə çalışan siyasətçilər bütün hallarda məğlub olur, həmin qrupların şikarına çevrilirlər?!
Heyhat, görünən budur ki, AXCP sədri hələ də öz kiçik illüziyaları aləmindədir.

Halbuki reallıq belə xəyallarda gərdiş edənləri qəbul etmir və günlərin birində ən yaxın tərəfdarları belə illüzor liderdən soruşa bilərlər: "Xudayar bəy, yalanlar yetməzmi?!"

Eynən cəmiyyət təki.

Orxan Hun
Milli.Az

Oxşar xəbərlər