Xəbər lenti
Bütün xəbərlər

Usubovla görüşdən sonra istefaya göndərilən nazir...

  • 01 sen 2016, 21:20
Dünən axşam Ankarada hərəkətli saatlar yaşandı. 3 ildir Daxili işlər naziri vəzifəsində çalışan Efkan Ala vəzifəsindən istefa verib. Baş nazir Binəli Yıldırım, onun istefasını qəbul edərək, Efkan Alanın yerinə Əmək və sosial müdafiəsi naziri Süleyman Soylunu, Əmək və Sosial Müdafiə Nazirliyinə isə hakim AK Partiyanın icraçı katibi olan Bursa millət vəkili Mehmet Müezzinoğlunu təyib edib. 
Qeyd edək ki, Efqan Ala dünən istefasından qabaq nazir kimi son protokol görüşünü Türkiyədə səfərdə olan Azərbaycanın Daxili işlər naziri Ramil Usubovla keçirib. Bu məqam Azərbaycanda Türkiyə hökumətindəki kadr dəyişikliyinə marağı daha da  artırıb. 

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən istefa və yeni təyinatlarla bağlı müxtəlif şərhlər mövcuddur. Belə ki, hadisənin ən diqqət çəkən məqamlarından biri kadr dəyişikliklərinin Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Binəli Yıldırımın dünən proqramdankənar görüşündən sonra reallaşmasıdır. Ərdoğan  dünən günortadan sonra Soylu və Müezzinoğlu ilə ayrı-ayrılıqda görüş keçirib. Bu danışıqlardan sonra Əfqan Alanın və Milli Təhsil Nazirliyində yüksək vəzifədə olan qardaşı Atif Alanı vəzifədən ayrılacağı məlumatı yayılıb. Hadisələrin bu cür cərəyan etməsi vəzifə dəyişikli ilə bağlı tələbin Ərdoğandan gəldiyi və bu axşam başlayacaq Çin, onun ardından ABŞ ziyarətləri əvvəlində düyməyə basması ilə bağlı şərhlər var. Türkiyə prezidenti Ərdoğan 17-24 sentyabrda ABŞ-da səfərdə olacaq. O,  BMT Baş Assambleyasının iclasında iştirak edəcək.

Türkiyə mətbuatının yazdığına görə kadr dəyişikliyindən hətta nazirlər belə Binəli Yıldırımla Ərdoğanın görüşdən sonra ictimaiyyət üçün verdiyi açıqlamadan xəbər tutublar. Prezident Ərdoğan ilə Yıldırımın proqramdankənar görüşü 18.52-də müəyyənləşib. Ərdoğan, Avropa Xarici Əlaqələr Şurasının üzvü və İsveçin sabiq baş naziri Karl Bildtlə görüşü bitən kimi prezident sarayında Yıldırımı qəbul edib. 

Təxminən 25 dəqiqə davam edən görüşün ardınca isə B.Yıldırımın kameralar qarşısında 1 dəqiqə çıxış edərək aşağıdakı açıqlamanı verib: "Daxili İşlər Nazirimiz, Bursa Millət vəkili Efkan Alanın istefasıyla boşalan nazirliyə Əmək və Sosial Müdafiə Naziri, Trabzon Millət vəkili Süleyman Soylu, boşalan Əmək və Sosial Təhlükəsizlik Nazirliyinə da AK partiyasından Bursa Millət vəkili Dr. Mehmet Müezzinoğlu təyin edilmişdir. İctimaiyyətə bu məlumatları bildirirəm. Daxili İşlər Nazirliyindən istefa verən Efkan Ala nazirimizə etdiyi xidmətlərə görə təşəkkür edirəm. Vəzifələrinə təyin olunmuş nazirlərimizə isə uğurlar diləyirəm".

Sürpriz istefanın əsas səbəbinin isə Türkiyə prezidentinin FETÖ ilə mübarizənin sürətindən və koordinasiya mövzusundakı uyğunsuzluqdan məmnun qalmaması ilə bağlı olduğu barədə rəylər var. 
AK Partiya çevrəsində hesab edirlər ki, Efkan Alanın bir müddət əvvəl söylədiyi, 17-25 dekabrda 81 təhlükəsizlik müdirinin 74-nünün, polis rəislərinin hamısının, 7 min istihbaratçıdan 6 min 500-ünün FETÖ-yə mənsub olması ilə bağlı şərhi də narahatlıq yaradıb. Həmçinin hakim partiyada hesab edirlər ki, iyul ayında Türkiyədə dövlət çevrilişi zamanı Efkan Ala ilə uzun müddət əlaqə saxlamaq mümkün olmayıb. Nazir isə həmin vaxt Ərzurumdan təyyarə ilə Ankaraya çatmağa çalışdığını açıqlamışdı. 

İstefa ilə bağlı daha bir rəy var. Bildirilir ki, HDP yetkililəri ilə Dolmabahçe görüşməsinə iştirak edən üç şəxsdən ikisi Baş nazirin köməkçisi Yalçın Akdoğan və Mahir Ünal daha əvvəl işdən çıxarılmışdı. Görüşdə iştirak edən üçüncü şəxs isə Efkan Aladır. 

Qeyd edək ki, 2012 tarixində AK Partiyaya üzv olan Süleyman Soylu  17-25 dekabr hadisələrindən bu yana FETÖ ilə mübarizədə aktiv görünməsi və çevrilişə cəhd gecəsi Ankarada küçəyə çıxaraq TRT-nin əsas binasında çevrilişçilərə qarşı çıxması ilə diqqət çəkən şəxslərdən olub. S.Soylu son 22 ildə təyin olunmuş 22-ci daxili işlər naziridir.
Oxşar xəbərlər