ANS-lə bağlı prezidentə müraciət edildi

  • 12 avq 2016, 17:31
Dünya Azərbaycanlıları Assambleyası ANS-in yayımının bərpası ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

Admiral.Az-ın məlumatına görə, müraciətdə prezidentin hər zaman mətbuata dəstəyi, jurnalistlərin mənzil probleminin həlli üçün atdığı addımlar, yazılı mediaya maliyyə dəstəyi ayırması xüsusi olaraq qeyd edilib. Daha sonra dünya azərbaycanlıları adından Prezidentə müraciət edilərək ANS-in fəaliyyətinin bərpasına dəstək olması xahiş edilir.

Müraciətin mətnini olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti,

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri Zati – Aliləri

Cənab İlham Əliyevə

Dünya Azərbaycanlıları Assambleyasının

Müraciəti

Hörmətli Cənab Prezident,

İlk öncə sizi dünyanın dörd bir yanına səpələnmiş həmvətənlilərimiz və  Dünya Azərbaycanlıları Assambleyasının bütün üzvləri adından ən səmimi salam və sevgilərimi göndərirəm.

Sizə müraciətim, anlaşılmazlıq səbəbi olmuş, bir hadisə ilə yayımı dayandırımış ANS TV və ANS ÇM radiosu ilə bağlıdır . Bildiyiniz kimi bu yayım quruluşu Azərbaycanın ilk yayım qurluşudur. Bugünə Respublikamızın ən ağır və çətin dönəmlərində bu media orqanı hər zaman dövlətimizin və millətimizin yanında olmuşdur. Qərəzsiz, vicdanlı və obyektiv xəbər xidməti ilə dünyada yaşayan soydaşlarımızın etibarlı məlumat qaynağı olmuşdur. Bugünə qədər  dünyanın müxtəlif ölkələrinə səpələnmiş olan bizlər  gündəlik bu media orqanın informasiyalarından istifadə edir, əsas və etibarlı mənbə olaraq xəbər və məlumatları məhz ANS media orqanına daxil olan media yayımından alırdıq.  ANS bizə tariximizin mirasıdır, ANS mərhum tele jurnalist Çingiz Mustafayevin bizə əmanətidir.

Hörmətli Cənab Prezident ,

Sizin mediaya olan qayğınız bizə sirr deyil. Evsiz jurnalistlərin ev şəraitinin yaxşılaşdırılması ilə bağlı gördüyünüz tədbirlər, media orqanlarına dövlət büdcəsindən illik yardımın ayırılması Sizin mediaya olan qayğınızın ən bariz nümunəsidir. Əminəm ki, Siz heç bir media orqanın bağlanmasına , xüsusən ölkəmizin ən çətin anlarında ölkəmizin mənafeyini qoruyan bu yayın quruluşunun fəaliyyətinin dayandırılmasına müsbət yanaşmırsınız. Bunları nəzərə alaraq ANS media və yayım orqanın fəaliyyətinin bərpa edilməsi üçün səlahiyyətinizdən istifadə edərək öz köməkliyinizi göstərmənizi sizdən rica edirəm. Ümid edirəm ki, ANS rəhbərliyi də baş vermiş anlaşılmazlıqları və nöqsanlarını aradan qaldıracaq bundan sonra fəaliyyətini Azərbaycan Respublikası qanunlarına və beynəlxalq hüquq normalarına uyğun formada quracaq,  gələcəkdə hər hansı nöqsanın baş verməməsi üçün öz imkanlarını əsirgəmiyəcəkdir. Bir daha son olaraq dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar adından sizə müraciət edərək bu məsələdə öz dəstəyinizi göstərmənizi, ANS media orqanının yayımın bərpa edilməsinə öz töhfənizi vermənizi rica edirik.
Oxşar xəbərlər