Azərbaycanda hərbi çevriliş tərəfdarlarının incə sənəti - Türkcə (Ruslan Bəşirli yazır)

  • 18 iyul 2016, 18:40

Ruslan Bəşirli

 

Nə baş verir? Doğrudanmı, Azərbaycan cəmiyyətinin bir hissəsi xuntasevər topluma çevrilib? Bu hissə elə Azərbaycan cəmiyyətinin özü üçün də təhlükə deyilmi? Nədir türk millətinin sizdən çəkdikləri, ey saxta demokratlar, saxta millətçilər? 


Qardaş Türkiyədə uzun illərdən sonra bir qrup mütəşəkkil şəkildə hazırlıqlı, hərbi mundir geyinmiş xain, xalqın seçdiyi hökuməti devirmək istəyirdi. Bu dəstə heç də hökumətin ilk anlarda təqdim etdiyi kimi, "kiçik qrup" deyildi. Prosesə Hərbi Hava Qüvvələrinin iki korpusu, Jandarm idarəsi və hətta prezident qvardiyası belə cəlb edilmişdi. Çevriliş cəhdi o qədər incəliklə işlənilmişdi ki, bu çevrilişin əleyhinə çıxan generallar dərhal girov götürülür, hətta Türkiyə ordusunun Baş Qərərgah rəisi Hulusi Akarın ən yaxın ətrafı belə çevrilişin içindəydi. Nəinki Akarın, hətta prezident Tayyib Ərdoğanın 5 hərbi yavəri də bu prosesin iştirakçısı idi. 

Belə bir ağır vaxtda Marmarisdə olan prezident Rəcəb Tayyib Ərdoğan xalqı küçələrə çağırdı. Qısa bir vaxtda Ərdoğanı sevən- sevməyən milyonlarla insan meydanlara axışdı. Dövlətə sadiq polis, MİT və Xüsusi Təyinatlı Qüvvələrin komandanlığı da xainlərin qarşısını almaq üçün əməliyyata başladı. Ərdoğan üçün "Kələki sindromu" yox idi, qaçmaq da onun xarakterinə uyğun deyildi. Bir dövlət üçün belə bir qətiyyətli liderin varlığı həqiqətən də başucalığıdı. 

Fəqət, qiyamçılar da bu müddətdə etdiklərini etmişdilər. Bu çevriliş cəhdi hərbi mundir geyinmiş xainlərin 169 dinc vətəndaşı, 62 polisi öldürməsi, Ankara polis idarəsinin binasına raket atması, tarixində ilk dəfə Türkiyə parlamentinin binasının bombalanması, MİT-in binasının atəşə tutulması, tanklarla vətəndaşların, avtomobillərin üstündən keçilməsi, helikopterlərlə meydanlardakı insanların atəşə tutulması və sairə ilə yadda qaldı. Doğrudur, bəzi hallarda meydanlara çıxmış vətəndaşların çevriliş etməyə çalışan əsgərləri döyməsi faktı da var və mən buna haqq qazandırmıram. Amma sən xalqın verdiyi səsə tüpürüb hansısa qaranlıq odaların təlimatı ilə çevriliş etmək istəyirsənsə və xalq da buna qarşı meydanlarda etiraz edirsə, belə halların baş verməsi də gözləniləndir. Digər tərəfdən Fətullah Gülənə məxsus media orqanları tərəfindən tirajlanan və təsdiqini tapmayan xeyli məlumatlar da mövcuddur. Məsələn, FETO-çu media bir əsgərin başının kəsildiyini iddia edərək, həmin əsgərin fotosunu da yayır. "Başı kəsilən" əsgər fotusunu mediada görür və dərhal reaksiya verir. "Arkadaşlar, vallahi də, billahi də mənim başım kəsilməyib. Bu xəbərləri yayan yalançılardır. Mən sakit şəkildə həyatımı yaşayıram. Oturduğum yerdə məni zibilə salmayın." Belə faktlar, bir deyil, iki deyil. 

Türkiyənin tarixində dövlət çevrilişləri çox olub, ölkənin qanuni seçilmiş baş naziri Adnan Menderes hərbçilər tərəfindən edam edilib. Qardaş ölkənin tarixində qanlı qadalı Kenan Evren hərbi çevrilişi olub.Hər bir çevrilişdən sonra küçələrdə dar ağacları qurulub, insanlar kütləvi şəkildə həbsxanalara doldurulub, siyasi partiyalar, parlament qapadılıb. Bu qanunsuzluq üçün hətta hüquqi zəmin də olub. Nə qədər ziddiyyətli olsa da, konsitutsiya xalqın seçdiyi hakimiyyəti devirmə hüququ verirdi. Lakin AKP iqtidarının hakimiyyətə gəlişindən sonra, bütün siyasi partiyaların istəyi əsasında bu müddəa konsitutsiyadan çıxarıldı. Yəni çevriliş etmək istəyənlər üçün, hüquqi əsas belə yox idi. 

Türkiyə toplumu - Ərdoğanı dəstəkləyən-dəstəkləməyən, sağçısı, solçusu, dindarı, ülküçüsü - hər kəs küçələrə çıxdı və bu çevriliş cəhdinə etiraz etdi. Sosial şəbəkjələrdə bəzi azərbaycanlılarla türklərin mübahisəsi də ürəkağrıdıcıdır. Təsəvvür edin ki, türklər bəzi azərbaycanlılara izah etməyə çalışırlar ki, bizə çevriliş lazım deyil, bu bizi 20 il geri atır. Bəzi "demokrat" azərbaycanlılar isə türklərə çevrilişin gözəl bir şey olduğunu izah etməyə çalışır. Bundan iyrənc bir şey ola bilərmi? 

Bu ölkədə özünü liberal, "demokrat" adlandıran birisi xunta rejimini necə dəstəkləyə bilər, anlaşılan deyil. Bəs Surət Hüseynovun başıpozuq bir sürü narkomanının qarşısında hakimiyyətini "donduran" maxalif partiya sədrinin çevriliş cəhdini dəstəkləməsini necə başa düşmək olar? Parlamentin iclasında Surətin qorxusundan prezidentini satıb, "Mən bu gündən siyasətdən getdim", deyən bu partiya sədrinin saxta "başkəsmə" fotoları ilə hərbi xuntaya dəstək verməsi əxlaqsızlıq deyilmi? Hələ bu şəxsin partiyasının parçalanmaqdan parça-parça olmasını demirəm. Ayıb deyilmi, bəylər? Sizi xuntaçı Surətin əlindən mərhum prezident Heydər Əliyev qurtarmadımı? Yoxsa, bir qrup narkoman sizin üçün küçələrdə dar ağacları qurmayacaqdılarmı? 

Bu bir çevriliş cəhdi idi, xalqın seçdiyi hökuməti, yalnız xalq dəyişə bilər. İstər prezident Ərdoğan olsun, istərsə də bir başqası. Bu istər Türkiyədə olsun, istərsə də digər ölkələrdə. Hərbi çevrilişə dəstək vermək əxlaqsızlıqdır. Ən azı özünü demokrat elan edənlər üçün...
Oxşar xəbərlər