Demokratik TV
Bakıda tutulan ayı balasının sahibi tapıldı: hansı məmurundur?
Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakının Suraxanı rayonunda, "Baku Bus" avtobuslarının saxlanıldığı yerin yaxınlığında ayı balası peyda olub. Fövqəladə Hallar Nazirliyi (FHN) qəhrəman əməkdaşları çətin, amma şərəfli mübarizədən sonra ayı balasını tutmağı bacarıblar.
Bakı zooparkından heyvanın onlara aid olmadığı bildirilib. Bundan sonra isə cəmiyyəti və medianı bu sual düşündürməyə başlayıb: bəs həmin ayı balası kimindir?
Həmin suala bir az sonra qayıdacağıq. Hələliksə üç il öncəyə qayıdaq....
***
2013-cü ildə mətbuatda Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi bina 59-da yaşayan bir qrup sakininin maraqlı bir şikayəti yayılıb. Sitat: "Sözügedən binanın 15-ci mənzilində yaşayan sakin evini sözün həqiqi mənasında heyvanxanaya çevirib. Həmin mənzildə xeyli sayda it saxlayan xanıma buna son qoymağı dəfələrlə xahiş etsək də, tələb və müraciətlərə heç bir məhəl qoyulmayıb. İllərdir ki, səs-küydən, üfunətdən evimizdə rahatlıq tapa bilmirik. Məsələ ondadır ki, bu adam heç heyvanların təmizliyinə və gigiyenik qaydalara da riayət etmir. Aidiyyatı orqanlara da dəfələrlə müraciət etmişik ki, gəlib bu mənzərəni öz gözləri ilə görsünlər. İtlərin üfunətli iyindən bloka belə daxil olmaq mümkün deyil. Qarşıdan isti günlər gəlir. İstilər düşən kimi nəinki bloka, ümumiyyətlə binaya yaxınlaşmaq mümkün olmur. Həftələr, hətta aylarla təmizlənməyən mənzil qonşular üçün cəhənnəm əzabına çevrilib. Dəfələrlə Mənzil İstismar Sahəsinə, Nəsimi Rayon Polis İdarəsinə və Gigiyena və Epidemologiya Mərkəzinə müraciətlər etmişik. Yalnız bir dəfə polislər gələrək itləri mənzildən çıxarıb müvafiq instansiyalara təhvil vermək üçün aparmaq istəyiblər. Lakin son anda polislərə hansısa ünvandan gələn zəng nəticəsində məsələ yarımçıq qalıb və itlər yenidən öz "isti yuvalarına” qayıdıblar. Həmin cins itlər əslində hansısa iki-üç məmura məxsusdur. Həmin xanım da müəyyən məbləğin ödənilməsi qarşılığında o cins itləri saxlayaraq qulluq edir... Məgər məmurların villaları azdır ki, aparıb öz geniş həyətlərində itlərini saxlamırlar?”
***
Ölkə vətəndaşlarının problemlərinə qarşı biganəlik göstərən, özbaşınalıqla məşğul olan məmurlarımızın heyvanlara sevgisi ilə bağlı faktlar kifayət qədərdir.
Əksər iri və orta çaplı məmurların dəbdəbəli malikanələrində Azərbaycan faunasında rastlanmayan və ya çox nadir rastlanan heyvanlar, o cümlədən, pələng, şir, delfin, timsah və s. saxladıqları deyilir.
Bir çox yüksək çinli məmurların ayrı-ayrı heyvanlara qarşı xüsusi məhəbbəti də bir çoxlarına yaxşı məlumdur. Məsələn, "Azərenerji” prezidenti Etibar Pirverdiyevin dəvələrə marağı ilə məşhurdur, hətta onun Kürsəngidə dəvə ferması da var.
Sərhəd Qoşunlarının komandanı, general Elçin Quliyev isə at həvəskarıdır.
Bundan başqa, bir zamanlar AZAL prezidenti Cahangir Əsgərovun Afrikadan müxtəlif növ bahalı heyvanlar alıb özünə zoopark yaratdığı haqda xəbərlər də xeyli poulyar idi.
Vaxtilə isə Heydər Babayev hələ iqtisadi inkişaf naziri postunu tutarkən onun delfin və ekzotik göyərçin növləri saxladığı barədə söz-söhbətlərin arası kəsilmirdi. Yaxud təhsil naziri olarkən Misir Mərdanovun bahalı cins itlər sahibi olduğu barədə məlumatlar yayılmışdı. İnsafən mediaya nisbətən yaxın və yumşaq münasibəti ilə seçilən Mərdanov o vaxt belə xəbərləri təsdiqləməsə də, təkzib də etməmişdi.
Bir sıra məmurlarımız isə ov heyvanlarına və ovçuluğa marağı ilə seçilir. Araşdırmamıza görə, Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Naftalanın sabiq icra başçısı və eks-deputat Musa Musayev, həmçinin Bakıdakı bəzi ali məktəblərin rektorları Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin üzvləridirlər. Xüsusilə Abdin Fərzəliyevin ov həvəsi bitib-tükənməzdir - onun müxtəlif cins ov itlərinin olduğu və dövlət qoruqlarında belə ov etməkdən çəkinmədiyi deyilir.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin ötən illərə dair məlumatlarından belə aydın olur ki, ölkəyə gətirilən diri heyvanlar arasında göyərçindən tutmuş arıya qədər, nə istəsən var. Bunların bir çoxunun da məhz varlılarımızın mini-zooparklarının bəzədiyini isə demək yəqin artıq olardı.
***
Bütün bu yazdıqlarımızdan sonra fikrimizcə, Bakıda qəfil peyda olan ayı balasının sahibinin kimliyi haqqında çox düşünməyə gərək yoxdur. Bir halda ki, həmin heyvan Bakı zooparkına məxsus deyil, deməli, hansısa məmurun, zənginin şəxsi sarayından qaçıb. Hə, bir də gələcəkdə paytaxt küçələrində timsah, şir, pələng, fil, meymun görsəniz, qətiyyən təəccüblənməyin. Onların ayı balasından nələri əksikdir ki?!