Ermənilərin məkrli Azərbaycan planı –prezident İlham Əliyev düşmənin 1 saylı hədəfidir - Faktlar

  • 07 may 2016, 18:24
"Azərbaycanın "Axilles dabanı” İlham Əliyevin hakimiyyəti və onun qalib obrazıdır, onun çöküçünə nail olmalıyıq” - erməni ideoloqu 

"Əliyev hakimiyyətini zəiflədəcək əsas məsələ - şərq təmas xəttində 5-6 kəndi və 
ya heç olmasa, bir rayonu tutmaqla erməni-Azərbaycan sərhədini bir neçə 
kilometr irəli çəkmək... Qısası, İlham Əliyevi nüfuzdan salmaq”

(Erməni ideoloqu)



****

Ermənistanın siyasi-hərbi elitasında, erməni toplumunda və düşmən ölkə KİV-lərində apreldəki 4 günlük savaşdan sonra güclü bir təlaş yaşanır. Bu təlaş ictimai ovqatın daha da bədbinləşməməsi naminə bir çox hallarda ört-basdır edilsə də, Azərbaycanın növbəti və daha böyük hərbi qələbəsinin mümkünlüyündən dolayı narahatlıq özünü hər halda, qabarıq şəkildə büruzə verməkdədir. 


Hazırda qarşı tərəfdə belə bir əndişə haqlı olaraq, Şuşanın işğalının yaxınlaşan ildönümü ilə bağlı yaşanmaqdadır. Azərbaycan Müdafiə Nazirliyinin ildönüm ərəfəsində verdiyi "Düşmən istənilən an qisasa hazır olsun” mesajı işğalçının yuxusunu bir az da qaçırıb. Ordumuzun blits-hərbi zəfəri nəticəsində iqtisadi durumu ilə yanaşı, hərbi potensialının da acınacaqlı olduğu üzə çıxan, ordusuna çağırışçı çatışmayan və artıq erməni qadınlarının da səfərbərliyi təklif edilən Ermənistanın olan–qalan "ağıllı başları” bu üzdən aqoniya vəziyyətindəki cəmiyyət və ölkə üçün təcili çıxış yolları axtarışındadırlar.       

Mümkün çıxış yollarının əsasını isə Azərbaycan və onun hakimiyyəti əleyhinə informasiya savaşını gücləndirmək, ölkəni daxildən bölmək, düşərgələri qarşı-qarşıya qoymaq, hər vəchlə ölkəmizi dünyada gözdən salmaq planları durur. Bu məqsədlə son günlər erməni ideoloqlarının yerli mətbuatda bəzi məkrli planları dərc olunmaqdadır. 

İlk baxışda bu planlar Azərbaycandakı mövcud hakimiyyətin siyasi səhnədən getməsini sürətləndirməyə hesablanmış planlar kimi görünür, amma diqqətlə nəzər salanda bəlli olur ki, əslində hədəf hakimiyyətlə birgə Azərbaycan dövlətçiliyinin də məhvinə nail olmaq, ölkə daxilindi qarışıqlıq yaradıb, bu fonda ermənilərin çoxdan arzuladığı Azərbaycan torpaqlarının ilhaqını rəsmiləşdirməkdir. 
*****
Başqa sözlə desək, erməni tərəfi üçün indi iki böyük düşmən mövcuddur – Azərbaycan və onun indiki iqtidarı, daha dəqiqi, prezident Ilham Əliyev. O da diqqətçəkicidir ki, aprel məğlubiyyətindən sonra erməni ideoloqları 1 nömrəli hədəf qismində məhz Azərbaycanın dövlət başçısını görürlər. 



Belə qənaət hasil olur ki, erməni tərəfi prezident İlham Əliyevin heç vaxt hərbi gücə əl atmayacağına arxayın imişilər. Amma məlumdur ki, 5 apreldən sonra situasiya köklü şəkildə dəyişib və düşmən tərəfin arxayınçılığı ilə bağlı illüziyaları büsbütün yoxa çıxıb. Üstəlik, işğalçı ölkə gözlənilmədən xalqı ilə hakimiyyəti eyni hədəfə köklənən Azərbaycanın növbəti hərbi zəfərinin real olduğunu anlayıb. Odur ki, hərbi qələbənin əsas qarantı – Azərbaycanın Ali Baş Komandanı 1 saylı hədəf qisminə gəlib.
*****
Ermənistan saytları və düşmən ölkənin hərbi nazirliyini sözçüləri, rejimin bütün ideoloqları hazırda müxtəlif dillərdə yayın yapan erməni saytlarında Azərbaycanın prezidentini hədəf alaraq, hətta ölkəmizin daxilində parçalanma yaratmaq, ən önəmlisi, müharibə məsələsində ötən ay özünü göstərmiş hakimiyyət-cəmiyyət yekdilliyini pozmaq üçün maksimum faydalanmaq niyyətlərini açıq şəkildə elan edirlər.  
Ermənilər ümid edir ki, bu yolla Azərbaycanın qarşıdakı hərbi qələbələrinin əhəmiyyətini kiçiltmək, yaxud bu qələbələrin maddiləlşməsini önləmək mümkün olacaq. Düşmən ölkədəki ideoloqlarından biri bugünkü erməni saytlarında  bu xüsusda yazır: "İlham Əliyev bir mühüm məsələdə uğur qazanıb: o, mentalitetə və azərbaycanlıların dəyərlər sisteminə uyğun müasir Şərq dövləti qura bilib. Pisdir, ya yaxşı – ancaq Əliyev sistemi işləyir... Azərbaycan hakimiyyətinin saxlanmasının əsas mənəvi-təbliğati faktoru isə Qarabağın qaytarılması ideyasıdır. Eyni faktor hakimiyyət uğrunda mübarizədə də işləyir. Bəli, Əliyev bu məsələdə uğurludur: o, yaxşı silahlar toplayıb, paradlar zamanı öz silahlı qüvvələrinin qüdrətini nümayiş etdirir, ermənini öldürən adamı (Ramil Səfərov nəzərdə tutulur-red.) qəhrəman kimi ölkəyə gətirdir və bununla da ermənilərin qətlini şirnikləndirir. Bütün bunların nəticəsini isə son zamanlar gördük. Yəni İlham Əliyev sübut etməyə çalışır ki, o, həm ölkənin daxilində, həm də xaricində qalib gələ bilir. O, sübut elədi ki, müharibəni başlamağı və hücum etməyi də bacarır...” Təbii ki, düşmən saytlarında prezident Əliyevin əleyhinə kəskin ifadələr də var və bütün fikirlər heş də bu abzasdakı kimi deyil. 

Erməni ideoloqa görə, İlham Əliyev bu ruhda da davam edəcək: "O, güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratı təyinetməni əsas götürən Minsk Qrupu formatında danışıqlar aparacaq, öz xalqına isə açıq şəkildə bildirəcək ki, Qarabağ həmişə Azərbaycanın tərkibində olacaq və təkcə Dağlıq Qarabağ deyil, Zəngəzur da Azərbaycana məxsusdur və Azərbaycan problemləri həmişə hərbi yolla həll edəcək. Əliyev sübut elədi ki, o, beynəlxalq münasibətlərdə etibarlı subyekt deyil. Başa düşmək lazımdır ki, o, niyə bu yolu seçib. 
Əslində onun başqa çıxış yolu da yoxdur. O, keçmişdən nəticə çıxararaq anlayır ki, hakimiyyəti itirsə, hər şeyi itirəcək. Odur ki, hakimiyyəti saxlamaq üçün hər şey edəcək, başqa sözlə, Qarabağdan imtina etməyəcək”.

"Bəs yaranmış vəziyyətdə Azərbaycanla necə hərəkət etməli”, - deyə erməni ideoloq sual edir və özü də cavab verməyə çalışır: "K. Fon Klauzeviç deyirdi ki, "Qələbə qazanmaq istəyirsizsə, düşməni ürəyindən vurun”. Azərbaycanın "Axilles dabanı” İlham Əliyevin hakimiyyəti və onun qalib obrazıdır. Bizim hərəkətlərimiz də Əliyev hakimiyyətinin çöküşünə, onu daxildə gözdən salmağa və hakimiyyət uğrunda mübarizəni şiddətləndirməyə yönəlməlidir. Xarici aləmdə isə aşağıdakı iki istiqamətdə dəqiq işləmək lazımdır:  

1.Qərb istiqaməti: bütün mümkün və qeyri-mümkün vasitələrlə Qərbin "əsas silahı”ndan – Əliyevə qarşı demokratiya və insan haqları məsələsindən istifadə eləmək. İlham Əliyev obrazını erməni diasporunun əsas hədəfinə çevirmək, bütün bunları isə Dağlıq Qarabağın beynəlxalq miqyasda tanınması prosesində birləşdirmək lazımdır.

2. Rusiya istiqaməti: bütün mümkün dövlət, ictimai və ekspert resurslarından istifadə edib erməni-Rusiya hərbi-əlaqələrinin strateji xarakterini qabartmaq, Türkiyə-Azərbaycan tandemini vurmaq üçün imkan daxilində bunu Rusiya cəmiyyətinə daha yaxşı şəkildə təlqin eləmək. Rusiya xalqının "qəlbini və könlünü” fəth eləmək vacibdir.


Nəhayət, Əliyev hakimiyyətini zəiflədəcək əsas məsələ - şərq təmas xəttində 5-6 kəndi və ya heç olmasa, bir rayonu tutmaqla erməni-Azərbaycan sərhədini bir neçə kilometr irəli çəkmək... Qısası, İlham Əliyevi nüfuzdan salmaq, Azərbaycan xalqını isə ayıltmaq lazımdır – 1990-ci illərin nümunəsindəki kimi. Ayrı yol yoxdur”

***** 
Göründüyü kimi, əsas hədəf əslində prezident İlham Əliyevlə birgə Azərbaycan dövlətinin özüdür. Yəqin ki, hakimiyyət də daxil, ölkənin siyasi qüvvələrinin hamısı bu kimi məkrli planları nəzərə alacaq.