"Ermənilər Talışdan qaçır, vəziyyət gərgindir"

  • 03 may 2016, 21:34

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində məskunlaşan ermənilər evlərini qoyub qaçır. Onlar Ermənistana gedirlər. ANS PRESS-in məlumatına görə, artıq 90 erməni ailə Talış kəndindəki evlərini tərk edib. Bu haqda Talış kəndindəki erməni icmasının əlaqələndiricisi Slava Bayunst bildirib.

"Aprel müharibəsindən sonra Talış kəndində yaşayan 90 ailə, yəni 370 insan Ermənistanda sığınmaq üçün evlər axtarıb. Onlar problemin həlli üçün hətta hökumətə məktub da göndəriblər". 

Bayunstun sözlərinə görə, aprelin 20-dək Talışda evlərini tərk edənlər üçün heç bir tədbir görülməyib. Onlar üçün müəyyən addımlar hələ indi-indi atılır. "Talışdan gələnlərə sığınacaq, müavinət lazımdır. Onların təqaüdləri Ermənistanda verilməli, bəziləri işə düzəlməlidirlər. Hamı əmlakını Talışda qoyaraq çıxıb, evləri də, torpaqları da, işləri də orada qalıb. İndi bu ailələrdən cəmi 5-10 nəfəri Ermənistanda ev ala bilər, amma qalanları özləri-özlərini təmin edə bilməyəcək", - deyərək Azərbaycanın işğal edilən torpaqlarından qaçan ermənilərin acınacaqlı vəziyyətindən danışıb. 

İndi qaçan əhalinin bir hissəsi qohumlarının evlərində yaşayır. 90 ailədən 12-si İrəvanda, qalanları isə şəhərdən kənar ərazilərdə məskunlaşıb. "Ailələr istənilən yerdə yaşamağa razıdırlar, yetər ki, sığınmağa yerləri olsun. Yardımın bir hissəsini BMT-nin "Missiya Ermənistan" ofisi edib. Bir hissəsinin isə kim tərəfindən olunacağını hələ də gözləyirik", - deyə icma nümayəndəsi əlavə edib. 

Slava Bayunst eyni zamanda vurğulayıb ki, ailələr Ermənistanın baş naziri və ərazi idarəetmə nazirliklərinə müraciət ediblər. O, hazırda yataqxanalarda da yerlərin olmadığını və bunun suriyalı ermənilərin axını ilə bağlı olduğunu söyləyib.

Oxşar xəbərlər