İrandan Qarabağ təklifi: “Azərbaycan və Ermənistan qəbul etsə...”

  • 10 apr 2016, 14:32
"Azərbaycan bizimlə eyni dil, eyni məzhəbli ölkədir, bu ölkə ilə bizim çox oxşarlığımız var”.
 
APA xəbər verir ki, bu sözləri İranın ali lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkənin Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti deyib.
 
Qarabağda baş verən son toqquşmalardan danışan Ə.Ə.Vilayəti bildirib ki, Azərbaycan və Ermənistan İranın vasitəçiliyini qəbul edərsə, Rusiya və digər ölkələrin yardımı ilə iki ölkə davamlı sülh əldə edə bilər: "İki qonşu ölkəmiz arasında münaqişənin baş verməsindən narahatıq, münaqişənin sülh və danışıqlar yolu ilə həllini istəyirik. Atəşkəsin pozulması və hər iki tərəfdən insanların öldürülməsi problemi həll etməyəcək. İran regionda yeni münaqişənin yaranmasını istəmir”.
 
Ə.Ə.Vilayəti ABŞ-ın Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsini istəməsinə münasibət bildirərək, deyib ki, Əsədin getməsini istəmək şərti İranın "qırmızı xəttidir”.
 
"Amerikalılar deyirlər ki, Əsəd getməlidir, bizim mövqeyimiz isə belədir ki, o,Suriyanın qanuni prezidenti kimi prezidentlik müddətinin sonuna kimi qalmalıdır. Əsədin getməsi şərti bizim üçün "qırmızı xət”dir və biz onu müdafiə edirik”, - deyə Vilayəti qeyd edib.
 
 
O, İranla əməkdaşlıq edən və İslam Respublikasının mənafeyinə uyğun mövqe sərgiləyən hər bir ölkəni dəstəkləyirlər: "Rusiya ilə də bizim çox oxşarlığımız var. Hər iki ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq olunur, Xəzərdə su sərhədimiz var. Suriyada iki ölkənin son əməkdaşlığı göstərdi ki, strateji əlaqələr həqiqətə daha yaxındır”.
 
Vilayəti deyib ki, Rusiyanın Suriya məsələsində iştirakı ilə İran və Rusiya arasında müştərək və regional, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq yaranıb.
 
Demokratik.Az
Oxşar xəbərlər