“Ermənistan-Azərbaycan münaqişəsi regional təhlükəsizlik üçün əsas təhdiddir”

  • 06 apr 2016, 20:20
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb və münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.
 
Həmçinin Azərbaycan və İranın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfələri önə çəkilib, 5-6 aprel tarixlərində Xəzər dənizinin hüquqi statusuna dair Xəzəryanı dövlətlərin Bakıda keçirilmiş iclasının əhəmiyyəti qeyd olunub.
 
Azərbaycan və İran arasında iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, iki ölkəni birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
 
E. Məmmədyarov İranda keçirilmiş Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin dördüncü görüşünün əhəmiyyətinə toxunaraq, üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığının regional inkişafa xidmət etdiyini qeyd edib. O, Ermənistan-Azərbaycan münaqişəsinin regional sülh və təhlükəsizlik üçün əsas təhdid doğurduğunu diqqətə çatdırıb. Nazir beynəlxalq ictimaiyyətin mövcud "status-kvo”nun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini bildirərək, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu vurğulayıb.
 
İ. Rəhimpur isə Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu söyləyərək, əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. O, ölkəsinin regional sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə İranın da öz töhfəsini verməyə hazır olduğunu bildirib.
 
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.