Ən çox vəzifədə qalan icra başçısı kimdi? – SİYAHI
2016-cı il martın 3-də Ilham Əliyevin sərəncamı ilə Cəbrayıl Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılan Mahmud Quliyev 15 ildən çox idi həmin postu tuturdu. O, Cəbrayıl Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə Heydər Əliyevin prezidentliyi dövründə, 2000-ci il dekabrın 18-də təyin olunmuşdu.
Hazırda Xocalı Rayon Icra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci il dekabrın 21-dən bu vəzifədədir.
Malik Isaqov 8 sentyabr 2001-ci ildən, Heydər Əliyevin prezidentliyi vaxtından Qubadlı Rayon Icra Hakimiyyətinin başçısıdır.
Transparency.az bildirir ki, icra başçısı postunda daha əvvəldən çalışan şəxs var. Eyvaz Hüseynov Xocavənd Rayon Icra Hakimiyyətinin başçısı postuna 1992-ci il iyulun 2-də, Əbülfəz Elçibəyin prezidentliyi zamanı təyinat alıb.
Paytaxt Bakının icra başçısı Hacıbala Abutalıbov 2001-ci il yanvarın 30-dan bu postdadır.
Bakı rayonlarından Xəzərin icra başçısı Gülağa Islamov 1995-ci ilin yanvar ayında həmin vəzifəyə təyin edilib.
Ilqar Abbasov 2005-ci ildən Suraxanının, Razim Məmmədov 2006-cı ildən Xətainin icra başçısıdır.
Nərimanovun icra başçısı Abdin Fərzəliyev 2005-ci ildə, Yasamalın icra başçısı Ibrahim Mehdiyev 2006-cı ildə təyin olunublar.
Şirvan şəhərinə rəhbərlik edən Mərdan Camalov 2005-ci ildə icra başçısı postuna təyinat alıb.
Transparency.az bəzi başqa rayonlar üzrə siyahını da təqdim edir:
Ağcabədi – Şahin Məmmədov, 2005-ci ildən
Ağsu – Ənvər Seyidəliyev, 2007-ci ildən
Cəlilabad – Əziz Əzizov, 2006-cı ildən
Göygöl – Arif Seyidov, 2006-cı ildən
Hacıqabul – Əhməd Muxtarov, 2006-cı ildən
Xaçmaz – Şəmsəddin Xanbabayev, 2004-cü ildən
Qusar – Şair Alxasov, 2007-ci ildən
Lerik – Rövşən Bağırov, 2007-ci ildən
Saatlı – Siraqəddin Cabbarov, 2008-ci ildən
Şabran – Novruz Novruzov, 2007-ci ildən
Tovuz – Tofiq Zeynalov, 2007-ci ildən
Zərdab – Lütvəli Babayev, 2007-ci ildən.
Azərbaycan Respublikası Konstitusiyasına görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin və vəzifədən azad edir.
"Yerli icra hakimiyyətləri haqqında” əsasnamədə qeyd edilir ki, icra başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır, onun tapşırıqlarını, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir.
Icra başçısının vəzifələri sırasında müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin etmək; müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin etmək kimi vəzifələr durur.
Demokratik.Az