Beynəlxalq Suriya danışıqları Moskva və Ankaranı qarşı-qarşıya gətirdi – iplər qopur

  • 28 yan 2016, 20:02
Yanvarın 29-da Cenevrədə keçiriləcək Suriya danışıqları onsuz da gərgin olan Moskva-Ankara münasibətlərini daha da gərginləşdirdi. Məsələ burasındadır ki, Rusiya və Türkiyə Cenevrə konfransına qatılan qruplarla bağlı əks mövqe ortaya qoyub. Moskva Səudiyyə Ərəbistanında toplanan Bəşər Əsədin müxaliflərinin içərisindən İslam Ordusu adlı qruplaşmanın lideri Məhəmməd Alluşun Cenevrədə tərəf kimi iştirakına qarşı çıxdı. 

Türkiyə isə PKK-nın Suriya qanadı hesab olunan PYD/YPG-nin Cenevrədə kürdlərin təmsilçisi kimi iştirakına qarı çıxıb. Baş nazir Davudoğlu deyib ki, kürdlərin Suriyanın gələcək taleyinin müəyyən olunmasında iştirakı vacibdir. Lakin Suriya kürdlərini PYD/YPG deyil, başqa kürd qrupları təmsil etməlidir. Baş nazir YPG-nin PKK ilə eyni mahiyyətdə olduğunu və bu səbəbdən də Ankaranın Cenevrədə PYD-nin iştirakına qarşı olduğunu bəyanlayıb. 

Yeri gəlmişkən, xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, PYD iştirak edərsə, Ankara tədbiri boykot edəcək. Bundan sonra təşkilatçılar türklərin təpkilərini nəzərə alaraq PYD-yə olan dəvətnaməni ləğv ediblər. Buna cavab olaraq, kürdləri Cenevrədə təmsil edəcək Suriyada (Amerika tərəfindən) yaradılmış və kürdlər də daxil olmaqla, azlıq qrupların birləşdiyi Suriya Demokratik Məclisinin sədri Heysəm Mənna da Cenevrəni boykot edəcəklərini bildirib. 


Rusiya isə İslam Ordusu qruplaşmasının və Əhrar əş-Şam qruplaşmasının təmsilçisi Məhəmməd Alluşun Cenevrədəki tədbirə qatılmasına təpki göstərib. Moskva Alluşun qruplaşmasının terrorçu siyahısına saldığını və danışıqlarda onların iştirakına qarşı olduğunu bəyan edib. Eyni zamanda Moskva Cenevrədə kürdlərin təmsilçisi olaraq PYD/YPG-nin iştirakının vacib olduğunu bəyan edib. Xarici işlər naziri Sergey Lavrov kürdlərin dəvət edilməsinin vacib olduğunu deyib. 

Beləliklə, artıq Cenevrədə danışıqlar masasında oturacaq qüvvələr məlum olub. BMT baş katibinin Suriya münaqişəsi üzrə özəl təmsilçisi Stefan de Mistura 15 müxalif qrupa dəvət məktubu göndərib. Cenevrədə Suriya hökumətini xarici işlər naziri Vəlid Muallim təmsil edəcək. Dəvət edilən müxaliflər Suriya Demokratik Məclisinin həmsədri Heysəm Mənna, Suriyanın keçmiş baş nazir müavini, müxalif Kadri Cəmil, Suriya XİN keçmiş sözçüsü Cihad Maqdisi, Suriya silahlı müxalifətinin sözçüsü, keçmiş baş nazir Riyad Hicab, Azad Suriya Ordusunun komandiri Əsəd əz-Zubi, İslam Ordusu qruplaşması təmsilçisi Məhəmməd Aluş, Əhrar əş-Şam qruplaşmasının bir təmsilçisi iştirak edəcək. Sonuncu iki nəfər "müstəqil müxalifət” olaraq iştirak edəcəklər. 


PYD-nin toplantıya dəvət edilməməsi həm Rusiyada, həm də kürdlərdə ciddi etirazla qarşılanıb. PYD həmsədri Saleh Müslim bəyan edib ki, kürdlər toplantının nəticələrini tanımayacaq. Bununla da hələ başlamamışdan Cenevrə ətrafında anlaşılmazlıqlar ortaya çıxıb. Rusiya və Türkiyə arasında gərginlik diplomatik danışıqlara da təsirini göstərir. Eyni zamanda ABŞ-ın döyüş sahəsində çox yaxından əməkdaşlıq etdiyi kürdləri diplomatik proseslərə qatılmasına qarşı olması da maraq doğurur. Bütün bunlar artıq başlamadan Cenevrə danışıqlarının müsbət yekununa olan ümidləri azaldır. Lakin istənilən halda Suriyada savaşan tərəflərin böyük bir qisminin (hələlik İŞİD və kürdlər istisna olmaqla – K.R.) bir araya gəlməsi müsbət haldır. 

Kənan Rövşənoğlu
Musavat.com
Oxşar xəbərlər