Prezident məmurları “Mercedes”lərdən düşüb “NazLifan”lara minməyə çağırdı

  • 26 yan 2016, 19:04
Regionların inkişafı proqramının gedişinə dair müşavirədəki çıxışında prezident İlham Əliyev korrupsiya probleminə də toxunub.

Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır: "Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. "ASAN xidmət” mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur”.

İlham Əliyev daha sonra məmurları xalqa xidmət etməyə çağırıb. Onun sözlərin görə, hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. "Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.

Azərbaycan prezidenti deyib ki, Naxçıvanda avtomobil zavodu var: "Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.

Xatırladaq ki, Naxçıvandakı avtomobil zavodu Çinin "Lifan” şirkəti ilə birlikdə "NazLifan” markalı avtomobillər yığır. Bu avtomobillər indiyədək əsasən əlillərə dövlət tərəfindən pulsuz paylanırdı. Azərbaycan məmurları isə əsasən "Mercedes” və BMW markalı limuzinlərə, habelə "Lexus”lara və digər bahalı markalara üstünlük verirlər.
Oxşar xəbərlər