İcra Hakimiyyəti bu kəndi "işğal"dan azad etməyə tələsmir-Goranboyda

  • 06 yan 2016, 22:54
Goranboyun dağ kəndlərində yollar buz bağlayıb. Bunlardan biri də Ballı Qaya kəndidir. Kənd sakinlərinin şikayətinə görə, hazırda enişə düşmək və ya qalxmaq mümkün deyil.

"Qarlı vaxtlarda kəndə yalnız NİVA və UAZ markalı maşınlar qalxa bilir. Onda da bəzən maşınlar sürüşüb yolun alt tərəfinə düşür. İndi isə yol buz bağladığına görə, heç bir maşın bu yolu nə düşə, nə də qalxa bilər. Təsəvvür edin ki, bir nəfər xəstələnsə, onu rayon mərkəzinə aparmaq olmayacaq”,-deyə şikayətdə qeyd edilir. Həmçinin bildirirlər ki, kənddə tikilən tibb məntəqəsində də həkim əvəzinə ailə yaşayır:  "Kənddə ərzaq da qurtara bilər, başqa problemlər də ola bilər, başqa yerlərə getmək istəyən və ya kəndə gəlmək istəyən adamlar da ola bilər. Ona görə də rayon rəhbərliyindən xahiş edirik ki, müvafiq qurumlara tapşırıq versinlər ki, yuxarı dağ kəndlərinin yollarına qum və ya duz töksünlər, nəqliyyatın hərəkəti üçün yolları açsınlar”.

Sakinlərin göndərdiyi şəkillərdən də göründüyü kimi, kəndin içindəki avtomobil yolunun fəaliyyətini qar və buz mümkünsüz edib.