Çap xərcləri 25% artdı

  • 06 yan 2016, 22:32
Azərbaycan Nəşriyyatı çap xərclərinin artıdığına dair redaksiyalara məktub göndərib. 

 

Nəşriyyatın baş direktoru Ağabəy Əsgərovun imzası ilə göndərilən məktubda qeyd olunur ki, respublikaya gətirilən bütün növ poliqrafiya materiallarının qiymətləri kəskin artıdığı üçün nəşriyyat çap xərclərinə dəyişiklik etmək məcburiyyətindədir. Yanvarın 5-dən etibarən çap xərcləri 25% artırılır. Həmin tarixdən çap xərcləri yeni qiymətlərlə ödənilməlidir.

Qiymət artımı özünü hər bir sahədə açıq-aşkar göstərməkdədir. Manatın devalvasiyası qəzetlərin çapına da təsirsiz ötüşməyəcək. "Azadlıq” qəzetinin dünənki sayında qəzetin satış qiymətinin 60 qəpiyə qaldırılması ilə bağlı elan yerləşdirilərək, qiymət artımına məcburiyyət qarşısında gedildiyi və bunun bilavasitə manatın ikinci devalvasiyasından sonrakı bahalaşma ilə əlaqəli olduğu bildirilib.

Şübhəsiz ki, manatın ucuzlaşması və dolların kəskin bahalaşması qəzetlərin xərclərini də birə beş artırıb.
Təbii haldır ki, bəzi qəzetlər vəziyyətdən çıxış yolu kimi qiymət artımını labüd hesab edir. Onlar bunu ilk növbədə kağızın, mətbəə xərclərinin və digər zəruri xərclərin qiymətinin artması ilə əlaqələndirirlər.

Məsələ ilə bağlı "Azərbaycan” nəşriyyatının baş direktorunun müavini Bəsti İsmayılova Modern.az saytına bildirib ki, qiymət artımı gözləniləndir.

O, bildirib ki, bütün sahələrdə olduğu kimi, nəşriyyat işində də qiymət artımı müşahidə oluna bilər:

" Hələ ki bu barədə qərar qəbul edilməyib, amma qiymət artımı da istisna olunmur. Nəzərə alsaq ki, bütün poliqrafiya materialları xaricdən gətirilir və xarici bazarlarda qiymətlər orta hesabla 35-40 faiz artıb, o zaman deyə bilərik ki, qiymət artımı qaçılmazdır. Belə olan halda çap xərclərinin artması da təbiidir ”