Fazil Məmmədovun nazirliyinin qərarı ciddi narazılıq doğurdu

  • 27 noy 2015, 22:31
Dayələrdən, repetitorlardan, ev və avtomobil təmiri ilə məşğul olanlardan, ustalardan… vergi yığılması nə vəd edir?

Bir müddət əvvəl vergilər nazirinin birinci müavini Natiq Əmirovun dayələrin, repetitorların, ustaların, ev təmiri və ya avtomobil təmiri ilə məşğul olanların, tərcümə xidmətləri göstərənlərin, cangüdənlər və başqa bir qrup şəxslərin sadələşdirilmiş formada vergiyə cəlb ediləcəyi barədə çıxışı ölkə ictimaiyyətində və insanlar arasında heç də birmənalı qarşılanmayıb.

Əhalinin bəzi hissəsi və bir qrup mütəxəssislər düşünür ki, hazırda vergi ödəməyən şəxslərin sadələşdirilmiş vergiyə cəlb edilməsi doğru addım deyil. Ev tikintisi ilə məşğul olan Behbud Məmmədov deyib ki, o, bu vaxta qədər vergi ödəmədən ailəsini min bir əziyyət bahasına güclə dolandırır. Çünki ev sahiblərindən təmirə görə aldığı qonarar onun ailə ehtiyaclarına güclə çatır: "Mən onsuzda ailəmi güclə dolandırıram. 4 uşağım var. İndi bunlar da deyir ki, vergi ödə. Əvvəllər uşaq pulu dediyimiz "9 məmməd" (İndiki pulla 1.80 AZN - red.) məbləğində pul verirdilər ki, uşaqlarınızın ehtiyaclarını qarşılayın. Mənim uşağım ac qalanda dövlət müəsisələri hansısa yardım göstərirmi, yaxud da işsiz olduğumda işlə təmin edirmi ki, məndən hansısa vergi tələb edirlər? Mən öz hesabıma güclə iş tapıram və istəyərəm ki, belə bir qanun qəbul edilməsin. Həm də mənim işimə kim nəzarət edəcək ki, işləyib-işləmədiyimi də bilsin?", -deyə usta B. Məmmədov bildirib.
Ancaq Behbud Məmmədovdan fərqli düşünənlər də var. Şəhər sakini Seymur Əlizadə deyir ki, verginin ödənilməsi gələcəkdə çox pensiya ala bilmək üçün çox müsbət bir haldır: "Düşünürəm ki, Azərbaycan Respublikasının ərazisində yaşayan hər bir vətəndaş vergi ödəməlidir. Bu əslində bizim özümüz üçün çox müsbət haldır. Nə qədər çox vergi ödənsə o qədər çox pensiya alacağıq. Vaxtilə vergi ödəməyən şəxslər hazırda yaşa görə minimum pensiya alırlar. Ancaq vergi ödənsə, onu ödəyən şəxs həm yaşa görə, həm də əmək qabiliyyətinə görə pensiya alacaq ki, bu da normal yaşayış üçün kifayət edəcək bir məbləğ olacaq. Mən bu addımın atılmasını müsbət qiymətləndirirəm", deyə şəhər sakini bildirdi. 
İqtisadçı ekspert, Mərkəzi Bankın keçmiş şöbə rəisi Əkrəm Həsənov da vətəndaşların sadələşdirilmiş vergiyə cəlb edilməsinə qarşıdır: "Elə peşələr var ki, vergi müfəttişləri vətəndaşın gəlirini hesablamaq iqtidarında deyil. Məsələn, götürək repetitorları. Vergi müfəttişi repetitorun nə qədər qazandığını, hansı evə gedib şagirdlərə dərs verdiyini necə müəyyən etsin? Belə peşələri ümumiyyətlə vergidən azad etmək lazımdır". 
Oxşar mənzərə bu günlərdə Türkiyənin Qaziantep vilayətinin kəndlərindən birində yaşanıb. Kəndə düşən meteoritin qırıntıları birdən- birə turistlərin marağını çəkib, kənd sakinləri qırıntıları sataraq əməlli-başlı pul qazanıb. Bəziləri hətta maşın alıb. Bu, vergi xidmətinin diqqətini cəlb edib və kəndə gələrək vergi tələb ediblər. Amma kənd camaatının vergini hansı sənəd əsasında ödəyəcəyi məsələsi gündəmə gəlib və heç bir əsas tapa bilməyiblər. Buna görə də vergi işçiləri kəndi tərk etməli olublar. 
İqtisadçı Nicat Hacızadə isə vətəndaşların sadələşdirilmiş vergiyə cəlb edilməsini müsbət hal hesab edir. Onun sözlərinə görə, əgər müəllimlər repititorluq fəaliyyətini hansısa şirkət yaradıb, həmin şirkət daxilində həyata keçirirlərsə onlar hüquqi şəxs, fərdi şəkildə həyata keçirirlərsə, fiziki şəxs hesab edilirlər. Buna görə də həmin şəxslər öz gəlirlərini açıqlamalıdırlar: "Bu addım vergilərin şaxələndirilməsi siyasətidir. Mənfəət və gəlir vergisinin çoxaldılması dünyanın bütün ölkələrində mövcuddur ki, əsasən mənfəət və gəlir vergisi üstünlük təşkil etməlidir. Nəzərə almaq lazımdır ki, bu günə qədər də məsələn əlavə dərs deyərək pul qazanan müəllimlərə bir sıra göstərişlər olduğu müddətdə belə həmin şəxslər tərəfindən bu göstərişlərə əməl edilməyib. Bazar iqtisadiyyatı dövründə ölkənin belə bir addım atması labüddür və çox müsbət addımdır".
Lakin ekspert bunun çətin proses olduğunu və mərhələ-mərhələ həyata keçirilməli olduğunu deyir: "Bunun üçün xüsusi monitorinqlər aparılmalıdır. Nəticə əldə edilməlidir ki, ölkədə yuxarıda sadalanan peşələrdən nə qədər insan hazırda vergidən yayınır. Bundan sonra hansısa addım atmaq olar. Ancaq burada xüsusən dayələrin fəaliyyətini qiymətləndirmək çox çətindir. Çünki dayəlik edən şəxsdən dayəlik fəaliyyəti ilə məşğul olub-olmadığı soruşulsa həmin şəxs deyəcək ki, "yox mən qohumumun uşağına baxıram". Çıxış yolu isə odur ki, bu şəxslər könüllü şəkildə fiziki şəxs kimi qeydiyyatdan keçməlidir", - deyə Nicat Hacızadə bildirib.
Dünya təcrübəsinə baxsaq görərik ki, avropa ölkələrində vətəndaşlar könüllü şəkildə fiziki şəxs kimi qeydiyyatdan keçirlər və bunda maraqlıdırlar. Məsələn İngiltərədə işləmə qabiliyyəti yerində olan, ancaq əmək müqaviləsi ilə fəaliyyət göstərməyən peşələrin sahibləri könüllü şəkildə qeydiyyatdan keçirlər. Çünki belə şəxslər işsiz qaldıqda və vergi ödəmədikdə dövlət qurumları həmin vətəndaşın işləməmə səbəbini araşdırır və işsiz olduğu təqdirdə işlə təmin edilir. Çünki burada iki tərəf də maraqlıdır. Vergi alan dövlət aldığı vergiyə görə, verən isə işsiz qalmasının isə dövlət tərəfindən həll edilməsinə görə.
Vergi ödəməyən insanların sadələşdirilmiş vergi ödəyicisinə çevrilməsini normal qayda halına salmaq üçün isə dövlət qurumları ilk növbədə monitorinqlər aparmalı və həmin vətəndaşlar təyin edilməlidir. İkinci olaraq işə götürənlərə dövlət tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmayanlarla əməkdaşlıq etməmələri barədə cəmiyyətə çağırış edilməlidir. Son olaraq isə vergi ödəyicisi olmaq insanlara cəlbedici formada təqdim edilməlidir ki, insanlar özü bu məsələyə maraq göstərsin. İşsiz qaldıqda isə vətəndaş bilməlidir ki, işsiz qaldığı təqdirdə onun arxasında dayanan bir dövlət var. Elə Avropadakı kimi.
Sonda ümid edək ki, vergilər naziri Fazil Məmmədov və onun rəhbərlik etdiyi qurum həm sadə vətəndaşların, həm də ekspertlərin məsələ ilə bağlı narahatlıqlarını nəzərə alacaq və haqqında danışılan addımı atmamışdan əvvəl bu barədə "yüz ölçüb bir biçəcək”. 
Əks halda həmin narahatlıqlar kəskin narazılıqlara da çevrilə bilər. 
Toğrul Əliyev