Elmira Şükürova yerinə qohumunu gətirir - Ağdamda qalmaqal

  • 17 apr 2015, 15:59
"Elmira Şükürova məsuliyyətdən yayınmaq üçün, ərizəsini yazıb. İndi işdən çıxarılmasına baxmayaraq hələ də Ağdam təhsilindən əl çəkmir”


Məlum olduğu kimi 6 aprel 2015-ci ildə Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri Elmira Şükürova tutduğu vəzifədən azad edilib. 17 il bu vəzifəni icra edən Şükürova Maliyyə Nazirliyinin 5 aylıq yoxlaması zamanı, ortaya çıxan milyonlarla manat yeyinti, ciddi nöqsanlar, təhsil şöbəsinin "qohumluq biznesi”nə çevrilməsi faktı ilə tutduğu vəzifədən kənarlaşdırılıb.

"İşdən atıldı, amma…”

AzFakt.com-a Ağdam rayonundan daxil olan son məlumatlara görə, adı davamlı olaraq korrupsiya qalmaqallarında hallanan Elmira Şükürova Kəlbəcər təhsilinə rəhbərlik etmək niyyətinə düşüb: "Elmira Şükürovanın cinayətini, yəni korrupsiyasını Maliyyə Nazirliyi açıb tökdü. Ortada çox ciddi faktlar var. Şükürova işindən azad edilməli idi. Adətən yoxlama nəticəsi müzakirə edildikdən sonra qərar qəbul edilir. Lakin qərar müzakirəyə çıxarılmamış, Şükürova məsuliyyətdən yayınmaq üçün, ərizəsini yazıb. İndi işdən çıxarılmasına baxmayaraq hələ də Ağdamdan əl çəkmir”.

Cinayətin ört basdır edilməsi, "Qohumluq biznesi”nin qorunması

Mənbə bildirir ki, E.Şükürova hazırda nöqsanları ört-basdır eləmək üçün, qollarını çirməyib: "E.Şükürova öz qohumunu Təhsil Şöbəsinin rəhbəri gətirmək üçün səfərbər olub. Beləki, o məsələyə Cavid Qurbanovu da cəlb edib. Hazırda hər tərəfli iş gedir. Vəzifəyə gətirmək istədikləri isə Mətanət Misirxanovadır. O Quzanlıda Körpələr evi-Uşaq Baxçasının müdiridir. E. Şükürovanın isə baldızı qızı Misirxanovanın gəlinidir. Öncə YAP Qadınlar Şurasının rəhbəri seçilməsinə nail olan Şükürova, hazırda onu RTŞ müdiri gətirmək üçün dəridən qabıqdan çıxır”.

Nazirliklər bir-birinə dəydi

Məlumatda deyilir ki, E.Şükürova Cavid Qurbanovu məsələyə cəlb edib: "Şükürova Cavid Qurbanova Ağdamdakı nöqsanların üstünün açılmaması üçün öz qohumlarının ora gətirməyinin vacibliyini deyib. Məsələyə cəlb edilənlər arasında Maliyyə Nazirliyinin İbiş adlı şöbə müdiri də var. Beləki, İbiş Mətanət Misirxanovanın dayısıdır. O Maliyyə nazirinin muavini Azər Bayramovdan xahiş edib ki, qardaşı qızının Ağdam Rayon Təhsil Şöbəsinə gətirilməsi üçün, Təhsil Nazirliyində nazir muavini vəzifəsində işləyən Ceyhun Bayramovdan xahiş etsin. Ceyhun Bayramovda öz növbəsində Mikayıl Cabbarova məlumat verib. İbiş adlı şəxs Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova 500 min manat veriləcəyini vəd edib. Adı çəkilən şəxsləri məsələyə cəlb edən, planı cızan isə E. Şükürovadır”.

Ağdam ziyalıları etiraza qalxır

Verilən məlumatda bildirilir ki, Ağdam Atçılıq Klubunun Rəhbəri Marif Hüseynov də öz gücündən istifadə edir. Mənbə hətta bildirir ki, İcra Başçısı Raqub Məmmədova təzyiq edilir ki, Misirxanova Təhsil Şöbəsinə rəhbər gətirilsin: "Bütün direktorlar baxça müdirəsinin Təhsil Şöbəsinə rəhbər gətirilməsinə etiraz edirlər. Heç kim savadsız və baxçadan çıxmış adamın Ağdam Təhsilinin başına gətirilməsini istəmir. Belə olduğu halda lazım gəlsə yolda bağlayacağıq, istefa da verəcəyik. Elmira Şükürova Ağdam təhsilinin evini yıxdı. İndi onun qohumunun rəhbər gətirilməsini heç kim həzm etməyəcək!”

Qeyd edək ki, Mətanət Misirxanovanın oğlunun adı bir neçə cinayət hadisəsi və həbslərdə hallanır.

Bunu da bildirək ki, Elmira Şükürova bir neçə gün bundan əvvəl işdə buraxdığı ciddi nöqsanlara görə vəzifədən alınıb. Elmira Şükürova 17 il idi ki, Ağdam təhsilinə başçılıq edib. Bu illərdə onun adı bir çox korrupsiya faktlarında hallanıb. Ümumiyyətlə isə Ağdamda son 10 ildə təhsilin səviyyəsi çox aşağı səviyyədə olub və xanım müdirənin adı ayrı-ayrı rayonlarda, adı olub özü olmayan saxta məktəblərin saxlanılmasında hallanıb. Bu yolla isə hər il dövlət büdcəsindən külli miqdarda vəsait mənimsənilib.

Xatırladaq ki, Elmira Şükürova əslən Kəlbəcər rayonundandı. O, Azəbaycan Dəmiryolları ASC-nin sədri Cavid Qurbanovun qohumudur. Elmira Şükürovanın atası Əvəz Şükürov isə 1993-95-ci illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olub. 1995-ci ildə keçmiş Baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərdiyi zamanı qiyamı dəstəklədiyi üçün məqhum prezident Heydər Əliyev tərəfindən vəzifədən alınıb.

Təhsil naziri Mikayıl Cabbarov Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürovanı aprelin 6-da tutduğu vəzifədən azad edib. Uzun illərdir ki, Ağdam təhsilinə rəhbərlik edən şöbə müdirəsinin adı müxtəlif korrupsiya olaylarında hallanıb. Təhsil Şöbəsinin bir neçə ay əvvəl aparılan maliyyə yoxlamalar zamanı ciddi nöqsanları da üzə çıxmışdı.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com
Oxşar xəbərlər