AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı

  • 24 yan 2020, 09:51

32 mindən çox seçki komissiyası üzvü xüsusi treninqlərə cəlb edilib, seçkilərin "exit-poll”u da aparılacaq

Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniyanın başa çatmasına iki həftə qalıb. Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Mərkəzi Seçki Komissiyasının (MSK) saytının məlumatlarına əsasən onlardan 2247 nəfər imza vərəqələri götürüb, 1774 nəfəri imza vərəqələrini qaytara bilib, 1560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb.

Deputatlığa namizədliyi qeydə alınan şəxslərin 360 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir. 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb. 1283 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. Öz təşəbbüsü ilə  namizədliyini irəli sürənlərin 100-ü siyasi partiya üzvləridir.

İndiyə qədər 100-ə yaxın namizəd isə deputatlığa namizədliyini geri götürüb. Beləliklə, namizədlərin sayı 1500-dən aşağı enib.

MSK-nın saytında bütün seçki dairələri üzrə namizədlərin siyahısı yerləşdirilb. Siyahıda apardığımız araşdırmalara əsasən məlum oldu ki, 125 seçki dairəsi içərisində ən çox sayda deputatlığa namizəd 16 saylı Yasamal ikinci seçki dairəsidir. Bu seçki dairəsində 26 deputatlığa namizəd mübarizə aparır.

Ən az sayda deputatlığa namizəd isə 1 saylı Şərur-Sədərək seçki dairəsindədir. Bu seçki dairəsində 3 nəfər deputatlığa namizəd var. 

15 saylı Yasamal birinci seçki dairəsi isə daha çox tanınmış siyasi fiqurların deputatlığa namizəd olduğu dairədir. Bu dairədə 24 namizəd var. Tanınmışlardan Müsavat Partiyasının başqanı Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, AMİP katibi Elşən Mustafayev, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev, "Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev buradan namizəddirlər. 

Ötən bələdiyyə seçkilərində "exit-poll” keçirilməməsinə baxmayaraq 9 fevral parlament seçkilərində "exit-poll” keçiriləcək. Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov yanvarın 23-də bildirib ki, qanunvericiliyə görə səsvermə gününə 20 gün qalmış "exit-poll” keçirmək istəyən təşkilatlar Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. Artıq bununla bağlı müraciətlər MSK-ya daxil olub: "Hazırda MSK bununla bağlı iş aparır. Yaxın günlərdə sənədlərini tam olaraq MSK-ya təqdim edən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək”.

Yanvarın 23-də həmçinin Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan maarifləndirmə proqramı çərçivəsində növbəti irimiqyaslı layihə olan aşağı seçki komissiyaları üçün treninqlərə başlanılıb. Layihə ilə bağlı MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. O bildirib ki, Milli Məclisə seçkilərdə iki mərhələdən ibarət treninq layihəsi hazırlanıb: "Bu gündən başlayaraq dörd gün ard-arda keçiriləcək ”Trenerlər üçün treninq" adlı ilk mərhələ Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən müxtəlif əyani və metodiki vəsaitlərdən istifadə edilməklə praktiki məşğələlər şəklində keçirilir. Hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə 250 yerli treninqlərin bu mərhələsində seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər".

MSK sədrinin müavini qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində ərsəyə gələn treninq layihəsinin əsası hələ 18 il öncə - 2002-ci ildə qoyulub: "Seçkidən-seçkiyə təkmilləşdirilərək 2008-ci ildən etibarən forma və məzmunca daha da genişləndirilən treninqlər mütəmadi qaydada bütün seçkilərdə keçirilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində xüsusilə mühüm rol oynayır. Treninqlərdə seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna halları əyani şəkildə səhnələşdirilməklə iştirakçılara nümayiş etdirilir, həmçinin praktiki məşğələlər zamanı əhatə olunan mövzular geniş müzakirə edilərək ortaya çıxan suallar cavablandırılır.

Layihənin məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq ikinci mərhələsi yanvarın 27-dən başlamaqla, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir həftə-fevralın 2-dək davam edəcək: "Treninqlərin keyfiyyətini artırmaq və səmərəliliyini daha da yüksəltmək məqsəddilə Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin də praktiki formada və 36 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur. Treninqlər zamanı bütün iştirakçılara təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan ”Seçki günü üçün Yaddaş" kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri material və vəsaitlər də təqdim olunacaq. Seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsində olduqca mühüm əhəmiyyət kəsb edən treninq layihəsi, ümumilidə 32000-dən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir".

MSK sədrinin müavininin sözlərinə görə, bu treninqlərin özünəməxsusluğu odur ki, treninqlərin gedişində seçki günü prosesləri əhatə olunur və praktiki məşğələlərə geniş yer verilir. Qanunvericiliyə əsasən ortaya çıxan bir sıra müstəsna hallarla bağlı bir sıra addımlar atılır. Digər tərəfdən, treninqlər kiçik qruplar şəklində olan məntəqə seçki komissiyası üzvlərinə yönəlib: "Biz çalışırıq ki, hər bir qrupda 35-36 məntəqə seçki komissiyası üzvü olsun. Bununla da kiçik qrupların daha interaktiv şəkildə proseslərə qoşulması və praktiki məşğələlər zamanı onların hamısının iştirakı təmin olunsun”.

Bakıda olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçkiqabağı müşahidə missiyasının üzvləri isə Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüş keçirib. Secki-2020.az saytı xəbər verir ki, nümayəndə heyətinin üzvləri daha sonra Milli Məclisin rəhbərliyi və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Görüşlərdə bu il fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunur. 

23 yanvara olan məlumata görə, Milli Məclisə seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər müraciətlərini ünvanlamaqda davam edirlər. MSK sədrinin müavini bildirib ki, beynəlxalq müşahidəçilərin sayının daha da artacağına ümid edirlər: "Bildiyiniz kimi, seçkilərdə bütün respublika ərazisində müşahidə aparmaq üçün ərizələr Mərkəzi Seçki Komissiyasına səsvermə gününə 10 gün qalmışa qədər davam edir. Beynəlxalq müşahidəçilərin də akkreditasiyası həmin günə qədər davam edəcək. Bugünlərdə onların sənədlərinin Mərkəzi Seçki Komissiyasına daxil olması daha da intensivləşəcək”.

Rusiyalı siyasi analitik Oleq Kuznetsov isə bildirib ki, Azərbaycanda parlament seçkilərinə hazırlıq prosesi yüksək ictimai fəallıq şəraitində keçirilir.

Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak edəcəyini bildirən Oleq Kuznetsov deyib ki, seçki qanunvericiliyinə uyğun olaraq çoxlu sayda insan imza toplayaraq namizədlik üçün müraciət edib. Azərbaycan cəmiyyətinin ictimai fəallarının böyük əksəriyyətinin namizədliyi qeydə alınıb.

Analitik qeyd edib ki, namizədliyin irəli sürülməsi və qeydə alınması prosesi qanunla müəyyən edilmiş bütün demokratik prosedurlara tam uyğun həyata keçirilib.

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə "Yeni Müsavat”a bildirib ki, seçki kampaniyası normal davam edir, təbliğat aparmaq üçün normal şərait mövcuddur: "Plakat və digər təbliğat materiallarımız hazırdır. Artıq təbliğat materiallarımızı paylamağa başlamışıq. Yanvarın 24-dən seçicilərlə görüşlərimiz başlayır. İnternet məkanında aparılan sorğulara görə, dairəmizdə reytinqimiz yüksəkdir. Ümumiyyətlə, parlament seçkilərində ən şanlı namizədlərdən biri hesab olunuram. Bunu müxtəlif rəy sorğuları göstərir. Bizə olan müraciətlərə görə deyə bilərəm ki, böyük əksəriyyət mənim çoxdan deputat olmalı olduğumu vurğulayır. 25 ildir Azərbaycan xalqının, köçkün, qaçqınların millət vəkili olduğumu deyirlər. Seçkilərlə bağlı fikrim budur ki, heç kəs qara piara yol verməməli, hər kəs rəqiblərinə hörmətlə yanaşmalı, özünün gördüyü işlərdən, görə biləcəyi işlərdən danışmalıdır.  Mən təbliğatımı bu yöndə qururam. Mən və rəhbərlik etdiyim Qarabağ Azadlıq Təşkilatı həmişə milli maraqlardan çıxış etmişik, indən sonra da elə olacaq. Qarabağ qazilərinin, veteranların, şəhid ailələrinin, məcburi köçkünlərin, gənclərin, yaradıcı insanların, digər təbəqələrin mənim namizədliyimə ciddi dəstəkləri ortadadır. Hesab edirəm ki, bu rəy hər kəs tərəfindən nəzərə alınmalıdır. İmzatoplama mərhələsində heç bir maneə törədilməyib, hər kəsə bərabər şərait yaradılıb, indi də hər hansı təzyiqi, haqsızlığı hiss etmirik. Təbliğatımızı aparmaq üçün normal şərait mövcuddur. Bəzi namizədlər özlərini, olmayan əhəmiyyətlərini qabartmaq üçün guya onlara qarşı təzyiq və sairədən danışırlar. Bunların heç bir əsası yoxdur. İnternet səsverməsində 200 səs ala bilməyənlərin hansısa mənasız iddialarla çıxış etməsi gülüncdür. Meydan açıqdır, kim nəyə qadirdirsə, buyursun göstərsin”.

Oxşar xəbərlər